Bakı sona qədər gedəcək və Moskva buna müdaxilə etməyəcək – Arkovbackend

Bakı sona qədər gedəcək və Moskva buna müdaxilə etməyəcək - Arkov

Soros Fondunun tərbiyə etdiyi Nikol Paşinyan və ətrafı Ermənistanda hakimiyyətdə olduğu illərdə əlindən gələni etdi ki, indi davam edən yeni Qarabağ müharibəsində Rusiya nəinki Ermənistanın gələcəyi naminə özünü “oda-közə” vurmadı, həmçinin öz torpaqlarını qaytarmağa başlayan Azərbaycana təzyiq göstərib onu dayandırmaq üçün heç nə etmədi.

KONKRET.az  Musavat.com-a istinadən xəbər verir ki, bu barədə PolitRUS portalının rəhbəri, tanınmış rusiyalı politoloq Vitali Arkov deyib.

“Bəllidir ki, Paşinyan hələ Ermənistanda hakimiyyətə gəlməzdən əvvəl, müxalifətdə olarkən, ölkənin anti-Rusiya inkişaf kursunun qızğın tərəfdarı idi, Ermənistanın Avrasiya İqtisadi Birliyi və KTMT-dən çıxmasına çağırırdı. Nikol Paşinyan Ermənistanın başına keçən kimi “iki stul”da oturmağa çalışdı. Bir tərəfdən, o, açıq şəkildə Rusiya haqda böyük bir dost, Ermənistanın ondan daima kömək gözlədiyi tərəfdaş kimi danışır, digər tərəfdən isə qərbyönümlü siyasət yürüdür.

Bəzən Ermənistanın hökumət başçısının Rusiya ilə ölkəsinin, az qala, bərabər səviyyəli tərəflər olduğunu göstərməyə necə cəhd etdiyini görürdük. Paşinyanın iqtidarda olduğu dövrdə Ermənistan hakimiyyətinin Rusiyaya qarşı hücumları yaxşı məlumdur. KTMT Baş katibi Yuri Xaçaturova qarşı cinayət işinin açılmasını, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsini, Rusiya şirkətlərinin məhkəməyə verilməsini və ölkədə Rusiya kanallarının yayımının məhdudlaşdırılmasını xatırlamaq kifayətdir”, – deyə analitik qeyd edib.

Politoloq bu yerdə Nikol Paşinyanın hələ də Rusiyaya rəsmi səfərə dəvət almamasını da yada salıb. “Rusiya Cənubi Qafqazdakı qonşusunun daxili siyasətinə müdaxilə etmir. Kimin hakimiyyətdə olacağına da əlbəttə ki, yalnız erməni xalqı qərar verəcək. Bununla belə, Paşinyanın artıq rəhbər kimi legitimliyi məsələsini var. Çünki insanlar 2018-ci ilin mayında səhv etdiklərini getdikcə daha yaxşı başa düşürlər. Ona görə ki, Nikol Paşinyan ölkəsini fəlakətə aparır. O, hələ də beynəlxalq tərəfdaşları ilə pozitiv əlaqələr qura bilməyib. Bütövlükdə ölkəyə normal rəhbərlik etmək qabiliyyətinin olmadığını ortaya qoyub, – deyə Arkov qeyd edib.

Sözünə davam edən politoloq bildirib: “Qarabağ nizamlanmasından danışsaq, məlumdur ki, Ermənistanın öncəki hakimiyyəti onun həllinə razılaşmağa hazır idi. Paşinyan Ermənistana rəhbərlik etdiyi zaman da rəsmi Bakı dialoqa hazır olduğunu açıq bildirdi. Azərbaycanda Ermənistanın yeni hakimiyyətinin konstruktiv mövqe tutacağına inanırdılar.

Amma Nikol Paşinyan Qarabağ nizamlanmasına dair əvvəlki bütün razılaşmaların üstündən xətt çəkdi. Bu gün də Ermənistan rəhbərliyi dağıdıcı mövqe sərgiləməyə davam edir. Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsasən, Ermənistan işğal olunmuş rayonları Azərbaycana qaytarmalı idi. Eyni şeyi ATƏT-in Minsk qrupunun hazırladığı baza prinsipləri tələb edirdi. Ancaq Ermənistan bunu etmədi. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etdi ki, Ermənistan qoşunlarını işğal olunmuş ərazilərdən çıxarsa, Azərbaycan tərəfi danışıqlar masasına oturmağa hazır olacaq. Əliyev, zənnimcə, hərbi əməliyyatların dayandırılması ilə bağlı elə Ermənistanın özü üçün adekvat bir variant təklif etdi. Lakin İrəvan razılaşmadı. Demək yalnız bir yol qalır: Bakı sona qədər gedəcək və bütün əraziləri qaytaracaq. Və Moskva da buna müdaxilə etməyəcək.

Aydındır ki, belə bir vəziyyətdə Paşinyan sadəcə, hər şeyi itirəcək. Ermənistan indi fəlakətin astanasındadır”.

Arkova görə, hazırda Türkiyə və İran kimi regional oyunçular Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştirak etməyə çalışarkən Ermənistan elə bir vəziyyətdə düşməkdədir ki, daha heç kim münaqişənin necə həll ediləcəyi barədə ondan heç nə soruşmayacaq: “Gəlin yada salaq: Vladimir Putin “Valday” Beynəlxalq Klubunun iclasında çıxış edərkən Dağlıq Qarabağ münaqişəsi və bu məsələdə Türkiyə ilə əlaqələrdən danışdı. Prezident bu mövzuda Ankara ilə danışıqların davam etdiyini açıq şəkildə bildirdi. İranın da münaqişəsinin həllinə qoşulmaq istəyi anlaşılandır. İran ərazisi dəfələrlə atəşə məruz qalıb. Bölgədəki heç bir ölkənin müharibəyə ehtiyacı yoxdur. Buna görə regionun aparıcı dövlətləri situasiyanı nizamlamağa çalışırlar. Düşünürəm ki, buna görə Rusiya, Türkiyə və İran, eləcə də Azərbaycan razılığa gələcək və güzəştə gedəcəklər. Eyni zamanda, məhz Paşinyanın personasına görə heç bir şey artıq İrəvanın mövqeyindən asılı olmayacaq. Moskvadakı, Ankaradakı, Tehrandakı, Vaşinqtondakı böyük əmilər nə qərar versə, elə də olacaq. Onlar hansı razılığa gəlsə, Ermənistan əməl etməli olacaq, çünki başqa yolu yoxdur. Yəni indiki vəziyyət göstərir ki, Ermənistan Qarabağ münaqişəsi üzündən bölgədə necə blokadaya alınmışdısa, indi də qeyri-konstruktivliyi səbəbindən səsvermə hüququ olmayan tərəfə olaraq qalır”.

Ekspertin sözlərinə görə, Paşinyan “oyun oynamaqla” özünü küncə sıxıb. “Onun imkanı var idi ki, hər şeyi az qanla həll eləsin. Ancaq görünür, bunda yalnız İrəvanla yox, Vaşinqton da maraqlı deyildi. Dağlıq Qarabağ konfliktinin həlli Rusiyanın da, Azərbaycanın da, Türkiyə və İranın da bölgədəki mövqeləri gücləndirərdi. Üstəlik, Rusiya, Türkiyə və İranın üçtərəfli əməkdaşlıq təcrübəsi var. Və əslində bu, Ermənistan üçün də böyük perspektivlər açardı. Ancaq İrəvan bundan ötrü vaxtında dayanmalı idi. Dayanmadı. Odur ki, indi o, məğlubdur” – Arkov əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*