Dostunuzun, qohumunuzun adından belə mesajlar gəlirsə, diqqət! – Açıqlamabackend

Dostunuzun, qohumunuzun adından belə mesajlar gəlirsə, diqqət! - Açıqlama

Son dövrlərdə dələduzların istifadə etdiyi yeni üsullardan biri də vətəndaşların telefon nömrələrini və ya sosial şəbəkə hesablarını ələ keçirərək onların yaxınlarından və dostlarından pul istəməkdir. Bu cür hallarda şəxsin adından mesajlar göndərilir, zənglər edilir və müxtəlif bəhanələrlə təcili pul köçürülməsi xahiş olunur. Nəticədə bir çox vətəndaş aldadılaraq maddi ziyana məruz qalır.

Bəs dələduzlar bu üsulu texniki baxımdan necə həyata keçirirlər? Vətəndaşlar şəxsi məlumatlarını və hesablarını qorumaq üçün hansı təhlükəsizlik tədbirlərini görməlidirlər?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən rəqəmsal texnologiyalar üzrə mütəxəssis Vasif Qəhrəmanov bildirib ki, hesabların ələ keçirilməsinin əsas səbəblərindən biri istifadəçilərin öz davranışlarıdır.

Onun sözlərinə görə, burada texniki problemlərdən daha çox insan amili böyük rol oynayır:

“İnsanlar bilmədən müxtəlif tətbiqlərdə və ya servislərdə hansısa xidmətdən pulsuz yararlanmaq üçün öz hesablarının istifadəçi adı (login) və parol məlumatlarını daxil edirlər. Halbuki, əvəzində heç nə həqiqətən pulsuz olmur. Nəticədə onların məlumatları üçüncü şəxslərin, yəni dələduzların əlinə keçir. Bundan sonra həmin şəxslər hesablara daxil olur, istifadəçinin dostlarına və yaxınlarına yazaraq pul istəyir və ya müxtəlif üsullarla dələduzluq etməyə çalışırlar.

Digər hallarda isə tanınmayan bir xidmət və ya mənbə tərəfindən link göndərilir. İstifadəçilər həmin linkə daxil olaraq şəxsi məlumatlarını daxil edirlər və nəticədə məlumatlarını qarşı tərəfə təqdim etmiş olurlar.

Ona görə də ilk növbədə mənbənin etibarlılığı yoxlanılmalıdır. Etibarlılığı məlum olmayan linklərə və ya xidmətlərə kor-koranə etibar etmək olmaz. İstifadəçilər hər hansı məlumatı paylaşmazdan əvvəl həmin mənbənin etibarlı olub-olmadığını mütləq yoxlamalıdırlar”, – deyə mütəxəssis fikrini tamamlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*