backend

Dirilərimiz üçün yer qalmayıb, ancaq ölülərimiz bəhrələnə bilir

Layihəsi təqdim olunan ərazinin mütləq olaraq 25 faizində yaşıllıq salınması tələbi qoyulur. Bəs yaşıllıq üçün yer olmadıqda vəziyyət necə olacaq, tikintilərə icazə veriləcəkmi?

KONKRET.az bildirir ki, bu gün ölkədə köhnə binaların sökülərək yerində müasir və daha rahat binaların tikilməsi prosesi gedir. Bunun üçün icra edilən pilot layihələr də təqdir edilir. Lakin bu layihələrin icrası zamanı da bütün ekoloji tələblər nəzərə alınmalıdır.

Bu tip layihələrə, tikinti altına düşən ağacların əvəzində daha çox sayda ağacın əkilməsi tələbi ilə müsbət rəy verilir. Yəni layihəsi təqdim olunan ərazinin mütləq olaraq 25 faizində yaşıllıq salınması tələbi qoyulur. Bəs yaşıllıq üçün yer olmadıqda vəziyyət necə olacaq, tikintilərə icazə veriləcəkmi? İcazə veriləcəksə, dəyişən nə olacaq?

Xatırladaq ki, bir müddət əvvəl Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov qeyd etmişdi ki, əgər ərazidə ağac əkməyə yer olmursa, yəni tikinti kiçik bir ərazini əhatə edirsə, onda yenə də ictimai dinləmədən, məsləhətləşmədən sonra müvafiq boş sahələrdə yaşıllığın salınması tələbi ilə tikintiyə rəy verilir: “Deyək ki, 200 kvadrat metrlik ərazidə tikinti aparılacaq, biz həmin tikintiyə, ərazinin 25 faizində mütləq ağac əkilməsi şərtilə ictimai dinləmədən sonra müsbət rəy veririk. Yəni, həm köhnə binanın əvəzində əhali yeni, yaraşıqlı, rahat binalara köçür, həm də həyəti bağça ilə, yaşıllıqla təmin edilir”.

Amma bu fikir mütəxəssislər tərəfindən birmənalı qarşılanmayıb. Əmlak məsələləri üzrə ekspert Elnur Azadov açıqlamasında bildirib ki, bu məsələdə ictimai dinləmənin nə olduğu sual altındadır: “İctimai dinləmə dedikdə, ümumi cəmiyyətin rəyi, yoxsa, həmin ərazidə yaşayanların fikri nəzərdə tutulur? Bu, maraqlıdır. Yaxşı tərəfi odur ki, belə bir sorğu aparılır. Ancaq belə sorğuların ərazi üzrə bələdiyyələr tərəfindən aparılması daha yaxşı olardı”.

Ekspert hesab edir ki, istənilən halda tikinti şirkətlərinin “25 faiz yaşıllaşdırma aparmalısan” deyə yüklənməsi düzgün yanaşma deyil.

“Yaşıllaşdırma dedikdə nə nəzərdə tutulur? Tək qazonmu, yoxsa qazon üzərində müəyyən sayda kollarmı, yoxsa ağacların əkilməsimi? Bunların məsrəfi olduqca yüksəkdir. Tikinti şirkətlərinin ümumiyyətlə yaşıllaşdırma məsələlərindən anlayışı yoxdur. Onlar bu prosesə kənardan mütəxəssislər cəlb edəcəklər və bu da olduqca baha başa gələcək”, – deyə Azadov bildirib.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə bildirir ki, bu günə qədər mərkəzə yaxın ərazilərdə xeyli sayda yaşıllıq ərazilərin məhv edilərək tikinti sahələrinə çevrilməsinə şahid olmuşuq. Bu isə ekoloji cəhətdən paytaxtımızda çox ciddi şəkildə havanın çirklənməsinə səbəb olur.

“İstismar müddətini başa vurmuş köhnə binalar sökülərək, yeniləri ilə əvəzlənir. Lakin yaşıllıq sahələrini artırmaq üçün torpaq sahəsi məhduddur. Əgər həmin ərazidə hansısa yaşıllıq sahələrini artırmağa imkan yoxdursa, ora yaxın, yaxud digər ərazilərdə yaşıllıqların artırılması vacib və mütləq bir məsələdir. Paytaxtımızda çox sayda parklar salınıb ki, həmin parkların böyük əksəriyyəti yaşıllıqlar əvəzinə mərmər və aqlay daşlarla əvəzlənib”, – deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, öncə yaşılıq əraziləri məhdud olan tikinti şirkətlərinə reallıqda mövcud olan həmin mərmərli və aqlaylı parkları yaşıllaşdırmaq tələbi qoymaq lazımdır. Belə ki, sovetlər dönəmində Bakı şəhəri digər sovetlər ölkələrinin paytaxtları arasında yaşıllıqları ilə ən bol olan paytaxt şəhəri sayılırdı. Lakin hazırda hansısa bir hündür binanın yüksək mərtəbəsindən şəhərə baxdıqda şəhər köhnə Bakıya deyil, səhranın ortasında salınmış bir şəhərə bənzəyir: “Bu gün demək olar ki, paytaxtda qorunub saxlanılan köhnə yaşıllıq ərazilər köhnə qəbiristanlıqlardır ki, orada tikinti işləri aparmaq olmaz. Dirilərimiz üçün etməsək də, yaxşı ki, ölülərimiz üçün bu yaşıllıqları qoruyub saxlaya bilmişik”.

İradə Cəlilova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*