Məhkəmənin vətəndaşın xeyrinə qərar qəbul etməsi heç də hər zaman problemin həll olunduğu anlamına gəlmir. Bəzən məhkəmə qərarı qüvvəyə minsə də, onun icrası aylarla yubadılır, borcların tutulması üçün zəruri tədbirlər görülmür və ya icra məmurları vətəndaşların müraciətlərinə lazımi qaydada reaksiya vermirlər. Belə hallar vətəndaşların haqlı narazılığına səbəb olmaqla yanaşı, məhkəmə qərarlarının icrasının effektivliyi məsələsini də gündəmə gətirir.
Bəs icra məmuru öz vəzifəsini yerinə yetirmədikdə vətəndaş hara şikayət etməlidir? Ədliyyə Nazirliyinə müraciət etmək daha məqsədəuyğundur, yoxsa birbaşa məhkəməyə üz tutmaq?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Tağı Hüseynov bildirib ki, icra məmurlarının hərəkətindən və ya hərəkətsizliyindən şikayət etmək üçün mövcud olan iki mexanizm arasında mühüm fərqlər var.

Onun sözlərinə görə, vətəndaş icra məmurunun fəaliyyətindən Ədliyyə Nazirliyinin müvafiq strukturuna şikayət edə bilər. Bu halda müraciət aidiyyəti qurum tərəfindən araşdırılır və icra məmurunun fəaliyyətində qanun pozuntusu və ya xidməti nöqsan aşkarlandıqda onun barəsində müvafiq tədbirlər görülə bilər:
“Ədliyyə Nazirliyinin icra və probasiya sahəsinə nəzarət edən müvafiq qurumları icra məmurlarının fəaliyyətini yoxlamaq və aşkar olunan nöqsanlarla bağlı tədbirlər görmək səlahiyyətinə malikdir. Vətəndaşın şikayəti əsasında araşdırma aparıla, icra məmurunun fəaliyyətinə qiymət verilə və zəruri hallarda onun intizam məsuliyyətinə cəlb olunması məsələsi qaldırıla bilər”.
Hüquqşünas hesab edir ki, məhkəməyə müraciət etmək bir sıra hallarda vətəndaşın hüquqlarının müdafiəsi baxımından daha effektiv mexanizmdir.
“Ədliyyə Nazirliyinə şikayət edildikdə vətəndaş araşdırmanın bütün mərhələlərində birbaşa iştirak etməyə bilər. Hansı sənədlərin toplandığı, icra məmurunun fəaliyyətinin necə yoxlanıldığı və araşdırmanın hansı qaydada aparıldığı barədə onun məlumatı məhdud ola bilər. Məhkəmədə isə vəziyyət fərqlidir. Vətəndaş prosesdə iştirak edir, icra məmurunun izahatları ilə tanış olur və öz mövqeyini birbaşa ifadə etmək imkanı qazanır”.
Ekspertin sözlərinə görə, məhkəmə araşdırması zamanı icra məmurundan konkret icra işi üzrə hansı tədbirlərin görüldüyünə dair izahat və müvafiq sənədlər tələb olunur.
“İcra məmuru məhkəməyə dəvət oluna və ondan icra sənədi üzrə həyata keçirdiyi tədbirlər barədə məlumat istənilir. Məsələn, borcun tutulması üçün hansı addımlar atılıb, borclunun əmlak vəziyyəti araşdırılıbmı, müvafiq sorğular göndərilibmi və ümumiyyətlə, məhkəmə qərarının icrası üçün hansı işlər görülüb? Bütün bu məsələlər məhkəmə araşdırmasının predmetinə çevrilə bilər. Vətəndaş da təqdim olunan sənədlərlə tanış olmaq, icra məmurunun izahatlarına münasibət bildirmək və öz dəlillərini irəli sürmək imkanı əldə edir”.
Hüquqşünas vurğulayıb ki, məhkəmə araşdırmasının əsas üstünlüklərindən biri prosesin tərəflərin iştirakı ilə aparılması və icra məmurunun fəaliyyətinə hüquqi qiymət verilməsi imkanının olmasıdır.
“Əgər müəyyən edilərsə ki, icra məmuru qanunla üzərinə düşən vəzifələri yerinə yetirməyib, zəruri icra hərəkətlərini aparmayıb və ya həmin hərəkətləri qanunvericiliyin tələblərinə uyğun həyata keçirməyib, məhkəmə bununla bağlı müvafiq qərar qəbul edə bilər. Qanunsuz hərəkət və ya hərəkətsizlik müəyyən edildikdə pozuntunun aradan qaldırılması üçün hüquqi əsas yaranır. Zəruri hallarda aşkar edilmiş nöqsanlarla bağlı aidiyyəti qurumların məlumatlandırılması məsələsi də gündəmə gəlir”.
Ekspert sonda qeyd edib ki, icra məmurunun fəaliyyətindən narazı qalan vətəndaşlar hüquqlarının müdafiəsi üçün qanunvericilikdə nəzərdə tutulan şikayət mexanizmlərindən istifadə edə bilərlər. Ədliyyə Nazirliyinə müraciət əsasən xidməti nəzarət və intizam tədbirləri baxımından əhəmiyyət daşıdığı halda, məhkəməyə şikayət icra məmurunun hərəkət və ya hərəkətsizliyinin qanuniliyinin məhkəmə qaydasında yoxlanılmasına imkan verir.
Qeyd edək ki, məhkəməyə şikayətin verilməsi zamanı qanunvericilikdə müəyyən edilmiş aidiyyət, prosessual qayda və müddətlər nəzərə alınmalıdır. Şikayətin təmin edilməsi isə məhkəmə qərarının dərhal və faktiki icra olunacağına avtomatik zəmanət vermir.
Aynurə İsmayıl
KONKRET.az
