Baku Tv-də bir gün öncə yayımlanmış bir müzakirə qarşımıza çıxdı. Əslində bizə təqdim olunan linkdə müzakirələrin bir qismi əks olunmuşdu. Aparıcı-jurnalist Elçin Əlibəylinin verilişində deputatlar Elman Nəsirov, Hikmət Babaoğlu və tanınmış ekspert Natiq Cəfərli iştirak edirdi. Mövzu isə ABŞ-nin uzun illərdən sonra Türkiyəyə vermək istədiyi F-35 təyyarələri ilə bağlıdır. Diqqətlə baxanda aydın olan bu oldu ki, verilişdə lazımsız, əttökən mübahisə var idi. Millət vəkili Hikmət Babaoğlu həmkarı Elman Nəsirovu divara dirəyir və məcbur edir ki, Türkiyənin KAAN qırıcısı ilə F-35-ləri müqayisə etsin. Elman Nəsirov isə deyir ki, mən bu sahə üzrə mütəxəssis deyiləm. Hikmət Babaoğlu isə bütün vəchlə onun sözünü kəsməyə başlayır. Və sərt şəkildə bildirir ki, əgər bilmirsənsə, niyə danışırsan. Əlbəttə, bu Hikmət Babaoğlunun həmkarına çox məntiqsiz bir iradı idi.
Ümümiyyətlə, televiziya debatları tamaşaçıya yeni bilik verməli, mövzunu aydınlaşdırmalı və ictimai düşüncəyə töhfə verməlidir. Təəssüf ki, Hikmət Babaoğlu ilə Elman Nəsirov arasında yaşanan polemika bunun tam əksini nümayiş etdirdi. Verilişin əsas mövzusu qısa müddətdə arxa plana keçdi, diqqət isə iki deputat arasında yaranan lazımsız söz yarışına yönəldi.
Əslində mübahisənin ən diqqətçəkən məqamı KAAN və F-35-in hansı təyyarənin üstün olması deyildi. Əsas məsələ Elman Nəsirovun verdiyi bir cümlə idi:
“Mən bu sahənin mütəxəssisi deyiləm”.
Normal cəmiyyətlərdə bu cümlə məsuliyyət nümunəsi hesab olunur. Çünki hər mövzu haqqında hökm vermək məcburiyyəti yoxdur. Siyasətçi beynəlxalq münasibətləri, iqtisadiyyatı və ya hüququ yaxşı bilə bilər, lakin hərbi aviasiyanın mühərrikləri, radar sistemləri və texnologiyası barədə ekspert olmaq məcburiyyətində deyil.
Təəssüf ki, Hikmət Babaoğlu bu cavabı qəbul etmək əvəzinə, israrla həmkarını texniki müqayisə aparmağa məcbur etməyə çalışır. Məhz burada debatın məntiqi pozulur.
İnsan bilmədiyini etiraf edəndə onu sıxışdırmaq yox, bu dürüstlüyü qiymətləndirmək lazımdır. Son illər cəmiyyətimizin ən böyük problemlərindən biri də budur. Hamı hər şeydən danışır. Həkim iqtisadiyyatı şərh edir, iqtisadçı tarix yazır, tarixçi hərbi ekspert kimi çıxış edir, siyasətçi isə raket mühəndisi roluna girir. Nəticədə informasiya bolluğu yaranır, amma bilik azalır.
Halbuki inkişaf etmiş ölkələrdə televiziya proqramlarına mövzuya uyğun mütəxəssislər dəvət olunur. Söhbət beşinci nəsil qırıcılardan gedirsə, həmin masada hərbi pilot, aviasiya mühəndisi və ya müdafiə sənayesi üzrə ekspert olmalıdır. Deputatın əsas missiyası isə məsələnin siyasi və geosiyasi tərəflərini izah etməkdir.
Elman Nəsirov məhz bunu etməyə çalışırdı. O, söhbəti Türkiyənin müdafiə sənayesinin inkişafına, strateji baxışına və siyasi aspektlərə yönəltmək istəyirdi. Çünki onun peşə sahəsi budur. Hikmət Babaoğlu isə müzakirəni texniki müstəviyə çəkməkdə israrlı idi. Burada başqa bir problem də ortaya çıxır. Televiziya debatları son illərdə getdikcə daha çox “qarşı tərəfi susdurmaq” yarışına çevrilib. Kim daha yüksək səslə danışdı, kim daha çox söz kəsdi, kim daha sərt ifadə işlətdi – sanki uğur meyarı budur.
Əslində isə intellektual debatın əsas prinsipi dinləməyi bacarmaqdır.
Sözünü kəsmək
arqumentin güclü olduğunu göstərmir. Əksinə, bəzən arqument çatışmazlığını gizlətmək cəhdi kimi görünür. Tamaşaçı emosiyanı yox, məntiqi izləmək istəyir.
Daha vacib sual isə budur: niyə bir deputat digər deputatı mütləq texniki ekspert kimi danışmağa məcbur etməlidir?
Əgər Elman Nəsirov bilmədiyi mövzuda qəti fikir söyləsəydi, bu dəfə də onu məsuliyyətsizlikdə ittiham etmək olardı. Deməli, insanın bilmədiyini etiraf etməsi əslində düzgün davranışdır.
Bu hadisə həm də bir deputatın debat mədəniyyətinin vəziyyətini göstərir.
O ki qaldı verilişə, çox vaxt Elçin Əlibəylinin mövqeyi tamaşaçını maarifləndirmək əvəzinə studiyada qarşıdurma fonu yaradır. Ümumiyyətlə, aparıcılar bəzən müzakirəni mövzuya qaytarmaq əvəzinə gərginliyi artırmağa üstünlük verirlər. Nəticədə tamaşaçı məlumat yox, emosional qarşıdurma izləyir.
Halbuki KAAN layihəsi özü kifayət qədər maraqlı mövzudur. Onun inkişaf mərhələsi, Türkiyənin müdafiə sənayesində qazandığı uğurlar, F-35 proqramı ilə əlaqələr, gələcək perspektivlər saatlarla müzakirə edilə bilərdi. Bunun üçün isə emosiyadan çox fakt, mübahisədən çox ekspertiza lazımdır.
Bəlkə də həmin debatın ən dəyərli cümləsi Elman Nəsirovun “mən mütəxəssis deyiləm” deməsi idi. Çünki bu cümlə cəmiyyətimizdə nadir hallarda eşidilir. Bilmədiyini etiraf etmək zəiflik deyil. Əsl zəiflik bilmədiyini bildiyini göstərməyə çalışmaqdır.
Kaş ki, televiziya ekranlarında daha çox belə səmimi etiraflar eşidəydik və onları istehza ilə deyil, hörmətlə qarşılayaydıq. O zaman həm debatların səviyyəsi yüksələr, həm də cəmiyyət həqiqi ekspertlərlə populist çıxışlar arasındakı fərqi daha asan görə bilərdi.
KONKRET.az-ın Analitik Qrupu
