Azərbaycanda ali məktəblərə qəbul sisteminin yenidən nəzərdən keçirilməsi və universitetlərə tələbə seçimində daha geniş səlahiyyətlərin verilməsi təklif olunur. Ekspertlər hesab edirlər ki, Dövlət İmtahan Mərkəzinin (DİM) mərkəzləşdirilmiş imtahan sistemi saxlanılmaqla yanaşı, Avropa təcrübəsinə uyğun alternativ qəbul mexanizmlərinin tətbiqi abituriyentlərin seçim imkanlarını genişləndirə və ali təhsilin keyfiyyətinin yüksəldilməsinə töhfə verə bilər.
Bəs Azərbaycanda universitetlərə qəbul zamanı yalnız DİM imtahanı ilə məhdudlaşmayan, ali məktəblərin də öz seçim imkanlarının olduğu yeni sistemə keçmək mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil məsələləri üzrə ekspert Fuad Hacıyev bildirib ki, Azərbaycanda ali məktəblərə qəbul əsasən DİM-in mərkəzləşdirilmiş imtahan sistemi vasitəsilə həyata keçirilir.

“Bu modelin şəffaflıq və vahid qiymətləndirmə baxımından müəyyən üstünlükləri var. Ancaq hesab edirəm ki, artıq universitetlərin də tələbə seçimində daha geniş səlahiyyətlərə malik olması müzakirə edilməlidir”, – deyə ekspert bildirib.
Onun sözlərinə görə, söhbət DİM-in qəbul sisteminin ləğvindən getmir. DİM vasitəsilə qəbul davam edə bilər, lakin paralel olaraq universitetlərə müəyyən standartlar çərçivəsində tələbə seçmək hüququ verilməlidir.
“Burada məktəb göstəriciləri, beynəlxalq imtahan nəticələri, universitetlərin öz imtahanları və müsahibələr alternativ qəbul mexanizmləri kimi tətbiq oluna bilər. Abituriyentin qarşısında yalnız bir qapı olmamalıdır. DİM imtahanı qəbul yollarından biri olsun, amma yeganə yol olmasın”, – deyə Fuad Hacıyev vurğulayıb.
Ekspert hesab edir ki, Azərbaycanda bunun mümkün olduğunu göstərən nümunə də var. Onun sözlərinə görə, ADA Universiteti yerli abituriyentlərin qəbulunda SAT, A Level, IB və AP kimi beynəlxalq proqramların nəticələrini nəzərə ala bilir.
“Əgər belə bir imkan ADA Universitetində mövcuddursa, niyə UNEC, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və digər ali məktəblər də oxşar qəbul imkanları yarada bilməsin?” – deyə ekspert sual edib.
Fuad Hacıyev ali təhsilə yanaşmanın fəlsəfəsinin də dəyişdirilməsinin vacibliyini bildirib. Onun sözlərinə görə, bir sıra Avropa ölkələrində universitetə qəbul nisbətən daha əlçatandır və əsas akademik süzgəc universitet daxilində həyata keçirilir.
“Tələbə universitetə qəbul olduqdan sonra ciddi şəkildə oxumalı, imtahanlardan keçməli, kreditlərini toplamalı və akademik səviyyəsini sübut etməlidir. Yəni universitetə daxil olmaq uğurun son nöqtəsi deyil, əksinə, başlanğıcıdır.
Bizdə isə uzun illərdir bütün diqqət universitetə daxil olmağa yönəlib. Halbuki əsas sual tələbənin universitetə neçə balla daxil olması yox, oradan hansı bilik və bacarıqla məzun olmasıdır. Ali məktəbə daxil olmaq daha əlçatan, ali məktəbi bitirmək isə daha çətin olmalıdır”, – deyə ekspert qeyd edib.
Ekspert mövcud qəbul sistemində ikinci mərhələnin təşkili ilə bağlı da problem olduğunu düşünür.
Onun sözlərinə görə, müəyyən ixtisas üzrə 100 plan yeri olduğu halda birinci mərhələdə 99 nəfər qəbul edilirsə, sistem həmin ixtisas üzrə yalnız bir vakant yeri ikinci mərhələyə çıxarır. Halbuki qəbul olmaq universitetdə qeydiyyatdan keçmək və təhsilə başlamaq demək deyil.
“Qəbul olunanların bir hissəsi xaricdə təhsil almağa üstünlük verə, bir qismi qəbul olduğu ixtisası istəmədiyi üçün qeydiyyatdan keçməyə, digərləri isə müxtəlif səbəblərdən həmin il təhsilə başlamamağa üstünlük verə bilər.
Beləliklə, kağız üzərində 99 nəfərin qəbul olunduğu ixtisasda qeydiyyatdan sonra, məsələn, cəmi 75 tələbə qala bilər. Bu halda universitetdə əslində 25 boş yer yaranır. Amma ikinci mərhələ artıq keçirilibsə, həmin 25 yerə müraciət etmək istəyən abituriyentlər bu imkandan məhrum olurlar”, – deyə Fuad Hacıyev bildirib.
Ekspert hesab edir ki, ikinci mərhələnin elan edilməsindən əvvəl birinci mərhələdə qəbul olunanların qeydiyyatı başa çatmalıdır.
“Birinci mərhələnin nəticələri elan edildikdən sonra qəbul olunanlara müəyyən müddət ərzində qeydiyyatdan keçmək imkanı verilməlidir. Qeydiyyat müddəti başa çatdıqdan sonra universitetlərdə faktiki olaraq neçə boş yer qaldığı müəyyənləşdirilməli və yalnız bundan sonra ikinci mərhələ elan edilməlidir.
Məsələn, 100 plan yerindən 99 nəfər qəbul olunub, lakin həmin 99 nəfərdən yalnız 75-i qeydiyyatdan keçibsə, ikinci mərhələyə bir deyil, 25 vakant yer çıxarılmalıdır”, – deyə ekspert vurğulayıb.
Onun fikrincə, bu mexanizm həm universitetlərin plan yerlərindən daha səmərəli istifadə etməsinə, həm də ikinci mərhələdə iştirak edən minlərlə abituriyentə daha geniş və ədalətli seçim imkanı yaradacaq.
“Hazırkı modeldə qəribə bir vəziyyət yaranır: bir tərəfdə universitetlərdə boş yerlər qalır, digər tərəfdə isə həmin universitetlərdə oxumaq istəyən gənclər qəbuldan kənarda qalırlar. Bu da sistemin daha çevik təşkil edilməsinin vacibliyini göstərir”, – deyə Fuad Hacıyev əlavə edib.
Ekspert, həmçinin ali məktəblərə qəbul prosesinin böyük ölçüdə bir qurumun əlində cəmləşməsinin də müzakirə edilməli olduğunu bildirib.
“Hazırkı mənzərə qəbul sahəsində müəyyən mənada monopoliyaya bənzər vəziyyət yaradır. Universitetlər öz tələbələrini seçməkdə daha çox söz sahibi olmalıdırlar.
Çünki universitet tələbənin dörd il ərzində təhsilinə, onun akademik inkişafına və nəticədə verdiyi diplomun keyfiyyətinə cavabdehdirsə, həmin tələbənin seçimində də müəyyən səlahiyyətə malik olmalıdır”, – deyə ekspert qeyd edib.
Fuad Hacıyev hesab edir ki, əsas məqsəd universitetə qəbul prosesini çətinləşdirmək deyil, ali təhsilin keyfiyyətini yüksəltmək olmalıdır.
“Güclü təhsil sisteminin göstəricisi tələbənin universitetə neçə balla daxil olması deyil, universiteti hansı səviyyədə mütəxəssis kimi bitirməsidir”.
Aynurə İsmayıl
KONKRET.az
