“Bir də görəcəyik ki, hansısa qərarla aldığımız hava da ödənişlidir” – NK-nın qərarına ETİRAZbackend

"Bir də görəcəyik ki, hansısa qərarla aldığımız hava da ödənişlidir" - NK-nın qərarına ETİRAZ

İçməli su istifadə etmək məqsədilə həyətlərində quyu qazıb xüsusi texniki qurğularla su əldə edən vətəndaşlar buna görə pul ödəməli olacaqlar. Bundan başqa, çaylar, göllər və anbarlardakı sudan istifadə edənlər də ödəniş etməli olacaqlar. Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasında sudan ödənişli istifadə qaydaları”nda bir sıra yeni məsələlər öz əksini tapıb. Bu qaydalar özündə həm təbii mənbələrdən, həm də su təsərrüfatı obyektlərində sudan istifadə ilə bağlı ödənişlərin tətbiqini nəzərdə tutur. Qaydalara görə, çaylardan, göllərdən, anbarlardan, təbii su mənbələrindən istifadə ilə bağlı vətəndaşlar əvvəlcə nazirliyə müraciət edəcəklər və onların qeydiyyatı aparılacaq. Daha sonra isə bu su mənbələrindən istifadə edən fiziki və hüquqi şəxslər müəyyən miqdarda ödəniş etməli olacaqlar. Həyətlərdə olan quyulardan vətəndaşların istifadə etdiyi suyun həcminə görə limit tətbiq edilməsi nəzərdə tutulur.

Bəs görəsən, Nazirlər Kabinetinin yeni qərarı nə dərəcədə düzgündür? Suya görə əlavə ödəniş etmək haqsızlıq deyilmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, yeni qərarın hansı nəzarət və ödəniş mexanizmləri ilə həyata keçiriləcəyi suallar doğurur:

“Bu qərar əhalinin böyük narazılığına səbəb ola bilər. İnsanların illərdir öyrəşdiyi davranış qaydaları var. Suvarma və istehsal sahələrində su resurslarından istifadə üçün əlavə ödəniş nəzərdə tutulub. Məsələ burasındadır ki, istehsal sahələrində texniki sudan istifadə ilə bağlı ayrıca qaydalar var. Onlara sayğaclar qoyulur, müəyyən ödənişlər edilir. Yeni ödəniş mexanizminin necə olacağı bu qərarda öz əksini tapmayıb. Suvarma üçün nəzərdə tutulan suyun 10 kubuna 50 qəpik ödəniş edilir. Bu Tarif Şurasının qaydalarında öz əksini tapıb. Yəni qərarda qaranlıq qalan məqamlar var. Quyu suyundan istifadəyə görə ödənişin necə ölçüləcəyi də məlum deyil. Bu vətəndaşlarla dövlət qurumları arasında narazılığa və ciddi şəkildə müzakirələrə səbəb olacaq. Ən yaxşı halda ildə büdəcəyə 2 milyon manat əlavə vəsait daxil ola bilər. Bu qədər kiçik bir vəsait üçün ciddi sosial narazılıq yaratmağa dəyməz. Ona görə də qərarın işlək olacağını düşünmürəm. Çünki bu çox həssas və ağır məsələdir. Qaydalara uyğun və vətəndaşların məmnun edə biləcək mexanizmin hazırlanacağını düşünmürəm. Əsasnamədə ekoloji tarazlıq və sudan səmərəli istifadə məsələsi xüsusilə qeyd olunub. Əhali özü də bu məsələdə maraqlıdır. Həyət evlərində ən yaxşı halda quyu suyundan əhali öz bağını, bostanını suvarmaq məqsədilə istifadə edir. Bunun nəyi pisdir ki? Əksinə, bu, ərzaq təhülkəsizliyinin bir hissəsidir. Nazirlər Kabineti belə xırda məsələlərlə məşğul olmasa daha yaxşı olar”.

Ekoloq Jurnalistlər Birliyinin sədri Cəmşid Quliyev isə düşünür ki, yeni qaydalar sadə kəndlinin cibinə girməkdir:

“Əhali onsuz da sudan ödənişli istifadə edir. Lakin kimsə həyətində quyudan, yaxud bulaq suyundan istifadə edirsə, buna görə ödəniş etməli deyil. Bu, vətəndaşın konstitusion haqqının pozulması deməkdir. Konstitusiyada qeyd olunur ki, Azərbaycanın yeraltı və yerüstü sərvətləri Azərbaycan xalqına məxsusdur. Ən vacib nemət olan sudan istifadə ödənişli olduğu halda daha bir ödəniş almaq haqqımızın pozulmasıdır. Suyun təchizatı ilə bağlı dövlət xərclərinin qarşılanması üçün vətəndaş ödəniş etməlidir. Lakin həyətimdəki quyu və bulaqdan istifadəyə görə, dövlətə əlavə pul ödəmək absurd bir qərardır. Sudan səmərəli istifadə edilməsi vacibdir. Lakin bunun üçün başqa yollar düşünülərsə, daha yaxşı olar. Yeni qərar əhalinin narazılığına səbəb olacaq. Çünki əhalinin sosial vəziyyəti o qədər də yüksək deyil. Kənd yerində yaşayan insanların öz həyətyanı ərazisində bağ-bostanını suvarmaq üçün ödəniş etmək imkanı olmayacaq. Həmçinin, əgər sayğac yoxdursa, nə dərəcədə şəffaflıq təmin oluna bilər? Arxla gələn çayın suyunu sayğacla ölçmək olmur. Onsuz da regionlarda əhalidən qeyri-qanuni pul tələb edilir. Bu pulların kimin cibinə getdiyi də məlum deyil. Hesab edirəm ki, qərar həmin şəxslərin qeyri-qanuni fəaliyyətinə bir növ bəraət qazandıracaq və onların özbaşınalıq etməsi üçün əsas yaranacaq. Əslində yeni qaydalar sadə kəndlinin cibinə girməkdir. Su həyatdır. İnsanların həyatını ödənişli etmək olmaz. Bir də görəcəyik ki, hansısa qərarla aldığımız hava da pullu olub. Bu qərar həyatın sonu deməkdir”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

  • Aslan
    Mart 30, 2022 - 19:35

    Yaxında sışdığımız poxun kubuna da vergi qoyacaqlar. Amerikada dana fermasında danaların osturub havaya CO2 saldığı kimi vergi bağlanacaq

  • Oxucu
    Mart 30, 2022 - 20:20

    Bakıda suyun qiymətinin Qorxmaz Hüseynovun layihəsi əsasında 100 artırılması Bakıda və bütün ətraf kəndlərdə, xüsusilə də həyət evlərində bütün yüşıllıqların (tərəvəz əkininin), o cümlədən ağacların qurumasına səbəb olub. Guya yaxşılıq etmək istəyirdilər, vurub göz çıxartdılar. Bir neçə ildən sonra Bakıda yaşıllıq qalmayacaq, oksigen çatışmayacaq.
    Həvəsə gələnlər çaylardan və həyət quyularından su götürənləri də ödənişə cəlb etməyə girişiblər. Orta əsrlərdə feodallar da belə edirdilər. Ümumiyyətlə, suyun, qazın, işığın, benzinin və s.-nin qiymətinin dalbadal artırılması əhalinin kasıb hissəsinin belinin qırılmasına gətirib çıxaracaq. Maddi çətinlikdən xəbəri olmayan Tarif Şurasının bu addımının qarşısı yəqin ki, günlərin birində Cənab Prezident tərəfindən qətiyyətlə alınacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*