İngilis əsirliyindəki alman pilotun inanılmaz taleyi: 1941-ci ildə mübadilə baş tutmadı, 2 il sonra evinə qayıtdıbackend

İngilis əsirliyindəki alman pilotun inanılmaz taleyi: 1941-ci ildə mübadilə baş tutmadı, 2 il sonra evinə qayıtdı

5 oktyabr 1941-ci il. Nyü-Heyven, Şərqi Sasseks. Luftwaffe zabiti Haynts-Georq Möllenbrok hospital gəmisi “Dinard”ın trapından düşərək britaniyalı serjantın müşayiəti ilə sahilə çıxır. O, yaralı hərbçilərin qarşılıqlı dəyişdirilməsi çərçivəsində vətənə qaytarılması gözlənilən alman hərbi əsirlərindən biri idi.

Lakin həmin gün mübadilə baş tutmadı. Əməliyyat son anda ləğv edildi.

Hadisələrin başlanğıcı isə bir il əvvəl baş vermişdi.

16 avqust 1940-cı ildə, cəmi 20 yaşında olan leytenant Haynts-Georq Möllenbrok KG2-nin 3-cü eskadrilyasının tərkibində Kent qraflığındakı Hornçörç aerodromuna hücumda iştirak edirdi.

Temza çayının mənsəbi üzərində alçaq hündürlükdə uçan onun Dornier Do-17Z (U5+LL) bombardmançısı 56-cı RAF eskadrilyasının “Hurricane” qırıcılarının qurduğu pusquya düşdü.

Qısa hava döyüşü zamanı britaniyalı pilotlar bombardmançının sağ mühərrikini vuraraq onu alovlandırdılar. Qələbə uçuş serjantı Frederik “Taffi” Higinsonun hesabına yazıldı.

Ekipaj məhv olmaqda olan təyyarəni tərk etmək məcburiyyətində qaldı. Lakin çox aşağı hündürlükdə olduqları üçün heyətin iki üzvünün — gefreytorlar Gerhard Raynike və İohann Qolobun — paraşütləri açılmadı. Hər ikisi həlak oldu.

Müşahidəçi, unter-zabit Filipp Hess və pilot Haynts-Georq Möllenbrok isə əsir düşdülər. Möllenbrok ağır yaralanmışdı. Xüsusilə sağ əli ciddi zədələnmiş, sümükləri parçalanmışdı.

Yerli fermerlər yaralı pilota ilk tibbi yardım göstərdilər. Hətta ona bir stəkan viski də içirdilər. Daha sonra Möllenbrok Vulviçdəki Kral Herbert Hospitalına aparıldı. Polkovnik Blekvelin rəhbərlik etdiyi həkimlər onun həyatını xilas etdilər.

Hətta sağ əlini də amputasiyadan qorumaq mümkün olmuşdu. Bununla belə, bu barədə dəqiq məlumat yoxdur. Sonrakı fotolarda Möllenbrokun sağ əlində qara dəri əlcək olduğu görünür.

Uzunmüddətli müalicədən sonra Möllenbrok 23 nömrəli hərbi əsir düşərgəsinə göndərildi.

1941-ci ildə onun vətənə qaytarılması üçün mübadilə planlaşdırıldı. Lakin bu cəhd də uğursuz oldu. Berlin həmin vaxt Almaniya düşərgələrindən çox sayda müttəfiq hərbçinin geri qayıtmasından narahat idi. Üstəlik, mübadilə üçün uyğun ağır yaralıların sayı da tərəflər arasında ciddi fərqlənirdi: təxminən 1200 britaniyalı hərbi əsirə qarşı cəmi 150 alman əsiri bu kateqoriyaya uyğun gəlirdi.

Beləliklə, Möllenbrokun vətənə dönüşü daha iki il gecikdi.

Nəhayət, 1943-cü ilin oktyabrında onun taleyi dəyişdi. Möllenbrok növbəti əsir mübadiləsi proqramı çərçivəsində vətənə qaytarıldı. Həmin proqram zamanı Böyük Britaniya, Britaniya Millətlər Birliyi ölkələri və ABŞ-dan olan ümumilikdə 5 minə yaxın repatriantın mübadiləsi təşkil edilmişdi.

Möllenbrok britaniyalı hospital gəmisi ilə İsveçin Göteborq şəhərinə aparıldı. Orada alman ticarət gəmisinə keçdi və uzun ayrılıqdan sonra vətəninə yola düşdü.

O, evinə məhz Milad bayramı ərəfəsində çatdı.

Beləliklə, 20 yaşında göydən yerə düşən və ağır yaralanaraq əsir götürülən gənc alman pilot üçün müharibə nəhayət başa çatdı.

Haynts-Georq Möllenbrok uzun ömür sürdü və 2007-ci ildə, 87 yaşında vəfat etdi.

Hazırladı Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*