Böyük Britaniya NATO-nun Qara dəniz yaxınlığındakı şərq cinahını qorumaq üçün Rumıniyaya altı “Tayfun” döyüş təyyarəsi göndərib.
KONKRET.az xəbər verir ki, bu barədə Britaniya Hərbi Hava Qüvvələrinin saytında bildirilir.
“Missiyada iştirak edən personal istənilən vaxt NATO hava məkanına yaxınlaşan Rusiya təyyarələrinin qarşısını almaq üçün Sürətli Cavab Sistemini işə salmaq üçün gözləmə rejimində olacaq”, – deyə məlumatda bildirilir.
Avqust ayına qədər qırıcılar Konstansa şəhəri yaxınlığındakı Mixail Koqalniçeanu aviabazasından uçuşlar həyata keçirəcək. Qeyd olunur ki, NATO-nun 4 aylıq missiyasında 9-cu Bomba Eskadrilyasının Britaniya təyyarələri və 140-cı Ekspedisiya Hava Qanadının 200-dən çox hərbçisi də iştirak edir.
Bu, ingilislərin Mixail Koqalniçeanu aviabazasında beşinci rotasiyasıdır. Aprelin 9-da orada sertifikatlaşdırma mərasimi keçirilib.
Xatırladaq ki, aprelin 8-də Rumıniyada NATO dəniz qüvvələrinin “Sea Shield 24” təlimi başlayıb. Bolqarıstan, Böyük Britaniya, Yunanıstan, Gürcüstan, İtaliya, Moldova, Niderland, Polşa, Portuqaliya, ABŞ, Türkiyə və Fransa təlimlərdə iştirak edir.
Bu arada Rumıniya 10 minə qədər hərbçi və onların ailə üzvlərini qəbul edə biləcək Avropada ən böyük NATO bazasının tikintisinə başlayıb.
Obyektin sahəsi təqribən 2,8 min hektar, tikintisinin dəyəri 2,5 milyard avro, bazanın ümumi perimetri 30 km olacaq. Hərbi bazanın genişləndirilməsinin birinci mərhələsinin beş ildən sonra başa çatdırılması planlaşdırılır.
Rəsmiyyə Şərifova,
KONKRET.az
