Türkiyənin Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı Rusiyanın Dağıstan və Orenburq vilayətlərindən tutmuş, Altay və Yakutiyaya qədər bir sıra bölgələri özündə birləşdirən “Türkiyənin dünya xəritəsi” fonunda öz fotosunu paylaşıb. Söhbət Rusiya Federasiyasının 20-yə yaxın ərazi subyektindən gedir.
KONKRET.az xəbər verir ki, Baxçalının belə bir xəritə fonunda foto paylaşması xüsusən Rusiya və Ermənistan mətbuatında birmənalı qarşılanmayıb.
Gündəlik “Respublika Armenia” qəzetində dərc olunan analitik məqalədə bu paylaşıma geniş yer ayrılıb. Müəllif fotoxəritədə Sibirin böyük ərazilərinin əks olunduğuna diqqət çəkib. Dövlət Baxçalının bu xəritəni Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) İstanbulda keçirilən sammitindən, “Türk dünyasının 2040-cı ilə qədər baxışı” bəyannaməsinin qəbul edilməsindən bir gün sonra paylaşdığı xüsusi vurğulanıb.
İpək Şalunts imzası ilə dərc edilən məqalədə müəllif Türkiyə lideri Ərdoğanın çıxışından sitat da gətirir: “Türk Dövlətləri Təşkilatı heç kimi narahat etməməlidir, əksinə biz tarixi ortaqlıqlara əsaslanan bu yeni yaranan strukturun bir hissəsi olmağa çalışmalıyıq. Bu təşkilat dövlətlərarası münasibətlərin inkişafı üçün yeni bir platformadır” – deyə Ərdoğan vurğulayır.
Məqalədə xatırladılır ki, hələ fevral ayında Türkiyənin “TRT1” telekanalında “2050-ci ilə qədər Türkiyənin bir hissəsi olacaq ərazilər” haqda sujet yayımlanıb. Onların arasında Yunanıstan, Ermənistan, Kipr, Gürcüstan, Abxaziya, Cənubi Osetiya, Azərbaycan, Misir, Liviya, həmçinin Ərəbistan yarımadası və Mərkəzi Asiyanın əksər hissəsi olub. Türkiyəyə keçməli olan bəzi Rusiya əraziləri, xüsusən Rostov, Volqoqrad, Həştərxan, Saratov, Samara vilayətləri, Çuvaşiya, Çeçenistan, Dağıstan, Adıgey, Şimali Osetiya, Krım, Sastopol, Krasnodar və digər yerlərin adları çəkilib.
“RA”nın məqalə müəllifi Rusiya Dövlət Dumasının Yakutiyadan olan deputatı Fedot Tumusovun açıqlamasını da dərc edib. Rusiyalı deputat Türkiyənin bu cür ərazi iddialarını boş və mənasız addım kimi xarakterizə edib: “Bəli, biz türkük, amma belə bir xəritə çəkmək faydasızdır. Rusiya bu cür hərəkətlərə cavab verməlidir. Niyə başqa dövlət bizim ərazi bütövlüyümüzə qəsd etməlidir?” – o deyib. Eyni zamanda, Rusiya Dumasının aşağı palatasının Tatarıstandan olan deputatı Ayrat Fərəxov Dövlət Baxçalının bu paylaşımını Türkiyənin mövqeyi kimi qiymətləndirməyə lüzum olmadığını bildirib: “Məncə Türkiyənin Rusiyaya qarşı heç bir ərazi ambisiyası yoxdur”. Millət vəkili Türkiyənin Tatarıstanda böyük sərmayəçi olduğuna və iş yerləri açdığına diqqət çəkib. O, Türkiyə ilə əməkdaşlığı qarşılıqlı faydalı və səmərəli addım adlandırıb. Onun sözlərinə görə, Rusiya bu cür “hərəkətlərə” reaksiya verməməlidir.
“Bu, onların adi ambisiyasıdır, yeni heç nə yoxdur. İstənilən türk dərsliyində bu xəritəyə rast gəlmək olar”. Bu fikirləri isə qəzetə açıqlamasında Rusiya Elmlər Akademiyasının elmi işçisi Viktor Rayevski deyib: “Uşaqlara məktəbdən buranın yalnız türklərin yaşadığı ərazilər olduğunu öyrədirlər. Söhbət böyük bir Turan imperiyası yaratmaq ideyasından gedir. Rayevski əlavə edib ki, hazırda Türkiyədə bir çox təşkilat bu siyasətə sadiqdir və Ərdoğan hökuməti tərəfindən dəstəklənir.
Məqalə müəllifinin qeyd edir ki, “Boz Qurdlar” Türkiyədə o qədər də dəstək görməyən ifrat sağçı millətçi partiyadır. Lakin Ərdoğanın Baxçalı ilə isti münasibətlərinin olduğunu unutmaq mümkün deyil. Türk Şurasının adının dəyişdirilməsi nəticəsində yaranan Türk Dövlətləri Təşkilatı “Böyük Turanın”, nəhəng Avrasiya imperiyasının özəyini təşkil edir. Bu isə yalnız Rusiya məhv edilərsə reallığa çevrilə bilər.
Rusiyaya və şəxsən Putinin yürütdüyü siyasətə gəlincə müəllif qeyd edir ki, bu, çoxlarını narahat edir. Problem ondadır ki, Rusiyada söz azadlığı yoxdur və Putin rejiminə qarşı çıxanlar təqib olunurlar. Danışanlar isə Kremlin təbliğatı çərçivəsində olanlardır. Məsələn, 44 günlük müharibə zamanı rusiyalı şərhçi Vladimir Solovyovun efirində çıxış edən tanınmış analitiklər Türkiyənin Azərbaycanda təsirinin artması və bunun Rusiyaya zərəri barədə xəbərdarlıq ediblər.
Doğrudur bir neçə rusiyalı ekspert türk ambisiyalarından danışır, bunu Rusiya üçün birbaşa təhlükə hesab edir, amma Putin susur. Belə görünür ki, Rusiya ərazisində “Türk dünyasının xəritəsi”nin nümayişi rəvan və sakit qarşılanır. Bəzi rusiyalı ekspertlərin də qeyd etdiyi kimi, hazırkı Rusiya hakimiyyəti üçün, önəmli olan Türkiyə ilə pomidor ticarəti və Antalyada istirahətdir.
Müşviq Tofiqoğlu
KONKRET.az
