Rusiya tərəfinin AZAL təyyarəsi ilə bağlı istintaq materiallarını tam şəkildə açıqlamaması Azərbaycan–Rusiya münasibətlərində yeni gərginliklə bağlı müzakirələri gündəmə gətirib. Rusiya tərəfinin AZAL təyyarəsi ilə bağlı istintaq materiallarını açıqlamaması iki ölkə arasında etimad böhranını hansı səviyyəyə qədər dərinləşdirə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, hazırda Azərbaycan ilə Rusiya arasında münasibətlər böhran mərhələsinə daxil olub.
“Rusiya istintaq prosesini yekunlaşdıraraq hadisənin səbəbini hava şəraiti ilə əlaqələndirib və bununla məsuliyyəti öz üzərindən kənarlaşdırmağa çalışıb. AZAL (Azərbaycan Hava Yolları) təyyarəsinin vurulması ilə bağlı daha əvvəl Rusiya prezidenti Vladimir Putin tərəfindən səsləndirilən açıqlamalar fonunda yekun nəticələrin fərqli təqdim olunması suallar doğurur. Məsul şəxslərin cəzalandırılacağı barədə verilən vədlərə baxmayaraq, istintaq materiallarının açıqlanmaması qarşılıqlı etimadı ciddi şəkildə zəiflədir”
Ekspert iddia edir ki, hazırda informasiya müstəvisində də təzyiq elementləri müşahidə olunur və sosial şəbəkələr vasitəsilə kiberhücumların təşkil edildiyi barədə iddialar mövcuddur.
“Azərbaycanın regionda müstəqil siyasət yürütməsi, eləcə də Ermənistanla sülh prosesinin irəliləməsi Moskvanı narahat edən əsas amillərdən biridir. Regionda baş verən digər insidentlər də ümumi gərgin fonu gücləndirir”.
Məhəmməd Əsədullazadənin sözlərinə görə, O, xüsusilə Kiyev şəhərində Azərbaycan səfirliyinin atəşə tutulması hadisəsini xatırladaraq bildirib ki, bütün bu proseslər fonunda Bakı ilə Moskva arasında fundamental problemlər formalaşır.
“İstintaqın şəffaf aparılmaması və nəticələrin tam açıqlanmaması davam edərsə, bu, iki ölkə arasında etimad böhranını daha da dərinləşdirə və münasibətlərin gələcək inkişafına mənfi təsir göstərə bilər”.
Aynurə İsmayıl
KONKRET.az
