Bakıda avtomobillərin sayının sürətlə artması şəhərdə nəqliyyat sıxlığını daha da dərinləşdirir. Bu fonda avtomobil sayına limit qoyulmasının mümkünlüyü və effektivliyi müzakirə olunur. Bəs, Bakıda avtomobil sayına limit qoyula bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Bakıda avtomobillərin sayına birbaşa limit tətbiq etmək kifayət qədər çətindir. Onun sözlərinə görə, daha real addım avtomobillərin xüsusilə paytaxtın mərkəzi zonalarına hərəkətinin məhdudlaşdırılması ola bilər.
Ekspert qeyd edib ki, bu cür məhdudiyyətlər ictimai nəqliyyatın inkişafı və müxtəlif stimullaşdırıcı mexanizmlərlə paralel şəkildə həyata keçirilməlidir:
“İctimai nəqliyyat gücləndirilmədən, alternativlər yaradılmadan məhdudiyyətlərin effektiv olması çətindir. Amma düzgün yanaşma ilə nəticə əldə etmək mümkündür”.
Eldəniz Cəfərovun fikrincə, Bakının mövcud vəziyyəti digər şəhərlərdən fərqlidir. Şəhər coğrafi baxımdan sıxılıb, əhali sayı sürətlə artıb. Regionlardan paytaxta intensiv miqrasiya, əsas infrastruktur və xidmətlərin Bakıda cəmləşməsi sıxlığı daha da artırır.
Ekspert vurğulayıb ki, problemin köklü həlli üçün şəhərin yükünü azaltmaq vacibdir:
“Bu məsələ yalnız bir qayda ilə deyil, kompleks yanaşma ilə həll olunmalıdır. Əhalinin və iqtisadi aktivliyin regionlara yönləndirilməsi Bakının nəfəs alması üçün əsas şərtlərdəndir”.
Qeyd edək ki, son illər Bakıda nəqliyyat sıxlığının azalması məqsədilə müxtəlif layihələr müzakirə olunsa da, məsələ hələ də aktuallığını qoruyur.
Aynurə İsmayıl
KONKRET.az


Salam, uzun müddətdir (10 illərdir) bu təklifi çoxsaylı instansiyalarda və əlaqəli şəxslərlə söhbətlərdə çox səsləndirmişəm, onun məğzi Bakıda Xəzər dənizindən keçməklə Əhmədli, Dənizkənarı bulvar, Bayıl arasında, habelə Bakı ilə Sumqayıt, Lənkəran və Xaçmaz arasında yenə dənizdən keçməklə avtomobil yolu salınmasıdır. Bu bəlkə də son 30 ilin ən zəruri məsələlərindən biridir və niyə hələ də həllini tapmaması son dərəcə qəribə və anlaşılmazdır. Bun artıq qaçılmaz bir zərurət olduğunu sanıram və artıq əsla gecikdirmədən bu son dərəcə önəmli layihənin hazırlanması və gerçəkləşdirilməsinə başlanacağına çox ümidvaram. Detallara keçməyəcəyəm, durum onsuz da aydın və aşkardır, sayğılarla,
P. S. İlkin dönəmdə Neftçala, Lənkəran və Xaçmaza daimi sərnişin və avtomobil daşıyan bərə reysləri təşkil edilə bilər…….
—
bu təklifi son 25-30 ildə ən yüksək məqamlara belə 30 dıfıdın çox yollasam da heç bir cavab və tədbir olmur, görünür yuxarı məqamlara sərf eləmir, səbəbi müzakirə oluna bilər məncə…