Bakının Sabunçu rayonunda 30 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
KONKRET.az xəbər verir ki, hadisə rayon ərazisində onların birgə yaşadıqları evdə baş verib.
Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Telman həyat yoldaşı Süsən (adlar şərtidir – red.) ilə mübahisə edib.
Məlum olub ki, hadisə qısqanclıq zəminində baş verib. Telman həyat yoldaşının evin dəhlizində olarkən mobil telefon vasitəsilə başqa şəxslə mesajlaşdığından şübhələnib.
Bu səbəbdən aralarında yaranmış qısqanclıq zəminli mübahisə zamanı o, qadının bədəninə qəsdən bir dəfə təpik vuraraq onu yerə yıxıb. Hadisə nəticəsində zərərçəkmişin sağlamlığı qısa müddətə pozulub.
Faktla bağlı Telmana Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Telman elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmişlə barışıb və onun özünə qarşı heç bir şikayəti və tələbi yoxdur.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən, Telman cinayət məsuliyyətindən azad edilib, barəsində aparılan cinayət təqibinə xitam verilib.\\demokrat.az
