Gəncə Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Samir İsrafilovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 6 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, Samir İsrafilov tamah niyyəti ilə iki ayrı epizod üzrə zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə özgənin əmlakını tələb edib.
Hər iki epizodda təqsirləndirilən şəxs əvvəlcə zərərçəkmiş şəxslərlə müxtəlif məsələlərlə bağlı danışıqları mobil telefonu vasitəsilə videogörüntüyə alıb, daha sonra həmin görüntüləri yayacağı ilə hədələyərək pul tələb edib.
Birinci epizod 2024-cü il tarixdə Şirvan şəhərində baş verib.
Belə ki, Samir İsrafilov saat 19 radələrində Şirvan şəhərində yerləşən idarələrin birinin inzibati binasında həmin qurumun direktoru, zərərçəkmiş D.D. (adı, soyadı şərtidir) ilə xidməti otağında kompüter sertifikatının verilməsi ilə bağlı danışıq aparıb. O, həmin danışıq prosesini özünə məxsus “Samsung” markalı mobil telefonla videogörüntüyə alıb.
İstintaqın versiyasına görə, təqsirləndirilən şəxs sonradan həmin görüntüdən zərərçəkmiş şəxsə qarşı hədə-qorxu vasitəsi kimi istifadə etmək qərarına gəlib.
Məlumata görə, həmin gün saat 20 radələrində Gürcüstanın Tbilisi şəhərində olarkən “WhatsApp” mobil tətbiqi vasitəsilə D.D. ilə əlaqə saxlayıb. Telefon danışığı zamanı özünün çəkdiyi videogörüntünü yayaraq onu rüsvay edəcəyi ilə hədələyib və bunun müqabilində 5 000 manat pul tələb edib. D.D. isə həmin məbləği ödəməyə maddi imkanının olmadığını bildirib. Tərəflər arasında aparılan danışıq zamanı əvvəlcə 400 manat, daha sonra isə 600 manat verə biləcəyini deyib.
Təqsirləndirilən şəxs 400 manat məbləğində ödənişə razılaşıb.
Həmin gün saat 21:52-də 400 manat pul zərərçəkmiş şəxs tərəfindən Samir İsrafilovun aid bank kartı hesabına mədaxil edilib. Bundan sonra təqsirləndirilən şəxs yenidən “WhatsApp” vasitəsilə D.D. ilə əlaqə saxlayaraq qalan 600 manatın da həmin bank kartı hesabına köçürülməsini tələb edib.
O, pul ödənilməyəcəyi təqdirdə videogörüntüləri ictimailəşdirəcəyi ilə hədə-qorxu gəlib.
Təqsirləndirilən şəxs daha sonra oxşar üsulla ikinci zərərçəkmiş şəxs – F.F.-ə qarşı da eyni xarakterli əməl törədib.
Hadisə 2024-cü ilin sentyabr ayında Tovuz şəhərində baş verib.
İş materiallarına əsasən, təqsirləndirilən şəxs Tovuz şəhəri, R.Məmmədov küçəsində yerləşən Meşələrin İnkişafı Xidmətinin 2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin inzibati binasında həmin idarənin direktor müavini – baş meşəbəyi, zərərçəkmiş Etibar Səmədov (soyadı şərtidir) ilə xidməti otağında görüşüb. O, guya arı təsərrüfatının olduğunu və arıların saxlanılması üçün meşəlik ərazidən yer ayrılması ilə bağlı zərərçəkmiş şəxslə apardığı danışığı “Samsung” markalı mobil telefonla videogörüntüyə alıb.
Həmin görüntü də sonradan Etibar Səmədova qarşı hədə-qorxu vasitəsi kimi istifadə olunub.
2024-cü ildə saat 12 radələrində Tbilisi şəhərində olan təqsirləndirilən şəxs “WhatsApp” vasitəsilə zərərçəkmiş şəxs ilə əlaqə saxlayıb. Telefon danışığı zamanı videogörüntünü yayaraq onu rüsvay edəcəyi ilə hədələyib və 5 000 manat pul tələb edib.
Etibar Səmədov həmin məbləği ödəməyə maddi imkanının olmadığını bildirib. Danışıq zamanı əvvəlcə 2 000 manat, daha sonra isə 3 000 manat ödəyə biləcəyini deyib.
Təqsirləndirilən şəxs 2 000 manatın ödənilməsinə razılaşıb.
Həmin gün saat 16:39-da 2 000 manat pul zərərçəkmiş şəxs tərəfindən Ağstafa şəhəri, Heydər Əliyev prospektində yerləşən “Ağstafa market” ərzaq mağazasından Samir İsrafilovun bank kartı hesabına mədaxil edilib.
Bundan sonra təqsirləndirilən şəxs yenidən “WhatsApp” vasitəsilə Etibar Səmədovla əlaqə saxlayaraq qalan 3 000 manatın da həmin hesaba köçürülməsini tələb edib. O, pul ödənilməyəcəyi təqdirdə videogörüntüləri ictimailəşdirəcəyi ilə hədə-qorxu gəlib.
İş üzrə Samir İsrafilova Cinayət Məcəlləsinin 12.1 və 182.2.2-ci maddələri ilə ittiham elan olunub.
Məhkəmə istintaqı zamanı o, elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib.
