Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək və Qara dənizdə taxıl tankerləri üçün yaradılacaq təhlükəsiz dəhliz məsələsini müzakirə edəcək. İndi bütün diqqət Lavrovla Çavuşoğlunun görüşünə yönəlib. Çünki limandakı tankerlərdə qalan taxılın dünya bazarına çıxarılması baxımından bu görüşün əhəmiyyəti böyükdür.
Bəs görəsən görüşdə müsbət nəticə ola bilərmi? Ümumiyyətlə taxıl limanlardan dünya bazarlarına çıxarılmasa nə baş verəcək?
Mövzunu KONKRET.az-a politoloq Əlimusa İbrahimov şərh edib. O bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov artıq Ankaradadır və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqları başlayıb: “Müzakirə masasına bir sıra məsələlər çıxarılıb. Bunlardan birincisi ərzaq qıtlığı və Ukrayna portlarında yığılıb qalan 20 milyon tonluq taxılın çıxarılması ilə bağlıdır. İkinci məsələ isə Türkiyənin Suriyada növbəti hərbi əməliyyatlara başlaması haqqında xəbərdarlığıdır. Taxılın Ukrayna limanlarından çıxarılması məsələsində həm Rusiya , həm də Ukrayna eyni dərəcədə maraqlıdır. Çünki Rusiya taxılın dünya bazarına çıxarılmaması fonunda yaranacaq aclığa görə öz adının hallanmamasında maraqlıdır və buna görə də uyğun şərtlər daxilində yolu açmağa hazırdır. Ukrayna da öz növbəsində 20 milyon ton taxıldan əldə olunan vəsaitdən öz əhalisi və müharibə xərcləri üçün istifadə edə bilər. Amma hər iki dövlətin taxılın çıxarılması üçün qeyd-şərtsiz yaşıl işıq yandıracağını da düşünmək düzgün olmazdı. Həm Rusiya, həm də Ukrayna əlverişli şərtlər daxilində taxılın çıxarılmasına razı olduğu barədə bəyanat verir. Bu əlverişli şərtlərin ayrı-ayrılıqda tərəflər üçün nədən ibarət olduğunu demək çətindir”.

Politoloq əlavə edib ki, Rusiya müəyyən sanksiyaların aradan qaldırılmasını şərt kimi irəli sürə bilər: “Ukrayna isə Qərbdən daha ciddi silahlar tələb edir. Bu silahlara hərbi gəmi əleyhinə raketlər daxilldir. Bəzən elə gəlir ki, irəli sürülən şərtlər daxilində taxılın çıxarılması üçün razılıq əldə olunmayacaq. Amma bu, ilk baxışda belədir. Düşünürəm ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu qarşısında duran vəzifənin öhdəsindən bacarıqla gələrək ilkin razılaşmaya nail olacaq. Əks halda dünya ictimaiyyətini ciddi aclıq və Rusiya dövlət xadimlərini isə ciddi qınaq gözləyir”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
