Bakının Xəzər rayonunda ağır yol-nəqliyyatı hadisəsi baş verib.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə Qala yolu kimi tanınan ərazidə baş verib.
Xəzər rayonu 10 saylı Təcili Yardım Stansiyasına məxsus Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti avtomobili qorunmayan dəmiryol keçidindən keçib. Bu zaman yük qatarı avtomobili vurub. Təcili yardım briqadasının üzvləri ağır xəsarət alıb. Onlar hadisə şahidlərinin köməkliyi ilə 3 saylı xəstəxanaya aparılıblar.
Yaralılar – həkim, 1984-cü il təvəllüdlü Süleymanova Zərifə Şahin qızı, tibb işçisi, 1972-ci il təvəllüdlü Nəsibov Bayram Kamal oğlu və sürücü, 1957-ci il təvəllüdlü Kərimov Mais Mustafa oğlu xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.
Sürücü Mais Kərimovun ayağı amputasiya olunub.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Qala stansiyasında yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
İlkin araşdırma nəticəsində məlum olub ki, təcili yardım maşınının sürücüsü “Yol hərəkəti haqqında Qanun”un 44-cü maddəsinin tələblərini pozub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
