Təsəvvür edin: nüvə sualtı qayığı okeanın bir neçə yüz metr dərinliyindədir. Gəmi həftələrlə, hətta aylarla suyun altında qalır. Onun göyərtəsində yüzdən çox hərbçi xidmət edir. Belə bir şəraitdə ən böyük təhlükə heç də həmişə düşmən torpedaları olmur. Bəzən yeni əsgərin sıxdığı iki damcı odekolon belə ciddi problem yarada bilər.
Nüvə sualtı qayığında xidmətə başlayan hər bir yeni hərbçinin şəxsi əşyaları gəmi heyətinə təhvil verilməzdən əvvəl ciddi yoxlamadan keçirilir. Komandir və təcrübəli sualtıçılar onun baqajını diqqətlə nəzərdən keçirirlər. Ətir, saç lakı, aerozol dezodorant, «Qızıl ulduz» balzamı, hətta bəzi markerlər və korrektorlar belə qadağan olunmuş əşyalar siyahısına düşə bilər.
İlk baxışdan bu, adi hərbi intizam qaydası təsiri bağışlayır. Halbuki məsələ daha ciddidir: söhbət qapalı və məhdud həcmdə olan havanın keyfiyyətindən, nəticə etibarilə isə bütün ekipajın sağlamlığından gedir.
Sualtı qayıq suya endikdən sonra xarici atmosferlə hava mübadiləsi son dərəcə məhdudlaşır. Uzunmüddətli sualtı səfərlər zamanı gəmi faktiki olaraq özünün qapalı həyat təminatı sisteminə arxalanır.
Burada oksigen xüsusi sistemlər vasitəsilə, o cümlədən suyun elektrolizi yolu ilə əldə edilə bilər. İnsanların nəfəs alması nəticəsində yaranan karbon qazı isə kimyəvi uducular vasitəsilə havadan təmizlənir. Havanın tərkibi fasiləsiz nəzarətdə saxlanılır.
Məhz buna görə də sualtı qayıqda havaya yayılan hər bir əlavə kimyəvi maddə potensial təhlükə hesab olunur. Adi mənzildə istifadə etdiyimiz ətir, dezodorant və digər aerozol məhsullar qapalı gəmi şəraitində havanın tərkibinə təsir göstərə bilər.
Bəzi uçucu üzvi birləşmələr hava təmizləmə sistemlərinin işini çətinləşdirir. Xüsusi filtr və katalitik qurğular bu maddələrin bir hissəsini zərərsizləşdirmək üçün nəzərdə tutulsa da, bütün kimyəvi birləşmələr eyni üsulla təmizlənmir. Bəzi maddələr filtr materiallarının effektivliyini azalda, digərləri isə zərərli parçalanma məhsulları yarada bilər.
Belə şəraitdə havanın keyfiyyətinin pozulması ekipaj üzvlərində baş ağrısı, ürəkbulanma, halsızlıq və digər sağlamlıq problemlərinə səbəb ola bilər. Uzunmüddətli və yüksək konsentrasiyalı kimyəvi təsir isə daha ciddi nəticələr doğura bilər.
Təsəvvür edin, yüzdən çox insanın həyatı və mürəkkəb hərbi tapşırığın icrası bir neçə nəfərin məsuliyyətsiz davranışı ucbatından təhlükəyə düşür. Belə hallarda sualtı qayığın hava təmizləmə sistemlərinin normal fəaliyyətini qorumaq həyati əhəmiyyət daşıyır.
Bəs sualtı qayıqlara xas olan o qəribə, ağır qoxu haradan yaranır?
Sualtı qayıqda uzun müddət xidmət etmiş insanların danışdıqlarına görə, bu qoxu kifayət qədər spesifikdir. Maşın yağı, metal, müxtəlif texniki mayelər, hava təmizləmə sistemlərinin özünəməxsus qoxusu və uzun müddət qapalı məkanda yaşayan insanların təri bir-birinə qarışır. Nəticədə adi şəraitdə rast gəlinməyən, yaddaşda uzun müddət qalan bir qoxu yaranır.
Hətta bəzi keçmiş sualtıçıların sözlərinə görə, gəmidə istifadə etdikləri hərbi formaları dəfələrlə yusalar, çoxlu yumşaldıcı vasitə işlətsələr və günlərlə açıq havada qurutsalar belə, həmin spesifik qoxu tamamilə yox olmur.
Bəlkə də bu, sadəcə bir qoxu deyil. O, aylarla günəş işığı görməyən, yüzlərlə metr dərinlikdə yaşayan, hər an intizam və məsuliyyət tələb edən xüsusi bir həyat tərzinin yaddaşda qalan izidir.
Sualtı qayıqlarda xidmət etmiş şəxslər, bu deyilənlər nə dərəcədə doğrudur? Həqiqətən də ətir, dezodorant və digər məişət vasitələrindən istifadə qadağandırmı? Bəs o məşhur sualtı qayıq qoxusu necə, doğrudanmı yuyulmaqla belə getmir?
Ağagül Mürsəlov,
KONKRET.az
