Məlum olduğu kimi, 1999-cu il oktyabrın 27-də Nairi Hunanyanın başçılıq etdiyi bir neçə terrorçu Ermənistan parlamentinin binasına soxularaq spiker Karen Dəmirçiyanı, baş nazir Vazgen Sarkisyanı, vitse-spikerlər Yuri Baxşiyanı və Ruben Miroyanı, əməliyyat məsələləri üzrə nazir Leonard Petrosyanı güllələmişdilər. Güllələnənlər arasında deputatlar Armenak Armenakyan, Henrix Abramyan və Mikael Kotanyan da var idi.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, terrorçuların məhkəməsi 2001-ci ilin fevralında başlayıb və 2003-cü ilin dekabrına qədər davam edib. Qrupun lideri Nairi Hunanyan, onun qardaşı Karen Hunanyan, əmisi Vram Qalstyan, həmçinin Derenik Becanyan, Edik Qriqoryan və Aşot Knyazyan da daxil olmaqla 6 terrorçu ömürlük həbs cəzasına məhkum edilib. Hamlet Stepanyan 14 il müddətinə azadlıqdan məhrum edilib.
Çox maraqlıdır ki, terrorçuların, eləcə də onların qohumlarının və 27 oktyabr terror aktının şahidlərinin taleyi çox qəribə şəkildə olub.
Belə ki, onların hamısı fərqli və müəmmalı şəraitdə dünyalarını dəyişib:
– Unanyanın əmisi Vram Qalstyan 2004-cü ildə Nubaraşen təcridxanasında özünü asıb. Ölümündən sonra onun istintaqa və jurnalistlərə bəzi kompromatları deyəcəyi barədə xəbərlər yayılsa da, vaxtı olmayıb.
– Hamlet Stepanyan 2010-cu ilin mayında həbsxana kamerasında gözlənilmədən öldü. Məsələ burasındadır ki. onun azadlığa buraxılmasına cəmi iki il qalmışdı.
– Cinayət işində adı hallanan digər şəxs Norayr Yeqiazaryan isə istintaq təcridxanasında dünyasını dəyişib. Rəsmi versiyaya görə, o, elektrik cərəyanı vurmasından ölüb.
– Terror işi üzrə şahid, parlamentdə keçmiş tibb bacısı Roza Hovhannisyan avtomobil qəzası nəticəsində ölüb.
– İş üzrə şahid, parlamentin Protokol şöbəsinin əməkdaşı Hasmik Abramyan isə rəsmi versiyaya görə, intihar edib.
Nairi Hunanyanın anasının cəsədi bir neçə ildən sonra Yevpatoriyada eyni dərəcədə qəribə şəraitdə tapılıb.
Natiq Səlim,
KONKRET.az