Kirayə mənzillərdə kommunal ödənişlərin kim tərəfindən qarşılanması uzun illərdir müzakirə mövzusudur. Son vaxtlar bu xərclərin gələcəkdə ev sahiblərinin üzərinə düşə biləcəyi ilə bağlı səslənən fikirlər fonunda məsələ yenidən gündəmə gəlib. Maraqlıdır, gələcəkdə kirayə mənzillərdə kommunal ödənişlərin ev sahibi tərəfindən qarşılanması real görünürmü?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov qeyd edib ki, kommunal ödənişlərin ev sahibi tərəfindən qarşılanması demək olar ki, mümkün deyil.
Ekspertin sözlərinə görə, hazırda kommunal xərclərin 99 faiz hallarda kirayəçi tərəfindən ödənilməsi praktikasına rast gəlinir:
“Kommunal pulları çox nadir hallarda ev sahibi ödəyir. İstər yaşayış mənzillərində, istərsə də obyektlərdə faktiki istifadəçi kirayəçidir. Elektrik enerjisinin, suyun, qazın istifadəsi birbaşa kirayəçinin davranışından asılıdır. Ola bilər ki, kirayəçi enerjidən qənaətsiz istifadə etsin, suyu açıq qoyub getsin. Bu baxımdan məsuliyyət istifadəçinin üzərinə düşür”.
Elnur Azadov vurğulayıb ki, bu yanaşma yalnız bu gün üçün deyil, keçmişdə də belə olub və gələcəkdə də dəyişməsi real görünmür.
Ekspert bəzi istisna hallara da diqqət çəkib.
“Köhnə yaşayış fonduna aid mənzillərdə dövlətə ödənilən illik kommunal rüsumlar, məsələn, mənzilin kvadrat metri və ailə başçısına görə hesablanan ödənişlər adətən ev sahibi tərəfindən qarşılanır və bu xərclər kirayəçinin üzərinə düşmür”.
Bundan əlavə, yeni tikili binalarda komendant pulu və ya mənzilin xidmət haqqı da əsasən mülkiyyətçi tərəfindən ödənilir. Lakin sayğacla ölçülən kommunal xidmətlər, elektrik, su, qaz və digər xərclər demək olar ki, bütün hallarda kirayəçinin öhdəliyində qalır.
Aynurə İsmayıl
KONKRET.az

