Əfqanıstan parlamentinin nümayəndə heyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda keçiriləcək Parlament Assambleyasında iştirak edəcək. KONKRET.AZ Əfqanıstan parlamentinin aşağı palatasının sədri Mir Rəhman Rəhmaninin açıqlamasına istinadən xəbər verir ki, keçirilən müzakirələrdə əfqanlar da yaxından iştirak edəcək. Spiker deyib: “Biz də Ermənistanda olacaq proqramda iştirak etməyə razıyıq və iştirakımızı təsdiqləyirik”
Qeyd edək ki, Əfqanıstan parlamentini tədbirə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin dəvət edib. Mir Rəhman Rəhmaninin bəyanatı çox ciddi saullar doğurur. Axı Azərbaycanın 20 faiz torpaqlarını işğal edən Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində hansı təhlükəsizlik məsələləri müzakirə edilə bilər? Belə çıxır ki, sabah Ermənistanla aktiv hərbi əməliyyatlar başlayarsa, Əfqanıstan bu ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərdə daha aktiv olacaq?! Politoloqlar bir qədər fərqli fikirləşir. Belə ki, Əfqanıstanın təşkilatda üzv kimi Tacikistanla sərhədləri var. Eyni zamanda bu ölkə MDB üzvü olan Özbəkistan və Türkmənistanla da sərhədlərə malikdir. Odur ki, Əfqanıstan Rusiya və Tacikistanla təhülkəsizlik məsələlərində müzakirələrdə maraqlıdır. KONKRET.AZ olaraq hesab edirik ki, Əfqanıstan və digər müsəlman ölkələri Azərbaycanla həmrəylik nümayiş etdirərək bu ölkə ilə heç bir beynəlxalq və regional formada əməkdaşlıq etməməlidir. Xatırladaq ki, İslam Kərimovun rəhbərliyi dövründə Özbəkistan bu təşkilatdan çıxaraq Ermənistanla diplomatik münasibətlər belə yaratmamışdı.
Haşiyə: Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı. Qısa şəkildə Daşkənd Müqaviləsi də adlanır. Yaradılmasında məqsəd guya “sülhü, beynəlxalq və regional təhlükəsizlik və sabitliyi möhkəmləndirmək, kollektiv əsasda üzv dövlətlərin müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini qorumaq” olan beynəlxalq beynəlxalq bir təşkilatdır. KTMT 1992-ci il mayın 15-də Daşkənddə (Özbəkistan) Kollektiv Təhlükəsizlik Müqaviləsini imzalayaraq fəaliyyətə başladı. Ən yüksək qurum təşkilatın baş katibini təyin edən Kollektiv Təhlükəsizlik Şurasıdır. Üzv dövlətlər: Rusiya, Belarus, Qazaxıstan, Tacikistan, Ermənistan, Qırğızıstan.
Serbiya və Əfqanıstan isə müşahidəçi ölkələrdir.
Qeyd edək ki, Azərbaycan və Gürcüstan 1993-cü ildən 2 aprel 1999-cu ilə qədər təşkilatın üzvü olub. Özbəkistanın isə təşkilatda üzvlüyü 1992-ci ildən 2006-cı ilin 16 avqustuna qədər davam edib.
KONKRET.AZ
