Azərbaycanda əlilliyi olan şəxslərin statusunun ləğv edilməsi və əlillik pensiyasının bərpası ilə bağlı problemlər yenidən gündəmə gəlib. Bir sıra hallarda əlilliyi ləğv edilən vətəndaşlar statuslarının bərpası üçün aylarla müxtəlif dövlət qurumları arasında sənəd daşımalı, tibbi müayinələrdən keçməli və əlavə prosedurlarla üzləşməli olurlar.
Bəs bu proses nə qədər davam edəcək və problemin qarşısının alınması üçün hansı dəyişikliklərə ehtiyac var?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, əlilliyin müəyyən edilməsi mexanizmləri köklü şəkildə dəyişdirilməlidir.

Onun sözlərinə görə, mövcud sistemdə insan faktorunun geniş iştirakı müxtəlif narazılıqların yaranmasına, bəzi hallarda isə prosesin subyektiv xarakter almasına səbəb olur:
“Nə qədər ki, mövcud mexanizmlər qalacaq, bu mexanizmlər üzərindən narazılıqlar da kütləviləşəcək. İnsan faktorunun iştirak etdiyi əlilliyin müəyyən edilməsi və diaqnozların qoyulması halları varsa, belə vəziyyətlərdə neqativ məqamların ortaya çıxması mümkündür”.
İqtisadçı hesab edir ki, əlilliyin təyin edilməsi maksimum dərəcədə avtomatlaşdırılmalı və elektron sistem üzərindən həyata keçirilməlidir. Onun fikrincə, proses tam şəffaf qurulmalı, vətəndaş isə dövlət qurumları arasında sənəd daşıyan tərəfə çevrilməməlidir.
Razi Abbasbəyli xüsusilə əlilliyin I, II və III dərəcələrinin müəyyənləşdirilməsi zamanı ciddi problemlərin yaşandığını vurğulayıb.
“Bəzən elə hallar olur ki, vətəndaşın, məsələn, bir qolu yoxdur. Bu şəxsin qolunun bərpa olunması və əvvəlki əmək qabiliyyətinin yenidən formalaşması faktiki olaraq mümkün deyil. Buna baxmayaraq, həmin şəxsin əlilliyi ləğv edilir və o, aylarla yenidən sənədlər toplamaq məcburiyyətində qalır. Dövlət qurumları arasında sənədlərin çatdırılması funksiyasını vətəndaş özü yerinə yetirir. Aylar sonra onun əlilliyi yenidən bərpa olunur.
Bəzən isə təəssüf ki, imtina qərarı da verilir”, – deyə ekspert bildirib.
Ekspert hesab edir ki, ömürlük təyin edilmiş əlilliklər üzrə təkrar qiymətləndirmə prosedurları ləğv edilməlidir.
Onun sözlərinə görə, xəstəlik və sağlamlıq vəziyyəti ilə bağlı məlumatlar vahid elektron sistemdə əks olunmalı, vətəndaşın tibbi tarixçəsi aidiyyəti dövlət qurumları üçün əlçatan olmalıdır:
“Xəstəliklər üzrə Səhiyyə Nazirliyinin konkret siyahısı olmalıdır və bərpa olunması mümkün olmayan hallarla bağlı qəbul edilmiş qərarlar dəyişməz qalmalıdır. Xəstəliyin sağalması və ya sağlamlıq vəziyyətində dəyişikliklərlə bağlı bütün tibbi tarixçə elektron sistemdən əldə olunmalıdır”.
Razi Abbasbəyli əlavə edib ki, “Elektron hökumət” portalında vətəndaşın səhiyyə xidmətləri ilə bağlı bütün məlumatlar formalaşdırılmalıdır. Bu halda vətəndaş dövlət qurumları arasında sənəd və sorğu daşımaq məcburiyyətində qalmayacaq.
“Bu sistem maksimum elektronlaşdırılmalıdır. Burada insan faktorunun rolu mümkün qədər azaldılmalıdır. Sistem özü məlumat bazasında olan göstəricilər əsasında müvafiq analizləri həyata keçirməlidir. Yalnız zərurət yarandığı halda əlilliyin yenidən müəyyənləşdirilməsi proseduru tətbiq olunmalıdır. Bu zaman da proses aylarla davam etməməli, bir neçə saat ərzində müvafiq həkim müayinələri ilə yekunlaşdırılmalıdır. Vətəndaşın əlilliyi ləğv olunursa, onun yenidən bərpası üçün aylarla kağız sənəd daşıması yolverilməzdir”, – deyə iqtisadçı vurğulayıb.
Ekspert bu sahədə süni intellekt texnologiyalarından istifadənin də mümkün olduğunu düşünür.
“Artıq dünyanın bir sıra ölkələrində əlilliyin, pensiya və təqaüdlərin təyin edilməsi sistemlərində süni intellekt imkanlarından istifadə olunur. Süni intellekt daxil edilmiş məlumatlar əsasında vətəndaşın həqiqətən əlilliyinin olub-olmadığını və ona əlillik təyin edilməsinin zəruriliyini müəyyənləşdirə bilər. Bu halda şəffaflığı təmin etmək daha mümkün olar”, – deyə Razi Abbasbəyli bildirib.
İqtisadçı hesab edir ki, yekun qərarın yalnız insan faktorundan asılı olduğu sistemdə subyektiv yanaşmaların və narazılıqların qarşısını tam almaq mümkün deyil.
“Əgər vətəndaşın sağlamlıq vəziyyəti ilə bağlı qərarı yalnız həkim və ya ayrı-ayrı şəxslər verəcəksə, müəyyən problemlərin davam etməsi mümkündür. Mərkəzləşdirilmiş sistemdə son qərarın mümkün qədər obyektiv, elektron və avtomatlaşdırılmış mexanizmlərlə verilməsi təmin edilməlidir. Əks halda bu cür hallar davam edəcək və narazılıqlar kifayət qədər kütləvi xarakter daşıyacaq”, – deyə ekspert əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az
