“Biz onu heç tanımamışıq” – Dağlar kimi vəfalı Mayis Yanardağbackend

"Biz onu heç tanımamışıq" - Dağlar kimi vəfalı Mayis Yanardağ

Çinar boylu, sərvqamətli, saçları qar kimi ağappaq, həmişə səliqə ilə geyinən bu azman kişi çoxsaylı Azərbaycan Dövlət Teleradiosu kollektivinin sayılıb-seçilən veteran əməkdaşlarından birincisidir. İndi belələrinə az-az rast gəlirsən. İlıq nəfəsli bu yaz günlərində keçirdiyi ömür günlərinin belini elə ustalıqla qatlayıb yerə vurdu ki, heç uf da demədi. İndi 90-a doğru yol başlayıb. Göz dəyməsin, müdriklik çağında buz baltası kimi sapsağlamdır. Ağayana oturuşu-duruşu 100 yaşa şəksiz-şübhəsiz çatacağından soraq verir. Söz yox, ömrün arşınını Allah-Təala özü müəyyən edir. Bəni-insanın böyük yaradanın işinə qarışması imkan xaricindədir. Amma bu da danılmaz həqiqətdir: Tanrının bəxş etdiyi ömrü gərək elə yaşayasan ki, sonradan ah-uf edib peşmançılıq çəkməyəsən.

Mayis Yanardağ çoxuna örnək ola biləcək şərəfli bir həyat yolu keçib. Dünyaya göz açdığı Zəngəzur mahalının Murxuz kəndinin şır-şır axan çaylarına, dağlarının gülünə, çiçəyinə minbir arzu-diləklə bağlanıb. Gənclik illərində mədəniyyət sahəsində məsul vəzifələrdə çalışıb. Sovet rejiminin çox üzünü görüb. Raykom İdarəçilik sisteminin isti-soyuğundan keçib. Çox sınaqlara məruz qalıb.

Bununla belə, kreslo xatirinə kiminsə qarşısında əyilməyib, sınmayıb, əksinə, gündən-günə öz gücünə olan inamı, el arasındakı nüfuzu birə-beş artıb. Yerli partiya Sovet rəhbərləri bir çox mühüm mədəni-kütləvi tədbirlərin keçirilməsini ona həvalə edib. Neçə-neçə sözlü-söhbətli, musiqili, nəğməli məclislərin mahir təşkilatçısı olub. Vaxtaşırı paytaxtdan əyalətə qonaq gələn böyük sənəd adamlarının, qüdrətli qələm sahiblərinin “qulluğunda durub”, onlardan çox şey görüb götürüb… Heyif ki…

Dağlar marala qaldı,

Gülü sarala qaldı…

Eehh!.. Mayis müəllimin hər qarışına, hər obasına bələd olduğu, at səyirtdiyi başı qarlı, sinəsi lalalı dağlar marala qalsaydı nə vardı ki?! Dərdə-azara bax, lap əzəldən zəndi-zəhləsi getdiyi nankor qonşuya – erməniyə qaldı o dağlar… Beləcə, çox həmyerlisi kimi, o da Bakıya pənah gətirdi. Bir müddət bekar qaldı, heç işləyəsi halı da yoxuydu – Qarabağın qara baxtı, Qubadlının odlara qalanması korun-korun yandırırdı onu “Vəliyev” familiyasından imtina edib, “Yanardağ” soyadını götürməsi də elə o dönəmdə baş verdi. Dağ boyda adam beləcə dərddən-sərdən yana-yana dönüb oldu Yanardağ! Hamının başına gəlməsə də, gördüyü, eşitdiyi həqiqətdir: tərtəmiz dağ havasına, buz kimi çeşmə suyuna adətkar kənd-kəsək adamının hay-küylü şəhər həyatına uyğunlaşması, pis çıxmasın, cəhənnəm əzabı çəkməyə bərabərdi elə. Üstəlik, hey düşünəsən ki, halal zəhmətin, öz əllərinlə tikib ucaltdığın evin-eşiyin sənin deyil artıq. Bu dərdə necə dözəsən, gecə-gündüz qan ağlayan qərib ürəyinə hansı mərhəm sözlər, kəlmələrlə toxtaqlıq verəsən axı?!

Su gəlsə, sel bilərdim,

Meh əssə, yel bilərdim,

Burda bir oba salsam,

Mən onu el bilərdim.

Beləcə, “dərd əlindən dağa çıxan” Mayis Yanardağ bu boyda şəhərə sığa bilməyib, yanında-yörəsindəki yad adamların soyuq baxışlarından üşənərək baş götürüb dərdiməndlərin yanına – öz el oğlularının ta Sovetlərin vaxtından “özəlləşdirdikləri” Sumqayıta üz tutdu. Burada, ona bir köynək yaxın olan adamların əhatəsində yavaş-yavaş qırışığı açılmağa, üz-gözü gülməyə başladı.

1995-ci ildə tale Yanardağı Dövlət Teleradio Verilişləri Şirkətinə gətirib çıxardı. Qurum rəhbərliyinin ona göstərdiyi diqqət və qayğı sayəsində bir müddət “Telefilm”də çalışdı, sonra radionun “Təhsil proqramları” redaksiyasında işə başladı. Və çox keçmədi ki, özünü geniş dinləyici auditoriyasına bacarıqlı radio jurnalisti kimi tanıda bildi. Çiyin-çiyinə çalışdığı həmkarlarının da böyük rəğbətini qazandı. Artıq neçə ildir Mayis müəllimin “doğma divarlar” arasında fəaliyyət sahəsi dəyişib – o, Teleradionun Xəbərlər redaksiyasında redaktor işləyir. Qoltuğundan qəzet-jurnal, yol çantasından kitab-dəftər əskik olmaz. Aqillərimizin sözüdür, “Dolan bulud boşalacaq”, deyiblər. İlk baxışdan sakit, təmkinli adam təsiri bağışlayan Mayis Yanardağın qartalsayağı müşahidə qabiliyyəti, özünəməxsus təbəssümü, incə yumor hissi var. Amma yaman əsəbi coşan vaxtları da olur. Onun bu çılğınlığı həddən ziyadə həssas olmasından, hər hansı hadisəyə özəl yanaşma tərzindən, böyük vətənpərvərliyindən irəli gəlir. Tərifdən uzaq, tam səmimiyyətlə deyim ki, bu kişinin geniş, gözəl qəlbi var, ürəyi vətən sevgisi ilə döyünür, torpaq nisgiliylə çırpınır. Milli təəssübkeşlik hissi Mayis Yanardağın vətəndaşlıq pasportudur. Bir dəfə də olsa şəxsi problemlərini dilə gətirməz. Milli soyumuzun taleyüklü məsələlərindən söz düşəndə isə uşaq kimi kövrələr, bəzən də dəliqanlı cavanlar kimi əsəblərini cilovlaya bilməyib dağ çayları kimi coşar, bütün “bəndi-bərəni” vurub uçurar…

Bir şakəri də var: hər adama ürək qızdırmaz, hər adamla könül söhbəti başlamaz. Yalnız özünə-sözünə bələd olduğu adamlarla dərdləşər, dostluqda vəfalı olduğu üçün giley-güzarını da vəfalı dostlarla bölüşər. İndiyə kimi xeyli publisistik kitabı (“Niyə gəldim bu dünyaya…”, “Bir ömürdən səhifələr”, “Bir daha çeşmələrdən seçdiklərimiz”, “Bu da axırı”, “İradlarım”, “Mənimlə həmdəm olanlar” və s.) işıq üzü görüb. Bu kitablar maraqlı ömür yolu keçən, dünyanın çox üzünü görən Mayis Yanardağın bir növ öz oxucularına ah-naləsi ilə yanaşı, həm də təlatümlü daxili aləminin bədii güzgüsüdür.

“Mayis Yanardağ istedadlı söz sahibi, görkəmli jurnalist, vətəni addım-addım gəzib, xalqımızın tanınmış ziyalılarını tapıb onları cəmiyyətimizə tanıtdıran, həmişə Azərbaycanın mənəvi problemləri ilə nəfəs alan ziyalıdır. Mayis Yanardağı yaxşı tanımaq üçün onunla yol-yoldaşı olub, həmsöhbət olmaq kifayətdir: “Mən belə soydaşlarımızla fəxr edirəm”. Bu fikirlər sevimli xalq şairimiz Söhrab Tahirə məxsusdur. Yəqin mənimlə razılaşarsınız: Söhrab müəllim kimi müdrik, bir sıra ölkələrdə tanınan o tay – bu tay Azərbaycanımızın fəxri söz ustası hər adam barədə belə danışmaz. Onun şəxsiyyətinə belə yüksək dəyər verməz.

“Mən uzun illərdir ki, Azərbaycan radiosu ilə, şəxsən Sizinlə əməkdaşlıq edirəm. Sizi necə varsınızsa, eləcə də görürəm. Təmənnasız, halal insan, hər kəsə fərdi yanaşan ziyalı, Allah sizi seçib yaradıbdı. Boylu-buxunlu, əzəmətli, daxilən saf və zəngin. Sizi hər görəndə heyrətlənirəm. Ortalığa elə orijinal suallar və məsələlər qoyursunuz ki, onlara cavab vermək hər adamın işi deyil”. (Telman ƏLİYEV, Memarlıq və İnşaat Universitetinin müəllimi, professor).

“Həyatımda çox insanlarla tanış olmuşam. Lakin Mayis Yanardağ kimisinə rast gəlməmişəm. O, çox maraqlı olduğu qədər də qeyri-adi adamdır. Onun fəlsəfi sualları, fikirləri həmişə məni bir ziyalı, bir insan kimi çox düşündürür”. (Alış Qasımov, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin kafedra müdiri, professor).

“Bir filosof kimi, insan problemi məni həmişə düşündürür və bu düşüncələrimin bir hissəsi mənim bir neçə il bundan əvvəl çap etdirdiyim “İnsan haqqında fəlsəfi düşüncələr” kitabında öz ifadəsini tapmışdır. Mən insanın müxtəlif aspektlərinə yaxından tanışam. Mayis müəllimə rast gəldikdən sonra insan haqqında bildiklərimə, düşüncələrimə bir cümlə əlavə etmək istəyirəm: Kaş xalqımızın Mayis müəllim kimi vətənpərvər övladları çox olaydı”. (Əziz MƏMMƏDOV, Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasının professoru).

SSRİ xalqlarının qeyd etdiyi İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 75 illiyi, 9 May Mayis Yanardağın da ad günüdür. Gəlin birlikdə bu şərəfli ömür yolunda ona haqdan dualar diləyək.

Mirzə YUSİF,

AzTV-nin əməkdaşı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*