Çoban yeməyindən kral süfrəsinə – kifli pendirbackend

Çoban yeməyindən kral süfrəsinə - kifli pendir

Kiflənmiş deyib keçməyin, çox bahalı pendir növüdür rokfor.

Konkret.az -ın Modern.az-a istinadən məlumatına görə, bir çoban sayəsində kəşf olunan pendir sonralar Fransada kralların pendiri kimi məşhurlaşır.

Bu gün də pendiri və şərabı ilə məşhur Fransada şərabın yanına yaraşan ən gözəl pendir sayılır. Yumşaqlığı və ağızda əriyən dadı ilə şöhrətinə şöhrət qatılıb.

Əfsanəyə görə, çox qədim zamanlarda bir çoban Fransanın cənubundakı Roquefort-sur-Soulzon qəsəbəsi yaxınlığındakı mağaralardan birində çörəyini və pendirini unudub gedir.

Bir neçə həftə sonra yenidən yolu o tərəflərdən düşən çoban çörək-pendirinin kifləndiyini görsə də, pendirdən yeyir.

Və bu kiflənmiş pendirin çox ləzzətli olduğunu kəşf edir. Elə o zamandan da kiflənmiş pendir yeyilməyə başlayır.

1 qram göbələkdən 2 min kilo pendir

Hər nə qədər bu pendir Fransa ilə assosiasiya olunsa da, günümüzdə dünyanın bir çox yerində rokfor pendiri istehsal olunur. Əsl rokfor pendiri qoyun südü ilə hazırlanır və özünəməxsus maya ilə mağaralarda istehsal olunur.

Kif növü olan Penicillium Roquefort istifadə olunaraq emal olunan pendir göy rəngli kifi ilə məşhurdur. Pendirin alınması üçün çox az miqdarda kif yetərlidir. Belə ki, bir qram penicillium göbələyi 2 min kilo Rokfor pendirini kifləndirə bilər.

Bu kif boz və ya yaşıl rəngdədirsə, deməli, ya pendir xalis deyil, ya da xarab olub. Rokfor pendiri uzun illər saxlansa da, yumşaqlığını qoruyur. Sərtləşən pendirlər də orijinal deyil və ya artıq xarab olub deməkdir.

Nə lazımdır? Yüksək rütubətlilik, aşağı temperatur

Rokfor pendirinin hazırlanması çox zəhmətlidir. İlk olaraq rokfor pendiri üçün kifin hazırlanmasına nəzər salaq. Buğda unu, çovdar unu, sirkə və maya qarışdırılaraq xəmir yoğrulur və bişirilir. Hazırlanan çörəklər 1,5 ay boyunca 12 dərəcə temperatu və 85 dərəcə rütubətliliyi olan mağaralarda kiflənməyə qoyulur.

Daha sonra kiflənən çörəklər qurudulur və üyüdülərək toz halına salınır. Və beləcə rokfor kifi əldə olunur. Sonra qoyun südü 28 dərəcəyə qədər qızdırılır və pendir mayası ilə mayalanır. Özünü tutan pendirlər qəliblərə qoyularaq üzrərinə rokfor kifi tökülür.

Qəliblərdəki pendir gündə 3 dəfə alt-üst çevrilməklə bu proses 6 gün boyunca davam etdirilir. Daha sonra pendir sement döşəmə üzərində 12 dərəcə temperaturda gündə 2-3 dəfə alt-üst çevrilərək suyu tam çəkilənə qədər saxlanılır.

Bu, hələ son deyil. Ən sonda pendir kiflənmək üçün 90 dərəcə rütubət və 8 dərəcə temperaturda anbarda saxlanılır.

Hamilələrə qadağandır!

Bəs, görəsən, bu kifli pendirin faydası varmı? Kalsiumla zəngin olan rokfor pendiri sümüklərin inkişafı və diş sağlamlığı üçün önəmlidir. Osteoparoz riskini də azladır. İçindəki kif sayəsində təbii antibiotik təsiri göstərərək xəstəliklərə qarşı müqaviməti artırır.

Proteinlə zəngin olduğu üçün uzun müddət toxluq hissi verir. Amma xeyir əvəzinə, zərər də görmək olar bu pendirlərdən. Emal prosesi düzgün aparılmasa, xərçəng hüceyrələrinin artmasına səbəb ola bilər.

Kiflənmə zamanı zərərli kiflərlə təması pendirin bütün faydalı xüsusiyyətlərini məhv edə bilər.

Odur ki, pendir alarkən orijinal dadının və qoxusunun pozulmadığından, kif rənginin göylüyündən əmin olun. Hamilə qadınlara isə rokfor pendiri yemək məsləhət görülmür.

Bir cavab yazın