Dövlət-vətəndaş birliyi milli və dövlət maraqlarımızın təminatçısıdır – ŞƏRHbackend

Dövlət-vətəndaş birliyi milli və dövlət maraqlarımızın təminatçısıdır - ŞƏRH

Son illərdə mediada ictimai maraqların tarixindən kifayət qədər bəhs edildiyindən onun necə meydana çıxması, nə zamandan dövlət maraqları ilə uzlaşması məsələlərinin üzərində çox dayanmayacağıq.

Müasir dövrümüzdə ictimai maraqların müdafiəsi elə geniş vüsət alıb ki, inkişaf etmiş dövlətlərdə bir sıra tanınmış hüquqşünaslar bütün fərdlərin ümumi maraqlarından ibarət olan ictimai maraqların vəkilləri kimi meydana çıxmağı özlərinə mənəvi borc hesab edirlər.

Bizim ölkəmizdə isə ictimai və dövlət maraqlarının uzlaşması Qarabağ münaqişəsi ilə başlandı. Bu proses Azərbaycan müstəqilliyini bərqərar etdikdən bir qədər sonra daha bariz hiss olundu və 2020-ci ildə öz kuliminasiyasına çatdı.

Bu mənada, 1988-ci ildən başlayan prosesləri bura aid etmirik, çünki həmin dövrdə yerli kommunist nomeklaturası nə ictimai, nə də dövlət maraqlarına xidmət edə bilirdi. Xalqın tələbi ilə müstəqillik aktını qəbul etməyə məcbur olan Ayaz Mütəllibov hakimiyyəti də bu prosesə uyğunlaşmağı bacarmadı. 1991-ci il 20 noyabr faciəsi zamanı bir qrup rəsmi şəxsin olduğu helikopter erməni faşistləri tərəfindən Qarakənd üzərində vurulanda buna kiçik cəhd edilsə də, sovet-rus imperiyasını özünə “qiblə” sayan Mütəllibov ictimai və dövlət maraqlarının birlikdə qorunmasını tələb edən xalqın istəyinə cavab verə bilmədi.

Odur ki, 1992-ci ilin mart və may aylarında ictimai və dövlət maraqlarının üst-üstə düşməsi Ayaz Mütəllibovun istefaya getməsi və təkrar hakimiyyətə gəlməsinin qarşısının alınması ilə nəticələndi.

Çox təəssüf ki, onun xələfi olan və xalqın çiyinlərində hakimiyyətə gələn AXC-Müsavat hakimiyyəti ictimai və dövlət maraqlarının eyni istiqamətdə və birlikdə irəliləməsinə nail ola bilmədi. Bu mənfi tendensiyaya müasir Azərbaycan dövlətinin qurucusu kimi tarixə düşən Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə son qoyuldu.

Ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, vətəndaş müharibəsinin, separatizmin qarşısının alınması istiqamətində Heydər Əliyev elə misilsiz xidmətlər göstərdi ki, ictimai və dövlət maraqları bir-birinə sıx bağlandı.

Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dövründə bu maraqların vəhdəti  özünü Ramil Səfərov, Mübariz İbrahimov hadisələri, Aprel döyüşləri zamanı daha qabarıq nümayiş etdirdi.

İctimai və dövlət maraqlarının müdafiəsi elə səviyyəyə gəlib çatdı ki, Qarabağ münaqişəsinin gətirdiyi fəsadlar, erməni havadarlarının ölkəmizdəki millətlər arasında nifaq toxumu səpmək cəhdləri heç bir nəticə vermədi.

Xalqımızın nüvəsini təşkil edən vətəndaş cəmiyyətinin 2019-cu ildən başlayaraq ölkəmizin müstəqilliyinin təhlükə altında olduğuna, Prezident İlham Əliyevin bu istiqamətdə qətiyyət nümayiş etdirdiyinə diqqəti cəlb etməsi öz bəhrəsini verdi. Xalq bir nəfər kimi “Tovuz döyüşləri” və Vətən müharibəsi zamanı ictimai və dövlət maraqlarının birgə qorunması prosesinə qoşuldu.

Bu hadisələr zamanı ictimai maraqları müdafiə edən cəmiyyət dövlət başçımızı sanki yenidən kəşf etdi desək, yanılmarıq. Xalq İlham Əliyevin vətənpərvərliyinə, siyasətçi və diplomat kimi peşəkarlığına heyran qaldı. İctimai və dövlət maraqlarının müdafiəçiləri dövlət başçısının da hər bir Azərbaycan vətəndaşı kimi düşündüyünə, milli və bəşəri dəyərlər uğrunda böyük hünərlə çarpışdığına, təhlükəli hallarda belə doğma vətənimizin milli maraqlarından vaz keçmədiyinə şahid oldu.

İlham Əliyevin “Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır” fikri məhz Vətən müharibəsi dövründə, 19-20 sentyabr 2023-cü ildə öz apogeyinə çatdı. Azərbaycan Dövlət Bayrağının Xankəndidə, Xocalıda, Əsgəranda, Ağdərədə qaldırılması ictimai və dövlət maraqlarının birgə təntənəsinə çevrildi.

30 illik mücadilə bizə müstəqil dövlətin olmadığı yerdə ictimai maraqların da əhəmiyyətsiz olduğunu bir daha dərk etdirdi. Təqdirəlayiqdir ki, milli təəssübkeşliyin bu səviyyəyə gəlib çıxmasında, düşmənlə informasiya müharibəsində, xalqın və dövlətin maraqlarının qorunmasında  Azərbaycan mətbuatı da böyük rol oynadı. Qələm əhlinin hər zaman ayıq-sayıq olduğu, ictimai və dövlət maraqlarının keşiyində dayandığı təkcə ölkəmizə deyil, həm də bütün dünyaya məlum oldu.

Xatirə SADİQ,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*