Xəbər verdiyimiz kimi Bakı şəhərində və ətraf ərazilərdə yerləşən dövlət orqanları və dövlət adından yaradılan publik hüquqi şəxslərdə bugündən başlayaraq 2 ay müddətində sınaq məqsədilə dəyişkən iş qrafiki tətbiq olunacaq. Bu addım hərəkətin intensivliyini təmin etmək və sıxlığın qarşısını almaq məqsədi daşıyır. Bəs iş qrafiklərinin dəyişməsi ilə əlaqədar Azərbaycan Dəmir Yolları (ADY) QSC hansı tədbirlər görməyə başlayıb? Qatarların hərəkət cədvəlində dəyişiklik edilibmi?
ADY-dən KONKRET.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Dəmir Yolları (ADY) yeni mövsümdən artan sərnişin tələbatının qarşılanması məqsədilə bir sıra yeniliklər həyata keçirir:
“Səfərlərin daha rahat və operativ təşkili məqsədilə 15 sentyabrdan etibarən Xırdalan–Bakı istiqamətində hərəkət vaxtı qısaldılıb. Yeni hərəkət cədvəlinin tətbiqi ilə qatarların yolda olma müddəti 35 dəqiqəyə endirilib. Xırdalan–Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmiryol körpüsünün təmiri ilə əlaqədar 14 sentyabra qədər həmin istiqamətdə səfər müddəti 45 dəqiqə təşkil edirdi. Körpünün təmiri başa çatdıqdan sonra yaxın günlərdə sözügedən istiqamət üzrə sürət həddi bir qədər də artırılacaq, yəni Bakı–Xırdalan istiqaməti üzrə səfər müddəti əvvəlki qaydada 26 dəqiqə təşkil edəcək, eyni zamanda, Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək”.
Qurumdan o da bildirilib ki, bugündən tətbiq edilən yeni qrafikə əsasən, Bakı–Xırdalan–Bakı marşrutu ilə reyslərin sayı 26-dan 32-yə çatdırılıb:
“O cümlədən Xırdalan–Bakı istiqamətində saat 09:17, 10:21, Bakı–Xırdalan istiqamətində saat 20:30 reysi əlavə olunub. Ümumilikdə, Bakı–Xırdalan–Bakı və Bakı–Sumqayıt–Bakı şəhərətrafı qatarlarının gündəlik reys sayı artırılaraq 90-dan 96-ya çatdırılıb. Bu istiqamətdə işlər davam etdirilir”.
Müşviq Tofiqoğlu
KONKRET.az
