Kienbaum İnstitutunun apardığı sorğuya görə, 1000-dən çox şirkət rəhbərinin 35%-i süni intellektin tətbiqi səbəbindən 2030-cu ilədək gənc mütəxəssislərin işə qəbulunu azaltmağı planlaşdırır.
KONKRET.az xəbər verir ki, 30 yaşadək ali təhsilli işsizlərin sayı təxminən iki dəfə artıb: 2022-ci ildə orta hesabla 23 min nəfər olduğu halda, 2025-ci ildə bu rəqəm 45 min nəfərə çatıb.
“Bir neçə il əvvəl Almaniyada hələ iki milyon boş iş yeri var idi”, – deyir İşçi Qüvvəsi Bazarı və Peşə Təhsili Tədqiqatları İnstitutunun əməkdaşı Enzo Veber. – “Əslində, xüsusilə karyerasına təzəcə başlayanlar iş seçə bilirdilər”. Onun sözlərinə görə, bir neçə il ərzində əmək bazarındakı vəziyyət xeyli pisləşib. O, bu durumu “yenilənmə böhranı” adlandırır: peşə karyerasına başlamaq istəyən gənclərin həyatını məhz süni intellekt çətinləşdirir.
Süni intellekt getdikcə daha çox rəqəmsal tapşırıqları öz üzərinə götürür, halbuki bu tapşırıqları yaxın vaxtlaradək yeni başlayan mütəxəssislər yerinə yetirirdi. Bu, xüsusilə ofis, inzibati və rutin işlərin payı yüksək olan sahələrdə – məsələn, İT, banklar və sığorta şirkətlərində daha çox müşahidə olunur.
Məsələn, nəhəng Allianz şirkəti bu yaxınlarda Avropa üzrə səyahət sığortası bölməsində 1800-dək iş yerinin ixtisar olunacağını və onların süni intellektlə əvəz ediləcəyini açıqlayıb. Rəqibi Ergo isə yalnız Almaniyada 2030-cu ilədək süni intellektin tətbiqi ilə əlaqədar təxminən 1000 iş yerini ixtisar edəcək.
Rəsmiyyə Şərifova,
KONKRET.az
