Azərbaycan dili dərsliklərində erməni ordusu humanist ordu kimi göstərildi, cəzalanan olmadı.
Azərbaycan dili dərsliyində şəhid, qazı ailələri dilənçi ilə müqayisə olundu, cəzalanan olmadı.
Azərbaycan dili dərsliyində Hacı Zeynalabdin Tağıyevin şəxsiyyəti kiçik düşürüldü, cəzalanan olmadı.
Azərbaycan dili dərsliyində Nadir şah ibtidai sinif şagirdlərinə qaniçən kimi təqdim edildi, cəzalanan olmadı.
Azərbaycan dili dərsliyində Heydər Əliyevin fikri epiqraf olaraq fransız hekayəsinə qoyuldu, dillənən olmadı.
Azərbaycan dili dərsliyindəki elmi səhvləri hər gün izah edirik, səsini çıxaran yoxdur.
Azərbaycan dili dərsliklərində milli klassik hekayələrə yer yoxdur, Gülən yayınlarının bəsit hekayələri tərcümə edilib verilir, haqq-hesab soran yoxdur.
Azərbaycan dili dərsliklərini yuxarıda sadaladığım bütün antimilli və elmi yanlışlara yol verən şəxslər yazır, bunu görüb dəstəkləyən Nazirlik təhsilin məzmununu pis günə qoyub, tədbir görən yoxdur.
Azərbaycan dili dərsliklərinin mündəricatında Azərbaycanı görmək olmur, bilmirsən, hansı millətin dərsliyidir, buna təəccüblənən belə, yoxdur.
Azərbaycan dili dərsliklərindən Vətən anlayışı çıxarılıb, hiss edən yoxdur.
Azərbaycan dili dərsliklərinə baxanda elə bilirsən, Azərbaycan dili son 10 ildə yaranıb, bunu görən də yoxdur.
Azərbaycan dili dərsliklərində Talibanın zülmü yer alır, erməni terrorunun törətdiyi dəhşətlərə yer yoxdur, dövlət buna da susur.
Azərbaycan dili dərsliklərində üstünlük verilir ingilisə, amerikana, fransıza, türk təfəkkürünə rast gəlmək il-ildən çətinləşir, bu da heç kimi təəccübləndirmir.
Bu məsələlərlə bağlı ETN-ə müraciət edəndə məzmunun kuratoru – rəsmi şəxs Vəfa Yaqublu mənə cavab vermişdi ki, Azərbaycan dili də məhv olacaq, dərsliklər də, bu millət köçəri, mədəniyyətsiz millətdir, ingilis dili, texnologiya inkişaf edəcək. Belə anlamışdım ki, ETN elə gələcək nəsil yetişdirmək istəyir ki, onu hansısa millətin quyruğuna bağlaya bilsin. Bu barədə də dövlət qurumlarına məlumat versəm də, “səni mükafatlandırmaq lazımdır”, – deyib, ETN tərəfindən yerli-dibli çörəyimin kəsilməyinə göz yumdular. O vaxtdan da heç bilmədilər, mənim aqibətim necə oldu, adını çəkdiyim şəxslər isə dəstəkləndilər ki, hələ də təhsilimizi idarə edirlər.
Bütün bunlara səsimi çıxardığım üçün idarə etdiyim şöbə ləğv edildi, bu özbaşınalığa qarşı tədbir görən olmadı!!! Şikayət etdiyim qurumlar qarşımda xəcalət çəkdiklərini deyib əllərindən bir iş gəlmədiyini bildirdilər. Qorxularından mənim nömrələrimi əngəlləyənlər də oldu.
İndi kim qoruyur bizim ölkəni ideoloji təxribatlardan, bax bunu anlaya bilmədim.
Könül Aydın
