Brüsseldə dövlət başçısı İlham Əliyev İrəvana və Moskvaya açıq mesaj verib: “Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postu olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, o zaman biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır” – dövlət başçısı bildirib”.
Brüssel görüşünü KONKRET.az-a şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Nikol Paşinyanla görüşdə dəhliz məsələsi gündəmə gəlib. Ermənistan bu məsələni müzakirə etmək istəmir. Amma prezident gündəliyi açıqlayıb: “Prezidentin Laçın dəhlizi ilə bağlı mövqeyi xüsusi əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, Ermənistan dəhliz deyil, özü nəzarət etmək niyyətində olduğu yolu vermək istəyirsə, bu, 10 noyabr Birgə Bəyannaməsinin 9-cu bəndinə ziddir. Azərbaycan da haqlı olaraq Laçın dəhlizində post qura bilər”.

Əsədullazadə əlavə edib ki, Rusiyanın mövqeyinə gəldikdə isə, Kreml Ermənistanı bundan sonra dəhlizə məcbur edə bilər. Əks halda isə, Laçın dəhlizi ilə bağlı Rusiya-Azərbaycan münasibətləri kəskinləşə bilər. Bu da Moskvanın marağında deyil.
Müşviq Tofiqoğlu
KONKRET.az
