Bu məmurlar da Talıbovun ad günü münasibəti ilə Bakıdan Naxçıvana uçan təyyarədə olub: YENİ ADLARbackend

Bu məmurlar da Talıbovun ad günü münasibəti ilə Bakıdan Naxçıvana uçan təyyarədə olub: YENİ ADLAR

Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən kənarlaşdırılan, orta əsrlərin feodal qəsrlərini xatırladan malikanəsinə sığınaraq aqibətinin necə olacağı haqda düşünən Vasif Talıbov dünən özünün 63-cü yaşına qədəm qoydu. Ancaq ötən yazılarımızda da qeyd etdiyimiz kimi, bu doğum günü əvvəlkilərdən xeyli dərəcədə fərqləndi. Belə ki, bir vaxtlar AZAL-ın təyyarəsi ilə Bakıdan Naxçıvana təbrik üçün uçan məmurlar bu dəfə Talıbova bir telefon zəngini belə çox gördülər. Üstəlik hər il böyük təntənə ilə qeyd edilən “ad günü” məclisləri, bahalı hədiyyələr, şərəfə deyilən tostlar da olmadı. Medianın yazdığına görə, bir vaxtlar Talıbovun sayəsində mal-mülk, vəzifə qazanan bəzi orta ranqlı məmurlara belə “xan” öz malikanəsinin qapılarını açmayıb və təbrikə gələnlərin hədiyyələri qoltuqlarına verilərək geri qaytarılıb. Ancaq bütün bunlar təfərrüatlardır, əsas məsələ vaxtilə Talıbovun ad günü məclislərində iştirak etmək üçün AZAL-ın Naxçıvana uçan təyyarələrində növbəyə dayananların kimliyi ilə bağlıdır.

Məlum olduğu kimi, KONKRET.az silsilə yazılarında bu haqda oxucularına informasiya verməyə çalışır. Artıq AMEA prezidenti İsa Həbibbəylinin hər il Talıbovun ad günü məclislərinə bahalı hədiyyələrlə getdiyinə dair məlumatı daimi oxucularımızla bölüşmüşük.

Bu dəfə isə apardığımız araşdırmalar nəticəsində yeni adlar məlum olub. Belə ki, bir zamanlar Bakıdan Naxçıvana uçan təyyarədə SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayev də yer alıb. Abdullayevin keçmiş “xan”ın ad gününə hansı hədiyyə ilə getdiyini dəqiqləşdirə bilməsək də, belə yüksək ranqlı məmurun öz adına layiq ənam aparması heç kimdə şübhə doğurmur.

Ancaq Rövnəq Abdullayev həmin təyyarədə tək olmayıb. Əldə etdiyimiz məlumatlarda onunla bərabər Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov da Naxçıvana uçan təyyarədə yer alıb və bu barədə dəqiqləşdirmə aparırıq. Bu faktlar adıçəkilən məmurların hər ikisinin Vasif Talıbova xüsusi yaxınlığı ilə seçildiyini sübuta yetirir. Lakin qeyd etdiyimiz adlar aysberqin sadəcə görünən və bizə məlum olan tərəfidir. Digər məmurların kimliyi haqda araşdırmalarımız davam edir. Qısa zamanda bizi şoka salan yeni adların məlum olacağına şübhəmiz yoxdur.

Ardı Var…

KONKRET.az-ın ANALİTİK QRUPU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*