Xəbər verildiyi kimi, COP29 günlərində Bakının bir sıra küçə və prospektlərində avtomobillərin hərəkətlərinə məhdudiyyətlər tətbiq olunacaq.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, şəhər daxilində bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdiriləcək.
Mərkəzdən Hava Limanı istiqamətinə hərəkət edən nəqliyyat vasitələri Nizami küçəsindən istifadə etməklə Yusif Səfərov küçəsi, İzzət Orucov küçəsi, Fəzail Bayramov küçəsindən keçməklə sola doğru hərəkət edərək 8 Noyabr prospektinə çıxıb oradan Zığ yolu ilə Hava Limanı istiqamətində gedə biləcəklər.
Heydər Əliyev prospektindən əlavə köməkçi yolla Bakıxanov qəsəbəsi ərazisindən keçərək Sabunçu-Zabrat istiqamətində hərəkət edənlər “Koroğlu” metro stansiyasının yanından sağ zolaqla Bəşir Bünyadov küçəsi, Yavər Əliyev küçəsi və oradan da sola doğru Asif Əsədullayev küçəsindən keçməklə “Komsomol” körpüsünün altından Sabunçu-Zabrat yoluna çıxa biləcəklər.
Koroğlu Rəhimov və ya Əbdüləzəl Dəmirçizadə küçəsindən mərkəz istiqamətində hərəkət edən nəqliyyat vasitələri Yusif Səfərov və 10-cu Zavod küçəsindən istifadə etməklə Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasının arxası ilə hərəkət edib Dilarə Əliyeva küçəsinə, oradan da Rəşid Behbudov küçəsinə çıxa biləcəklər.
Bilgəh kardioloji sanatoriyası tərəfdən, həmçinin Maştağa qəsəbəsi “Albalılıq” kimi tanınan ərazidən Hava Limanı istiqamətində gəlmək istəyənlər Mərdəkandan keçərək Şüvəlan istiqamətindən Qala dairəsinə, oradan da Zığ şosesinə çıxmaqla hərəkət edə biləcəklər.
Hava Limanı istiqamətindən gələn sürücülər isə Zığ şosesindən 8 noyabr prospektinə keçməklə Afyəddin Cəlilov küçəsi, Fəzail Bayramov küçəsi və Mehdi Mehdizadə küçəsi ilə hərəkət edəcəklər.
Sabunçu rayonu istiqamətindən şəhərə istiqamətlənən sürücülər Balaxanı yolu ilə Binəqədi ərazisini keçməklə şimal istiqamətinə və mərkəzə gedə biləcəklər.
COP 29 günlərində Bakının Mətbuat, Hüseyn Cavid, İnşaatçılar, Ziya Bünyadov, Atatürk, Babək, Qara Qarayev, Tbilisi, Azərbaycan, Parlament prospektləri, Fətəli Xan Xoyski, Cəfər Cabbarlı, Abbasmirzə Şərifzadə və İstiqlaliyyət küçələri nəqliyyatın hərəkətinə tam açıq olacaq.
Tbilisi prospektində yalnız Şəfaət Mehdiyev küçəsi ilə İzmir küçəsinin kəsişməsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Avtobusların hərəkət sxemi dəyişdiriləcək
COP29 günlərində Bakıda 57 marşrut üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək.
Bakı metrosunun “Koroğlu” stansiyasının ətrafından “Piramida” adlanan ərazidən yalnız 163, 184 və 214 nömrəli avtobus marşrutları fəaliyyət göstərəcək. Bu marşrutlar paytaxtın Ramanı, Zabrat qəsəbələri, Suraxanı rayonu istiqamətində sərnişindaşımanı təmin edəcəklər. Yolun əks tərəfi isə COP29 əməliyyatları üçün istifadə olunacaq. Şəhərin mərkəzi hissələrindən “Koroğlu” metro stansiyasına gələn təqribən 12-ə yaxın marşrut üzrə avtobuslar metronun “Ulduz” stansiyası istiqamətinə, qalan marşrutlar isə “Qara Qarayev” və digər metrostansiyalara doğru yönəldiləcək.
COP29 tədbirinin keçiriləcəyi ilk dörd gün ərzində Bakıda 10-dan çox marşrut xətti üzrə avtobusların hərəkəti dayandıralacaq. Dəyişikliklərin tərkib hissəsi olaraq artıq noyabrın 4-dən paytaxtda sərnişindaşımanı həyata keçirən 33 sayda müntəzəm marşrutun son və aralıq dayanacaq məntəqələri dəyişdirilib. Bunlar 1, 24, 93, 163, 60, 13, 184, 197, 198, 7B, 38, 71, 107, 118A, 118B, 131, 139, 173A, 173B, 189, 204, 216, 217, M8, 15, 148, 162, 166, 38, 62, 70, 184, 214 nömrəli marşrut xətləridir. 9-24 noyabr tarixlərində COP29 iştirakçıları üçün avtobuslardan istifadə ödənişsiz olacaq.