Amerikada fəaliyyət göstərən “Veeam Software” və “Object First” İT şirkətlərinin təsisçiləri Andrey Baronov və Ratmir Timaşev Rusiya vətəndaşlığından imtina ediblər.
KONKRET.az xəbər verir ki, sözügedən iş adamları 2017–2021-ci illərdə “Forbes” nəşrinin “Rusiyanın 200 ən zəngin iş adamı” siyahısına daxil olublar.
Hər iki sahibkar uzun müddətdir, xaricdə yaşayır. Baronov İsveçrədə, Timaşev ABŞ-də məskunlaşıb. Onlar Rusiyanın Kiprdəki səfirliyində vətəndaşlıqdan çıxmaq prosedurunu tamamlasalar da, Kipr vətəndaşlıqlarını saxlayıblar.
2020-ci ildə Baronovun sərvəti 770 milyon dollar, Ratmir Timaşevin sərvəti isə 680 milyon dollar məbləğində qiymətləndirilib.
Beləliklə, iki il ərzində Rusiya pasportunu təhvil verən zəngin iş adamlarının sayı 9-a çatıb. Baronovla Timaşevdən öncə isə Rusiya vətəndaşlığından Timur Turlov, Yuri Milner, Nikolay Storonski, İqor Makarov, Vasili Anisimov, Ruben Vardanyan, Oleq Tinkov imtina ediblər.
Xatirə SADİQ,
KONKRET.az
