Dövlətçilik, ictimai məsuliyyət və təbliğat məsələsində əsas sual budur: Tanınmaq kifayətdirmi, yoxsa ictimai etimad da lazımdır?
Bu gün sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bir zamanlar cəmiyyətə təsir etmək üçün televiziya, qəzet və radio kimi ənənəvi media vasitələri əsas platforma sayılırdısa, indi bir telefon kamerası, bir neçə viral video və minlərlə izləyici kifayət edir ki, insan geniş auditoriyanın diqqət mərkəzinə düşsün. Nəticədə yeni bir reallıq yaranıb: cəmiyyətin tanıdığı hər kəsin cəmiyyətə fayda verən şəxs olduğu düşünülür.
Amma burada ciddi bir sual ortaya çıxır: Populyarlıqla ictimai nüfuz arasında hansı fərqlər var?
Son günlərdə qeyri-ciddi kontentlə tanınan bəzi blogerlərin ciddi dövlət və ictimai tədbirlərdə iştirakı ilə bağlı müzakirələr bu sualı yenidən gündəmə gətirib. Məsələ heç də blogerliyin özündə deyil. Problem ondadır ki, bəzən sosial şəbəkədə diqqət çəkmək üçün hər cür yola əl atan, cəmiyyətə faydalı məzmun təqdim etməyən şəxslərlə ictimai məsuliyyət daşıyan, peşəkar fəaliyyəti ilə seçilən insanlar arasında fərq qoyulmur.
Nəticədə isə ictimai dəyərlərlə sosial şəbəkə populyarlığı arasında təhlükəli bir qarışıqlıq yaranır.
Bloger olmaq özlüyündə nə üstünlükdür, nə də qüsur.
Sosial şəbəkələrdə müxtəlif sahələr üzrə fəaliyyət göstərən, maarifləndirici, faydalı və peşəkar məzmun hazırlayan çoxsaylı insanlar var. Onların arasında elm, təhsil, mədəniyyət, səhiyyə, iqtisadiyyat, texnologiya və digər sahələr üzrə cəmiyyətə töhfə verən şəxslər də az deyil.
Belə insanların dövlət tədbirlərinə, ictimai müzakirələrə və təbliğat layihələrinə cəlb olunması tamamilə normaldır. Çünki müasir dövrdə informasiyanın yayılması, auditoriyaya çatdırılması və ictimai maarifləndirmə baxımından sosial media mühüm imkanlar yaradır.
Lakin məsələ izləyici sayına, “layk”lara gəlib dirənəndə vəziyyət dəyişir.
- Bu gün bəzi şəxslərin sosial şəbəkələrdə yüz minlərlə, hətta milyonlarla izləyicisinin olması onların avtomatik olaraq ictimai nüfuz sahibi, fikir lideri və ya dövlətin təbliğat siması olması anlamına gəlmir. İzləyici sayı bir göstəricidir, amma yeganə və əsas meyar ola bilməz. Çünki kütləni əyləndirmək başqa şeydir, cəmiyyətə istiqamət vermək tamam başqa.
Bir insanın videosunun milyonlarla baxış toplaması onun təhsil, dövlətçilik, tarix, milli-mənəvi dəyərlər, ictimai məsuliyyət və ya peşəkar sahələr üzrə fikir bildirmək üçün yetərli hazırlığa malik olduğunu göstərmir. Əgər bu fərq nəzərə alınmırsa, o zaman populyarlıq keyfiyyəti, səs-küy isə məzmunu əvəz etməyə başlayır.
Bu isə cəmiyyət üçün sağlam tendensiya deyil. Ona görə də bizi son günlər bu məsələ düşünürür: Təbliğat üçün blogerlərdən istifadə doğrudurmu? Əlbəttə, doğrudur. Amma bir şərtlə: bloger təbliğat vasitəsi kimi istifadə edilərkən onun yalnız auditoriyası deyil, məzmunu, davranışı, nüfuzu və məsuliyyət anlayışı da nəzərə alınmalıdır.
Müasir informasiya mühitində dövlət və ictimai qurumların sosial media platformalarından istifadə etməsi zəruridir. Gənclərə, geniş auditoriyaya və rəqəmsal platformalarda aktiv olan insanlara çatmaq üçün blogerlərin imkanlarından yararlanmaq faydalı ola bilər.
Məsələn, elm, təhsil, səhiyyə, mədəniyyət, turizm, ekoloji maarifləndirmə, yol hərəkəti təhlükəsizliyi və digər ictimai əhəmiyyətli məsələlərlə bağlı faydalı kontent hazırlayan blogerlərin layihələrə cəlb olunması müsbət nəticə verə bilər.
Ancaq dövlət təbliğatı ilə kommersiya reklamını eyniləşdirmək olmaz.
Bir məhsulun reklamında əsas məqsəd diqqət çəkmək, satışa təsir etmək və auditoriyanı maraqlandırmaqdır. Dövlətçilik, milli dəyərlər və ictimai əhəmiyyətli məsələlərdə isə yanaşma daha ciddi olmalıdır. Burada söhbət yalnız baxış sayından getmir. Söhbət ictimai etimaddan, düzgün mesajdan və dövlət qurumunun nüfuzundan gedir.
Dövlətin, nazirliyin, komitənin və ya digər rəsmi qurumun tədbirinə dəvət olunan şəxs həmin tədbirin ümumi görüntüsünün və ictimai qavrayışının bir hissəsinə çevrilir. Buna görə də seçim zamanı “Bu şəxsin neçə izləyicisi var?” sualı ilə kifayətlənmək yolverilməzdir.
Cənablar, gəlin elə bu suallarla fikirlərimizi dəqiqləşdirək: Tədbirə dəvət edilən blogerlərin cəmiyyətə təqdim etdiyi məzmunun keyfiyyəti necədir? Onların ictimai davranışı və ünsiyyət mədəniyyəti qənaətbəxşdirmi? Dövlət və milli dəyərlərlə bağlı məsələlərdə məsuliyyətli mövqe sərgiləyirlərmi? Belə şəxslər tədbirin mahiyyətinə və səviyyəsinə uyğun gəlirmi? Onların iştirakı nəyi dəyişir? Bu suallar cavablandırılmadan yalnız populyarlığa əsaslanmaq ciddi idarəetmə yanaşması sayıla bilməz.
Təsəvvür edək ki, dövlətçilik, tarix, milli yaddaş və ya ictimai məsuliyyət baxımından mühüm bir tədbir keçirilir. Tədbirdə alimlər, tarixçilər, ziyalılar, jurnalistlər, dövlət nümayəndələri və ictimai xadimlər iştirak edir. Lakin həmin tədbirin ön sıralarında əsas fəaliyyəti əyləncə, qalmaqal, şəxsi həyatın nümayişi və qeyri-ciddi videolarla tanınan bir bloger də yer alır. Burada təbii olaraq sual yaranır: Bu seçim hansı məntiqə əsaslanıb?
Əgər məqsəd həmin şəxsin auditoriyasına çatmaqdırsa, bu, müəyyən dərəcədə başadüşüləndir. Amma ciddi tədbirin ümumi mahiyyəti və ictimai əhəmiyyəti nəzərə alınmadan edilən seçim tədbirin özünə kölgə sala bilər.
Çünki cəmiyyət yalnız tədbirdə səslənən çıxışlara deyil, tədbirin iştirakçılarına da diqqət yetirir. Kimlərin dəvət olunması, kimlərin ön plana çıxarılması, kimlərin dövlət nümayəndələri ilə yanaşı təqdim edilməsi ictimaiyyətə müəyyən mesaj verir. Bəzən həmin mesaj tədbirin əsas məzmunundan daha çox müzakirə olunur.
Əgər tədbirin əsas məqsədi dövlətçilik dəyərlərini, milli tarixi və ictimai məsuliyyəti təbliğ etməkdirsə, orada iştirak edən şəxslərin seçimi də bu məqsədə uyğun olmalıdır. Əks halda, ciddi mövzu ilə qeyri-ciddi təqdimat arasında ziddiyyət yaranır.
Bu ziddiyyət isə ilk növbədə tədbiri təşkil edən qurumun məsuliyyətini gündəmə gətirir.
Ən ciddi problemlərdən biri də bəzi şəxslərin dövlət və ictimai tədbirləri şəxsi tanıtım platformasına çevirməsidir.
Tədbirə dəvət olunan bloger orada iştirak etməklə öz fəaliyyətini, şəxsi brendini və sosial media hesablarını daha da tanıtmaq imkanı qazanır. Bu, müəyyən mənada təbii prosesdir. Lakin həmin şəxsin tədbirin mahiyyətini arxa plana keçirərək əsas diqqəti özünə yönəltməsi artıq etik suallar doğurur.
Bəli, cənablar, orada iştirak edən hər kəs tədbirin məqsədinə hörmət etməli, davranışına diqqət yetirməli və ictimai məsuliyyət daşıdığını anlamalıdır. Xüsusilə milli yaddaş, şəhidlərin xatirəsi, hərbi tarix, dövlətçilik və digər həssas mövzularla bağlı tədbirlərdə bu məsuliyyət daha böyükdür.
Tədbirə dəvət olunmaq bir imtiyaz kimi qəbul edilirsə, həmin imtiyazın qarşılığında məsuliyyət də olmalıdır.
Yoxsa nə baş verir? Cəmiyyət görür ki, bir tərəfdə illərlə təhsil almış, elmi və peşəkar fəaliyyəti ilə seçilən insanlar var, digər tərəfdə isə yalnız sosial şəbəkədə yaratdığı səs-küylə tanınan şəxslər. Və hər ikisi eyni səviyyədə təqdim olunur. Bu zaman cəmiyyətdə haqlı narazılıq yaranır.
Gəlin mövzuya uyğun olaraq belə bir sual verək: Alimlə blogerin yeri niyə eyni olmamalıdır?
Bu sual yanlış anlaşılmamalıdır. Burada söhbət blogerlərin alimlərdən və ya ziyalılardan aşağı tutulmasından getmir. Söhbət müxtəlif fəaliyyət sahələrinin özünəməxsus meyarlarının olması ilə bağlıdır.
Alim elmi fəaliyyəti, tədqiqatları və bilikləri ilə cəmiyyətə töhfə verir. Jurnalist peşəkar fəaliyyəti, araşdırmaları və informasiya məsuliyyəti ilə seçilir. Müəllim təhsil və tərbiyə sahəsində xidmət göstərir. İctimai xadim müəyyən sosial məsuliyyət daşıyır.
Blogerin isə əsas gücü auditoriyası və informasiya yaymaq imkanlarıdır. Bu imkanlar çox dəyərlidir. Lakin onun hansı sahədə, hansı məzmunda və hansı məsuliyyətlə fəaliyyət göstərməsi də vacibdir.
Elmi konfransda alimə, jurnalistika tədbirində peşəkar jurnalistə, mədəniyyət layihəsində sənətçiyə verilən rolun öz meyarları var. Sosial media kampaniyasında isə uyğun blogerin iştirakı faydalı ola bilər. Əgər hər kəs yalnız izləyici sayına görə eyni ictimai nüfuza malik hesab olunursa, o zaman peşəkarlıq, bilik, təcrübə və ictimai xidmət kimi meyarlar dəyərdən düşür.
Bu isə təkcə bloger məsələsi deyil. Bu, cəmiyyətdə dəyər meyarlarının dəyişməsi problemidir.
Əlbəttə, burada məsuliyyəti yalnız blogerlərin üzərinə atmaq düzgün olmaz. Çünki bloger dəvət olunursa, onu dəvət edən qurum var. Tədbirə buraxılırsa, həmin seçimi edən təşkilatçı var. Rəsmi tədbirdə ön plana çıxarılırsa, bunun arxasında müəyyən qərar dayanır. Deməli, əsas sual budur: Dövlət qurumları və ictimai təşkilatlar tədbirlərə iştirakçı seçərkən hansı meyarları rəhbər tuturlar Əgər cavab yalnız “izləyicisi çoxdur” olarsa, bu, kifayət qədər ciddi əsas deyil. Dövlət qurumları cəmiyyətin nüfuz meyarlarının formalaşmasında mühüm rol oynayır. Kimləri dəvət edir, kimləri təqdim edir, kimləri təbliğat layihələrinə cəlb edir – bütün bunlar ictimaiyyət tərəfindən müşahidə olunur. Bu səbəbdən də seçimlər daha məsuliyyətli və şəffaf olmalıdır. Dövlətçilik baxımından əhəmiyyətli tədbirlərdə iştirakçıların seçimi zamanı məzmun keyfiyyəti, davranış və etik məsuliyyəti, mövzuya uyğunluğu, peşəkar hazırlığı, ictimai etimad kimi meyarlar nəzərə alınmalıdır.
Bunlar nəzərə alınarsa, blogerlərin cəlb olunması faydalı əməkdaşlığa çevrilə bilər. Əks halda, bu əməkdaşlıq yalnız görüntü və sosial media statistikası üzərində qurular.
Bir məsələ də var. Müasir dünyada dövlətlər informasiya mübarizəsində sosial mediadan istifadə edir. Bu, reallıqdır. Azərbaycanda da sosial şəbəkələrin ictimai rəyə təsiri danılmazdır. Buna görə də blogerlərlə əməkdaşlıq etmək, onların imkanlarından yararlanmaq və faydalı məzmunun yayılmasını dəstəkləmək təbii ehtiyacdır.
Amma bir məsələni unutmaq olmaz: Dövlətçilik yalnız geniş auditoriyaya mesaj çatdırmaqdan ibarət deyil. Dövlətçilik həm də hansı dəyərlərin önə çəkilməsi, hansı davranışların nümunə kimi təqdim olunması və cəmiyyətə hansı mesajın verilməsi deməkdir. Əgər dövlət tədbirlərində əsas meyar yalnız populyarlıq olarsa, cəmiyyətə belə bir mesaj ötürülə bilər: “Nə qədər çox izləyicin varsa, bir o qədər dəyərlisən”. Bu isə təhlükəli yanaşmadır. Çünki cəmiyyətin inkişafı yalnız məşhurluqla deyil, bilik, zəhmət, peşəkarlıq, vicdan və ictimai xidmətlə təmin olunur. Dövlət qurumları bu dəyərləri qorumağa və təşviq etməyə borcludur.
Bu mənada ciddi dövlət və ictimai tədbirlərdə iştirakçı seçimi zamanı yalnız populyarlığa əsaslanmaq düzgün deyil. Tanınmaq başqa şeydir, nüfuz qazanmaq başqa. İzləyici toplamaq başqa şeydir, ictimai etimad qazanmaq tamam başqa.
Dövlətçilik baxımından mühüm tədbirlərdə seçimlər də bu fərq nəzərə alınmaqla aparılmalıdır.
Əks halda, illərlə zəhmət çəkən alim, müəllim, jurnalist, mədəniyyət xadimi və digər peşəkarlarla yalnız sosial şəbəkədə səs-küy yaradan şəxslər arasında fərq aradan qalxır. Bu isə cəmiyyətin dəyər meyarlarına mənfi təsir göstərir.
Dövlət qurumları öz tədbirlərinin səviyyəsinə və nüfuzuna diqqət yetirməlidir.
Çünki dövlət tədbirinin dəyəri orada neçə məşhur şəxsin iştirak etməsi ilə deyil, hansı məzmunun, hansı dəyərlərin və hansı mesajın cəmiyyətə çatdırılması ilə ölçülür.
Beləliklə, sosial şəbəkə populyarlığı dövlətçilik meyarına çevrilməməlidir.
Yoxsa, el içində elə belə də deyiləcək: Bu kimi ciddi tədbirlər toy öncəsi keçirilən ciyəraxşamı mərasimlərinə çevrilir.
KONKRET.az-ın analitik qrupu
