Ermənistan hakimiyyətinin ölkədəki referendumdan sonra Azərbaycanla bağlı “anklavlar” məsələsini müzakirə etməyə başlayacağı iddia olunur.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
Nəşrin məlumatına görə, əsas məsələ sərhədyanı Kərki kəndi ilə bağlıdır. Qəzet iddia edir ki, hakimiyyət rəsmi Bakının təklifi ilə məsələni referendumdan sonraya saxlamaq qərarına gəlib. Buna səbəb Kərkinin referendumdan əvvəl Azərbaycana qaytarılmasının hakim “Vətəndaş Müqaviləsi” partiyasına ciddi reputasiya zərbəsi vurması və referendumun nəticələrinə mənfi təsir göstərə bilməsidir.
Qəzet həmçinin qeyd edir ki, hakim “Vətəndaş Müqaviləsi” partiyasının bəzi nümayəndələri Kərkinin hazırda Azərbaycanın nəzarətində olan Başkənd anklavı ilə dəyişdirilməsini təklif edirlər.
Lakin nəşrin iddiasına görə, Baş nazir Nikol Paşinyan bu təklifə qarşıdır. O bildirir ki, konstitusiya referendumu keçirilmədən Ermənistanın suveren ərazisi hesab olunan Başkənddən imtina edə bilməz.
Xatırladaq ki, Başkənd kəndinin əsası 1845-ci ildə qoyulub. Bu tarixə qədər ərazidə seyrək yaşayış məskənləri olsa da bir kənd kimi tam formalaşması məhz bu tarixdə baş tutub.
Kəndin əsasını salan azərbaycanlılar oğuzların 24 boyundan biri olan Eymurlara mənsubdur.
Ermənilərin Başkəndə gəlişi XIX əsrin ortalarında başlayıb. Özü də bu proses birbaşa deyil, etapla baş verib.
Belə ki, ermənilər ilk vaxtlar burada yerli bəylərin mal-qarasını otarırdılar. 1858-ci ildə Başkənd kəndinin yerli bəyinin icazəsi ilə ermənilər kənddə məskən salmaq icazəsi alır. 1859-cu ildə isə Qarabağdan və Şəmşəddin rayonundan yeni erməni ailələri kəndə köçməyə başlayır. Bununla belə ermənilərin sayı təbii artımla heç vaxt azərbaycanlıları üstələməyib.
1905-1906-cı, 1918-1920-ci illərdə baş verən hadisələr zamanı ermənilər yerli azərbaycanlıları sıxışdırıb kənddən çıxardır. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra isə Sovet rəhbərliyi Azərbaycan SSR ilə Ermənistan SSR arasında münasibətlərin normallaşması naminə Başkəndi ermənilərə verir.
Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 25.01.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək Ardzvaşen (ermənicə: Qartalkənd) qoyulur.
Kənd 1992-ci ilə qədər Azərbaycanın Gədəbəy rayonunun içərisinə doğru erməni anklavı kimi qalıb.
Birinci Qarabağ müharibəsi başlamadan öncə ermənilər Başkəndi güclü istehkama çevirmişdilər. Bu yolla onlar Azərbaycanın Gədəbəy rayonunun Şınıx bölgəsini və Tovuz rayonunun bəzi kəndlərini atəş altında saxlamağı planlaşdırırdı.
1992-ci ilin yayında Ermənistan ordusu Gədəbəy rayonuna Ermənistan istiqamətindən geniştərkibli hücuma başlayır. Hücumun əsas məqsədi Başkəndin anklav vəziyyətindən çıxarılaraq Ermənistanla birləşdirilməsi idi.
Bu hücumların birində erməni ordusunun bölmələri hətta Şınıxın bir neçə kəndini tutmaqla Başkəndin anklav vəziyyətindən çıxarılıb Ermənistanla birləşdirilməsi planını həyata keçirməyə nail olur. Lakin bir neçə gün sonra Azərbaycan Milli Ordusunun yerli və Tovuz rayonunun Etibar Əmiraslanovun komandir olduğu özünümüdafiə batalyonunun döyüşçülərinin keçirdiyi uğurlu hücum əməliyyatı nəticəsində Başkənd işğalçılardan azad edilib.
Bu, Azərbaycan ordusunun o vaxt həyata keçirdiyi ən uğurlu hücum əməliyyatlarından biri kimi tarixdə qalıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
