Çoxmənzilli binalarda dəhliz və pilləkən qəfəsi kimi ümumi istifadə sahələrində sakinlərin icazəsiz quraşdırdığı dolab və digər konstruksiyalarla bağlı problem yenidən gündəmə gəlib.
Nərimanov rayonu ərazisində yerləşən binaların birində MTK tərəfindən sakinlərə xəbərdarlıq edilib. Sakinlərdən keçidləri daraldan konstruksiyaları sökmələri tələb olunub.
Bəs ümumi istifadə sahəsində belə konstruksiyaların sökülməsi barədə qərarı kim verə bilər?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov ümumi sahələrdən istifadə qaydalarına aydınlıq gətirib:
“Belə zəbt hallarına çoxmənzilli binalarda geniş şəkildə rast gəlinir. İlk növbədə, çoxmənzilli binalarda vətəndaşların hüquqları təmin olunmalıdır. Vətəndaş çoxmənzilli binadan mənzil alarkən yalnız həmin mənzilin sahibi olmur. Binanın lift, ümumi istifadə sahələri, pilləkən qəfəsləri, dəhlizlər, həyət və həyətətrafı ərazilər kimi hissələri də həmin mülkiyyətçiyə məxsus ümumi əmlak hesab olunur. Ümumi əmlak olduğuna görə onun idarə edilməsi və bu əmlakla bağlı qərarların qəbul edilməsi sakinlərdən asılıdır. Təəssüf ki, sakinlərin bir çoxu MTK-nın fəaliyyətinin hansı mərhələdə başa çatdığını və bundan sonra müştərək cəmiyyətin yaradılmalı olduğunu bilmir”.
Ekspert bildirib ki, bir çox sakin MTK-nın fəaliyyəti başa çatdıqdan sonra binanın necə idarə olunmalı olduğunu dəqiq bilmir:
“MTK, yəni mənzil-tikinti kooperativi binanın tikintisi məqsədilə yaradılır. Mənzil Məcəlləsinə əsasən, bina istismara qəbul edildikdən sonra tikinti şirkətinin və ya mənzil-tikinti kooperativinin bu funksiyası başa çatır. Bundan sonra sakinlər bir araya gələrək müştərək cəmiyyət yaratmalıdırlar. Müştərək cəmiyyət öz nizamnaməsinə uyğun fəaliyyət göstərir və binada müəyyən qaydalar müəyyənləşdirilir. Yaşayış kompleksində sakinlərin davranış qaydaları, ümumi istifadə sahələrindən istifadə və həmin sahələrlə bağlı qərarlar qanunvericilik çərçivəsində sakinlərin özləri tərəfindən müəyyən edilməlidir”.
Onun sözlərinə görə, ümumi sahədən istifadə avtomatik olaraq qadağan deyil:
“Bloklarda və digər ümumi istifadə sahələrində müxtəlif dolabların, əşyaların və konstruksiyaların yerləşdirilməsi, həmin sahələrin zəbt edilməsi də bu qaydalar çərçivəsində tənzimlənməlidir. Təəssüf ki, vətəndaşların bir çoxu bu məsələlərin hüquqi tərəfini bilmir. Tikinti şirkətləri də bəzən bu məlumatsızlıqdan istifadə edirlər. Ümumi istifadə sahələrindən müxtəlif formalarda istifadə edilməsi hər bir halda qanunla qadağan edilmir. Lakin həmin ərazilərin zəbt edilməsi təhlükəsizlik baxımından problem yaradırsa və ya ümumi istifadəyə mane olursa, bu zaman məsələyə müdaxilə edilməlidir.
Hazırda konkret olaraq belə halların nə qədər geniş yayıldığını demək çətindir. Lakin idarəedici təşkilat bu halların sayının çox olduğunu və ya müəyyən edilmiş normadan artıq olduğunu hesab edirsə, sakinlərə bununla bağlı xəbərdarlıq edə bilər”.
