“İkinci Qarabağ müharibəsi pilotsuz uçuş aparatlarının üstünlüyünü dünyaya əyani şəkildə nümayiş etdirdi. Bir çox ölkə Qarabağ müharibəsini diqqətlə izləyərək pilotsuz uçuş aparatlarının alınmasına qərar verdi. Polşa və Ukrayna İkinci Qarabağ müharibəsindən sonra Türkiyədən “Bayraqdar” aparatlarının alınmasına qərar verdilər. Bu say artmaqdadır”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, Hindistanın da pilotsuz uçuş aparatlarına marağı artıb: “Hindistanla Çin arasında sərhəd problemi mövcuddur, Himalay dağlarının ətrafında gərginlik hökm sürür, ara-sıra toqquşmalar qeydə alınır. Hər iki ölkə zaman-zaman bu ərazilərdə hərbi təlimlər keçirməklə güclərini nümayiş etdirir. Bu arada, Hindistanın baş naziri Narendra Modi ordunun modernləşdirilməsinə qərar verib. Məqsəd quru və hava qüvvələrini gücləndirməkdir. Bu məsələdə Hindistana ABŞ dəstək verir. Hindistan, Avstraliya və Yaponiya ilə birgə ABŞ-ın formalaşdırdığı dördlü blokun üzvüdür. Buna görə də Amerika tərəfdaş dövlətlərin ordularını gücləndirməyi özünə borc bilir”.

Politoloq əlavə edib ki, Hindistan Amerika ilə yanaşı Rusiya ilə də hərbi-texniki əməkdaşlığı genişləndirməyə çalışır: “Hindistan Rusiyadan “T-90” və “T-72” tankları, “Cu-30” hərbi təyyarələri alıb. Bundan başqa Hindistanla Rusiya birgə “BrahMos” raketlərini istehsal edirlər. Hindistan bu raketləri Çinin Tibetlə sərhəd ərazisində də yerləşdirib. Göründüyü kimi, Hindistan az sayda ölkələrdəndir ki, bir-biri ilə münasibətləri gərgin olan həm ABŞ, həm də Rusiyadan hərbi texnika alır. Baxmayaraq ki, Rusiya Çinlə strateji tərəfdaşlıq münasibətləri qurub, Kreml Amerikadan silah alan Hindistana hərbi texnika satmaqdan çəkinmir. Bu Çinin xoşuna gəlməsə də, Rusiya-Hindistan hərbi əməkdaşlığı reallıqdır. Digər tərəfdən Çin və Hindistan, aralarındakı mübahisələrə baxmayaraq, hər ikisi Rusiya ilə birgə Şanxay Əməkdaşlıq Təşkilatının üzvləridir. Kreml bu təşkilat çərçivəsində iki ölkəni barışdırmağa çalışsa da, nəticə əldə etmədi”.
Elxan Şahinoğlunun sözlərinə görə, hərbi ekspertlər Çinin son illərdə hərbi gücünün dəfələrlə artırdığını bildirirlər: “Ona görə də, Hindistan Çindən geri qalmamağa çalışır. Buna baxmayaraq, Çinin hərbi büdcəsi Hindistanın hərbi büdcəsindən ən azı 3 dəfə çoxdur. Dehli ordunu modernləşdirməklə, yeni hərbi texnika almaqla Çindən geri qalmaq istəmir”.
Müşviq Tofiqoğlu
KONKRET.az
