Sənədsiz evlərlə bağlı qərar – Müzakirələrə yekun vuruldubackend

Sənədsiz evlərlə bağlı qərar - Müzakirələrə yekun vuruldu

Azərbaycanda sənədsiz evlərin rəsmiləşdirilməsi məsələsi uzun illərdir gündəmdə olsa da, problemin tam həlli istiqamətində hələ də vahid və konkret mexanizm formalaşdırılmayıb. Müxtəlif vaxtlarda qanunvericiliyə dəyişikliklər edilib, Nazirlər Kabineti tərəfindən ayrı-ayrı qərarlar qəbul olunub. Buna baxmayaraq, minlərlə evin sənədləşdirilməsi məsələsi hələ də açıq olaraq qalır.

Bəs proses niyə ləngiyir? Hansı evlərin sənədləşdirilməsi mümkündür, hansı tikililər isə qeydiyyata alına bilməz?

Mövzu ilə bağlı KONKRET.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, ilk növbədə “sənədsiz evlərə amnistiya” anlayışının özü dəqiqləşdirilməlidir.

“Amnistiya dediyimiz məsələ ümumiyyətlə əvvəlcə aydınlaşdırılmalıdır. Əgər söhbət sənədi olmayan və sənədlərində qanunvericiliyin tələblərinə zidd məqamlar olduğuna görə qeydiyyata alınması faktiki olaraq mümkün olmayan evlərin sənədləşdirilməsindən gedirsə, bu istiqamətdə kifayət qədər müzakirələr aparılıb. Amma nəticədə yalnız müzakirələr olub”, – deyə ekspert bildirib.

Ramil Osmanlı qeyd edib ki, indiyədək daşınmaz əmlakın dövlət reyestri ilə bağlı qanunvericiliyə dəfələrlə dəyişikliklər edilib, qeydiyyat sisteminin təkmilləşdirilməsi məqsədilə müxtəlif qərarlar qəbul olunub. Lakin onun fikrincə, bu addımlar problemin köklü həlli üçün yetərli deyil.

“Təbii ki, müvafiq orqanlar deyəcəklər ki, daşınmaz əmlakın dövlət reyestri haqqında qanuna dəfələrlə dəyişikliklər edilib. Nazirlər Kabinetinin qeydiyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı bir sıra qərarları da olub. Amma bunu dəfələrlə demişəm, bir daha təkrarlayıram: bu cür qərarlarla biz problemi həll edə bilməyəcəyik”, – deyə Osmanlı vurğulayıb.

Ekspert hesab edir ki, sənədsiz evlər probleminin həlli üçün ayrı-ayrı qanun dəyişiklikləri deyil, vahid hüquqi mexanizm hazırlanmalıdır.

Onun sözlərinə görə, çoxmənzilli binaların istismarına icazənin sadələşdirilməsi və qeyri-yaşayış obyektlərinin sənədləşdirilməsi ilə bağlı qəbul edilən qərarlara bənzər şəkildə, sənədsiz fərdi evlərin rəsmiləşdirilməsi ilə bağlı da ayrıca və sistemli qərar qəbul edilməlidir.

“Bu problemin həlli vahid qərardan keçir. Çoxmənzilli binaların istismarına icazənin sadələşdirilməsi, qeyri-yaşayış obyektlərinin sənədləşdirilməsi ilə bağlı fərman və digər qərarlar var. Bu istiqamətdə buna oxşar bir qərar da məhz sənədsiz evlərlə bağlı qəbul olunmalıdır. Konsepsiya var, detallar bəllidir”, – deyə ekspert bildirib.

Ramil Osmanlı vurğulayıb ki, bütün sənədsiz evlərin avtomatik olaraq dövlət qeydiyyatına alınması düzgün yanaşma olmaz. Onun sözlərinə görə, bu zaman təhlükəsizlik, şəhərsalma tələbləri və ərazinin hüquqi statusu əsas meyarlar kimi nəzərə alınmalıdır.

Ekspert xüsusilə mühafizə zolaqlarında yerləşən, insanların həyatı üçün təhlükə yaradan və istismara yararsız hesab edilən tikililərin sənədləşdirilməsinin mümkün olmadığını bildirib.

“Bilirdik ki, mühafizə zolaqlarına düşən evlərin sənədləşdirilməsi mümkün deyil. Burada kifayət qədər obyektiv yanaşmaq lazımdır. Çünki sonradan dövlət həmin obyektlərin köçürülməsi ilə bağlı əlavə yükə düşür”, – deyə o qeyd edib.

Ekspert təhlükəli ərazilərdə yerləşən tikililərlə bağlı da eyni prinsipin tətbiq edilməli olduğunu söyləyib:

“Lokanik ərazilərdə yerləşən evlər insanların həyatı üçün təhlükəlidir. Onları sənədləşdirmək olmaz, mümkün deyil. İstismara yararsızlığı barədə rəy verilmiş evlər də sənədləşdirilə bilməz. Bakı şəhərində minlərlə belə ev var”.

Ramil Osmanlının fikrincə, problemin həlli üçün artıq müəyyən konseptual yanaşma mövcuddur. Əsas məsələ isə həmin yanaşmanın konkret hüquqi mexanizmə çevrilməsidir.

“Ona görə də hesab edirəm ki, vahid qərar qəbul olunmadan bu məsələnin həlli mümkün deyil. Vahid qərarın qəbul olunması üçün də müəyyən istiqamətlərdə iradə lazımdır. Bu sahədə fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanları maraqlı deyillər”, – deyə ekspert bildirib.

Beləliklə, Azərbaycanda sənədsiz evlərin rəsmiləşdirilməsi məsələsinin həlli yalnız qanunvericiliyə yeni dəyişikliklərin edilməsi ilə məhdudlaşmır. Bunun üçün sənədləşdirilməsi mümkün olan və olmayan tikililərin dəqiq müəyyənləşdirilməsi, təhlükəsizlik və şəhərsalma meyarlarının nəzərə alınması, eləcə də prosesi bütövlükdə tənzimləyəcək vahid hüquqi mexanizmin yaradılması zəruridir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*