Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına ETİRAZ ETDİbackend

Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına ETİRAZ ETDİ

Əməkdar jurnalist Vüsal Məmmədov Bakıda çayxanaların praktiki olaraq yoxa çıxması ilə bağlı paylaşım edib.

KONKRET.az xəbər verir ki, jurnalist çay mədəniyyətinin Azərbaycan üçün əhəmiyyətindən danışıb.

“Kofe-şoplara qarşı deyiləm, özüm də kofe sevirəm. Amma Bakıda çayxanaların praktiki olaraq yoxa çıxması artıq problemdir. Çay bizim qədim ənənələri olan sosial içkimizdir. Azərbaycanda çay süfrəsi və çayın necə içilməsi başqa ölkələrdən fərqləndiyi üçün hətta müəyyən mənada milli içkimiz də saya bilərik. Əgər tapsaq. Tapmaq isə getdikcə çətinləşir.

Artıq kiməsə “gedək, bir çay içək” demək olmur. Bakıda normal çay içmək üçün yer tapmaq mümkün deyil. Ən yaxşı halda sənə bir qutu çayın qiymətinə fincana salınmış paket sırıyırlar. Həmin fincandakı məhlul ilə bizim “çay” deyərkən nəzərdə tutduğumuz içkinin arasında isə yerlə göy qədər fərq olur. Əvvəllər çay dəmlənirdi, indi isə qəmlənir.

Getdikcə bölgələrdə də belə olacaq. Artıq rayon yollarının qırağında da göbələk kimi kofe-şoplar peyda olmağa başlayır. “Z nəsli” sükan arxasına keçdikcə çayxanalar yoldan çəkilirlər. Bu, bir qədər sonra çayxanaların yoxa çıxacağından xəbər verən ilk simptomdur.

Əlində kofe harasa gedən insanın qlobal obrazı çay süfrəsinin arxasında söhbət edən Azərbaycan insanının unikal obrazını məhv edib. Bu isə özünü iqtisadiyyatda da göstərir. Bizim fast-food məntiqi ilə qurulan fast-həyatımızda kofe fast-drinkin boş qalmış müqəddəs yerini tutur.

Yolda bir çay alıb içə-içə getmək çox axmaq mənzərə olardı. Çayı içməyin öz ədəb-ərkanı var. Kofe isə bu rolda yerində görünür. Bakının hamının nəyəsə görə harasa tələsdiyi psevdomeqapolis ritmində çaya yer yoxdur.

İqtisadiyyatın öz qanunları var, başa düşürəm. Amma bu qanunlar bizim əsrlərlə formalaşan mədəniyyətimizin üstündən xətt çəkirsə, onda nə etməliyik?

“Bakının unikal siması” təkcə daş-divar demək deyil. Bakının çay mədəniyyəti də onun unikal siması idi”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*