Dünya geologiya elminin əfsanəsi – Əli Əmiraslanovbackend

Dünya geologiya elminin əfsanəsi - Əli Əmiraslanov

 

Elbrus QULİYEV,
Dövlət Statistika Komitəsi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri

SSRİ Elmlər Akademiyasının ilk azərbaycanlı müxbir üzvü, SSRİ Baş Geologiya İdarəsinin rəisi-SSRİ-nin baş geoloqu olmuş görkəmli təşkilatçı və tədqiqatçı alim Əli Əmiraslanov həyatının çox hissəsini geologiya elminin inkişafına, o cümlədən,  əlvan, nadir və nəcib metalların xammal bazasının yaradılmasına həsr edib, tədqiqatları ilə dünya elm xəzinəsinə əvəzsiz töhfələr verib. Ölkəmizin mis və polimetal yataqlarının öyrənilməsi də Əli müəllimin  yorulmaz fəaliyyəti ilə yeni mərhələyə daxil olub.  Əli Əmiraslanov mütəxəssislər arasında mis və polimetal yataqlarının mahir bilicisi sayılırdı. Azərbaycan və keçmiş İttifaq üçün daha böyük əhəmiyyətli yataqların seçilməsində, mədən müəssisələrinin inşası üçün layihə təşkilatlarına tövsiyələr verilməsində, ümumiyyətlə, əlvan metallurgiya ilə bağlı dövlət planlarının işlənib hazırlanmasında böyük əmək sərf edirdi. Onun bu sahədə apardığı tədqiqatlar, bütövlükdə elmi irsi bugünkü gənc geoloqlar üçün əvəzsiz mənbədir.

O, hələ 1930-cu ildə Moskva Geoloji Kəşfiyyat İnstitutunun təşkilində fəal iştirak edərkən böyük elmi potensialı olan kadr kimi tanınmağa başlayır. Ümumittifaq Mineral Xammal İnstitutunda geoloji-kəşfiyyat dəstəsi və ekspedisiyasının rəhbəri işləyən Ə.Əmiraslanov həmin illərdən həyatını keçmiş SSRİ-nin əlvan metallurgiyasının mineral-xammal bazasının öyrənilməsinə, inkişafına və möhkəmləndirilməsinə həsr edir. Əli müəllim 1936-cı ilədək Şərqi Qazaxıstan, Ural, Zabaykalye, Orta Asiya, Şimali və Cənubi Qafqazda əlvan metalların axtarışını uğurla aparır.

Ə.Əmiraslanov  Gədəbəyin, Qərbi Azərbaycanın Qafan və Qacaran mis yataqlarının tədqiqini daim diqqət mərkəzində saxlayıb, eyni zamanda, Cənubi Azərbaycan torpaqlarında da axtarışlar aparıb.

Alim 1937-ci ildə XVII Beynəlxalq Geoloji Konqresin çağırılması və Moskvada keçirilməsi ilə bağlı təşkilat komitəsinə dəvət edilib, konqresin elmi katibi və rəyasət heyətinin üzvü təyin olunub. 1938-ci ildə isə  Qızılın Geoloji Kəşfiyyatı Elmi-Tədqiqat İnstitutuna elmi işlər üzrə direktor müavini göndərilib, 1939-cu ilin avqust ayında əlvan metallurgiya xalq komissarının əmri ilə həmin komissarlığın Baş Geologiya İdarəsi rəisinin birinci müavini – baş mühəndisi təyin edilib, 1947-ci ilədək bu məsul vəzifədə çalışıb və onun iştirakı ilə yeddi sənaye əhəmiyyətli əlvan metal yatağı kəşf edilərək istismara verilib.

Görkəmli geoloqun fəaliyyəti yalnız SSRİ məkanının geologiyasını öyrənməklə məhdudlaşmayıb. O, Çin, İran, Rumıniya, Polşa, Macarıstan, İsveç və digər ölkələrdə geoloji işlərlə məşğul olub,  metallurgiya sənayesinin inkişafına töhfələr verib.

Ə. Əmiraslanov tutduğu yüksək vəzifələrdən asılı olmayaraq, daim elmi-tədqiqat işləri aparıb. Zəngin nəzəri biliyə, elmi bazaya, praktik iş təcrübəsinə malik alimin araşdırmaları Uralın mis-kolçedan, habelə Qazaxıstan və  Orta Asiyanın qurğuşun-sink yataqlarının tədqiqinə həsr olunub. 1937-ci ildə Uralın mis-kolçedan yataqlarının geologiyası sahəsindəki orijinal elmi əsərə, yəni yataqların mineraloji xarakteristikasının ətraflı tədqiqinə görə, ona geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi verilib. Ə.Əmiraslanov keçmiş ittifaq miqyasında yüksək səviyyəli geoloq, geoloji xidmətin istedadlı təşkilatçısı və yataqların geoloji-kəşfiyyat işlərinin ümumi nəzəri məsələlərini konkret praktiki tapşırıqlarla həmahəng həll etməyi bacaran mütəxəssis kimi nüfuz qazanıb.

Keçmiş mis yataqlarının geologiyası və mineralogiyasına, mis filizinin genetik tiplərinə, həmçinin SSRİ ərazisində perspektivin dəyərləndirilməsinə həsr etdiyi monoqrafiyasında Ə. Əmiraslanov ittifaq miqyasında əldə edilmiş faktiki materialları araşdırıb, hətta xarici ölkələrin mis yataqları ilə müqayisələr aparıb. Həmin monoqrafiyada mis filizi yataqlarının geoloji-iqtisadi təsnifatı əhatəli şəkildə, geniş miqyasda verilib, mis axtarışı və kəşfiyyatı üzrə başlıca istiqamətlər düzgün seçilib. Məhz bu sanballı monoqrafiyanın əsasında o, doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi alıb.

Ə.Əmiraslanov həmin ixtisas üzrə professor elmi adına layiq görülüb. Geologiya-mineralogiya elminin inkişafında, eləcə də gənc geoloqlar nəslinin yetişməsində xüsusi xidmətləri nəzərə alınaraq, 1953-cü ildə professor Ə.Əmiraslanov SSRİ Elmlər Akademiyasına (EA) müxbir üzv seçilib. O, SSRİ EA-ya müxbir üzv seçilmiş ilk azərbaycanlı olub. Alim ömrünün sonunadək elmi axtarışlarını davam etdirib, irihəcmli əsərlər qələmə alıb. Onun rus dilində yazdığı və Moskvada nəşr olunan monoqrafiyalarından “Qurğuşun və sink yataqlarının əsas tipləri (Axtarış, kəşfiyyat və qiymətləndirmə metodları)” (1957), “Avstriyanın qurğuşun-sink yataqları (Geoloji səciyyə və yerləşmə qanunauyğunluqları)” (1960, əsər N.İvanovla birgə yazılıb), “Faydalı qazıntıların axtarışının mütərəqqi metodları” (1961) geniş rezonans doğurub və dəyərli vəsaitə çevrilib.

Ə.Əmiraslanovun rəhbərliyi ilə istehsalat və elmi-tədqiqat təşkilatlarının mütəxəssisləri tərəfindən qalay-sink yataqlarının geologiyası mövzusunda irimiqyaslı tədqiqatlar da aparılıb, SSRİ-nin ayrı-ayrı filiz yataqları haqqında monoqrafik materiallar tərtib olunub. Bu cür nəhəng miqyaslı işlərin öhdəsindən məhz istedadlı alim, peşəsinin vurğunu olan zəhmətsevər insan gələ bilərdi.

Xüsusi bir məqamı da vurğulamaq lazımdır ki, dünyanın elm korifeyləri ilə müqayisə edilən, Vətənə vurğunluqla bağlı olan, Moskvada həmvətənlərinə həmişə arxa duran Ə. Əmiraslanov xalqımızın qəlbində əbədi yaşayır, dəyərli əsərləri ilə elmi ictimaiyyətin mənəviyyatına həmişə işıq saçır.

Bir azərbaycanlı kimi o, A.Pavlov, P.Lavrov, İ.Qubkin, A.Arxangelski, S.Nametkin, V.Obruçev kimi görkəmli alimlərdən dərs alıb, onlardan geologiya elminin sirlərini öyrənib.

Ə.Əmiraslanov Qubadlının ucqar dağ kəndi Balahəsənlidə  doğulub, boya-başa çatıb. Anası  onu dünyaya gətirəndə gözlərini əbədi yumub. On bir yaşı olanda isə atası tatar polkunun tərkibində Birinci Dünya müharibəsində Avstriyada ön cəbhədə həlak olub, döyüşdə igidliyinə görə çar Rusiyasının yüksək döyüş ordenləri ilə təltif edilib.

Nənəsinin himayəsində, uca dağlar, sıldırım qayalar, bol meyvəli meşələr, gur çaylar, gözyaşı kimi bumbuz bulaqlar əhatəsində böyüyən Əlinin uşaq qəlbinə nankor ermənilər çalın-çarpaz dağ çəkir, silinməz yara vururlar. Erməni quldur dəstələri Türkiyə, Naxçıvan və İrəvandan sonra Zəngəzuru da qana boyayır, onların da kəndini, evlərini görünməmiş vəhşiliklə məhv edir, körpəlikdən həm ata, həm ana əvəzi olan nənəsini də bütün qohum-əqrəbaları ilə birlikdə diri-diri yandırırlar. Bundan sonra Əli Şamaxı şəhər idarəsində yüksək vəzifə tutan dayısı Yusif ağanın yanına gəlir, burada təhsil alır, bu ailənin bərabərhüquqlu bir üzvünə çevrilir.

Yusif  ağa da zamanının böyük şəxsiyyəti idi. O, Türkiyə və Qafqazın tarixinə onlarla tanınmış dövlət, hərbi xadim bəxş edən, Zəngəzurun ən nüfuzlu, əsilli-köklü bəy nəslinin-Sultanovların nümayəndəsi kimi rus-yapon müharibəsində igidliyi ilə ad-san qazanmışdı, rus hökumətinin ordenlərinə layiq görülmüşdü.

Əmiraslanovlar da daxil olmaqla, bir çox tanınmış alim və ziyalılar məhz Yusif  ağanın  himayəsi ilə yaşayıb, oxuyub, özlərinə həyatda mövqe tutub, xalqa, Vətənə layiqli xidmət göstəriblər.

Ermənilərin törətdiyi daha bir qanlı qırğın bu dəfə Əlinin sığındığı  Şamaxıda da təkrar olunur. Əli yaşının az olmasına baxmayaraq, əldə silah kin və nifrətlə erməni daşnaklarına qarşı döyüşlərdə iştirak edir. Rus dilini yaxşı bilməsi, ağlı, fərasəti, iradəsi onu Moskvaya-uşaqlıqdan təbiətən doğma olan Mədən İnstitutuna gətirib çıxarır, ali məktəbi bitirib elmi-tədqiqat institutunda elmi işçidən SSRİ Baş Geologiya İdarəsinin rəisi, Əlvan Metallurgiya Nazirliyinin idarə rəisi, kollegiya üzvü, Stalinin geologiya məsələləri üzrə müşaviri, geologiya-minerologiya elmləri doktoru, SSRİ Elmlər Akademiyasının ilk azərbaycanlı müxbir üzvü kimi şərəfli mərtəbələrə aparıb çıxarır. SSRİ-nin, eləcə də dünyanın 10-dan çox ölkəsinin zəngin mədənlərinin kəşfi, tədqiqi, işlənməsində misilsiz xidmətlər göstərir. Vətənini sevən, ailəsinə bağlı nəcib insan olan Ə.Əmiraslanov sovet geologiya elminə əvəzsiz töhfələr verir, keçmiş sovetlər ittifaqından kənarda da xalqımızı, onun intellektual səviyyəsini ləyaqətlə təmsil edir.

M.C.Bağırov onu bir neçə dəfə Azərbaycan Nazirlər Soveti sədrliyinə, Elmlər  Akademiyası prezidentliyinə israrla dəvət etsə də, o bütün ruhu ilə bağlı olduğu elmi fəaliyyəti, geoloq-mühəndisliyini üstün tutub, Azərbaycan elmini Moskvada və xaricdə təmsil etməyi qərara alıb.

Ə.Əmiraslanov cəmi  62 il yaşayıb, Moskvada “Novodevicye” qəbristanlığında dəfn edilib, özündən sonra onlarla sanballı elmi əsər,  layiqli yetirmələr, xalqımızın adını ucaldan ləyaqətli övladlar qoyub gedib.

Əli Əmiraslanovun böyük türk şairi Nazim Hikmət, onun azərbaycanlı tədqiqatçısı Əkbər Babayev, bir çox görkəmli alimlərlə dostluq, akademik Həmid Araslının ailəsi ilə qohumluq, eləcə də Yusif  ağanın sevimli nəvəsi, həyatdan vaxtsız getmiş görkəmli şərqşünas alim, nəcib insan Aida xanım İmanquliyeva ilə də əziz qohumluq ünsiyyəti haqqında çox danışmaq olar.

Ə.Əmiraslanov əsl azərbaycanlı idi. Uşaqlarına daim azərbaycanlı olduqlarını xatırladar, doğulduğu yer-yurd, qohum-əqrəbalar haqqında danışarmış. Dövrün, zamanın gətirdiyi ürək ağrıları bu fədakar insanı çox tez yaxalayıb, son nəfəsində ətrafına toplaşanların təəccüblərinə rəğmən son sözlərini Azərbaycan dilində söyləyib, bir neçə dəfə “əlvida“ deyərək gözlərini əbədi yumub.

Bu nəslin nümayəndəsi Mehbalı Əmiraslanovun xatirəsi də xüsusi məhəbbətlə anılmalıdır. 1939-cu ildə Toxuculuq Sənayesi xalq komissarı təyin edilən Mehbalı Əmiraslanov az sonra Azərbaycan KP MK-nın tikinti üzrə katibi seçilib.

Böyük Vətən müharibəsində süvari korpusunun komissarı və atıcı diviziyanın siyasi şöbəsinin rəisi kimi iştirak edib, müharibə bitdikdən sonra isə onun “Zaqafqaziya-sənayetikinti“ trestinin yaradılmasında böyük əməyi olub. Sumqayıt boru-prokat zavodunun qurucusu və ilk direktoru vəzifəsindən Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, yenidən Mərkəzi Komitə katibi, büro üzvü, SSRİ və Azərbaycan SSR Ali Sovetinin deputatı kimi zəngin ömür yolu keçib, ölkəmizdə çox dəyərli işlər görüb, prinsipial, yüksək təşkilatçılıq qabiliyyətinə malik dövlət və ictimai xadim kimi tanınıb.

Mehbalı Əmiraslanovun portretinə güzgü tutan, yaşlı adamların indi də yaddaşında olan bir hadisə SSR-nin baş geoloqu Əli Əmiraslanovun qızı tanınmış yazıçı Elvira Araslının (Elvira Əli qızı Əmiraslanovun) “İnsan və onun zamanı (atam haqqında xatirələr)” kitabında da yer alıb. Mircəfər Bağırovun məhkəməsində yalnız M.Əmiraslanov onun fəaliyyətinin ancaq yaxşı cəhətlərindən danışıb, üzünə durmayıb. O, neçə-neçə dəyərli insanı Stalin repressiyasının cəngindən xilas edib.

P.S. Gələn il dünya şöhrətli geloloq-alimin anadan olmasının 120 illiyi tamam olur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*