1 il əvvəl itkin düşmüşdü, həyətində basdırıldığı məlum oldubackend

1 il əvvəl itkin düşmüşdü, həyətində basdırıldığı məlum oldu

Ötən il Bakıda itkin düşən 1954-cü il təvəllüdlü Lyudmila Veniaminovna Timofeyevanın taleyinə nəhayət aydınlıq gəlib. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin birgə həyata keçirdiyi kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qadının qəsdən öldürüldüyü müəyyən olunub.

KONKRET.az xəbər verir ki, istintaqın topladığı sübutlara əsasən, 1994-cü il təvəllüdlü Elnur Məmmədov 2025-ci ilin iyul ayında Şüvəlandakı yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı anası Lyudmila Timofeyevaya çoxsaylı yumruq və təpik zərbələri endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Bundan sonra o, meyit evin həyətində basdırıraq cinayətin izləri gizlədilməyə çalışıb.

Hadisə yerində aparılan qazıntılar zamanı məhkəmə-tibbi ekspertlərinin iştirakı ilə insan skeleti aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Elnur Məmmədova ittiham elan olunub. Hazırda istintaq davam etdirilir.

Bu hadisə son illərdə Azərbaycanda baş verən və ictimai rezonans doğuran qadın qətllərinin növbəti dəhşətli nümunəsidir. Ən narahatedici məqam isə qadınların əksəriyyətinin məhz ailə üzvləri və ya yaxın qohumları tərəfindən öldürülməsidir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində 74 nəfər həyatını itirib. Onlardan 49-u qadın olub. Məişət zorakılığından zərər çəkənlərin isə 80,9 faizini qadınlar təşkil edib.

Media monitorinqləri də göstərir ki, 2026-cı ilin əvvəlindən bəri ölkədə onlarla qadın qətlə yetirilib və ya ağır məişət zorakılığına məruz qalıb. Təkcə son bir ay ərzində mediada azı 12 qadının öldürülməsi və ya ağır zorakılığın qurbanı olması barədə xəbərlər yayılıb.

Mütəxəssislər bildirirlər ki, qadın qətllərinin əksəriyyəti qəfil baş vermir. Uzun müddət davam edən psixoloji təzyiq, fiziki zorakılıq, qısqanclıq, nəzarət və ailədaxili münaqişələr vaxtında müdaxilə olunmadıqda faciə ilə nəticələnir. Lyudmila Timofeyevanın işi də ailə daxilində baş verən zorakılığın nə qədər ağır nəticələr doğura biləcəyini bir daha nümayiş etdirir.

Problemin miqyası “Qadın Dəstək Xətti”nin açıqladığı son statistikada da öz əksini tapır.

2026-cı ilin ilk altı ayında Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Qadın Dəstək Xətti”nə təxminən 2500 müraciət daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur.

Hesabata əsasən:

-548 qadın zorakılıq faktı ilə bağlı yardım istəyib;

-698 müraciət psixoloji dəstəklə əlaqədar olub;

-384 nəfər hüquqi yardım üçün müraciət edib;

-233 müraciət sığınacaqla təmin olunmaq məqsədi daşıyıb;

-171 müraciət boşanma prosesində yaranan problemlərlə bağlı olub;

-127 müraciət sosial-maddi çətinlikləri əhatə edib;

-98 müraciət intihar düşüncələri ilə əlaqədar qeydə alınıb;

-54 müraciət qadınların istismarı və həssas vəziyyətindən sui-istifadə halları ilə bağlı olub;

-45 müraciət isə son illərin ən təhlükəli problemlərindən sayılan kiberzorakılıqla əlaqədar qeydə alınıb.

Qeyd olunur ki, bir çox qadın eyni vaxtda həm fiziki, həm psixoloji, həm də iqtisadi zorakılığa məruz qaldığını bildirib. Bütün müraciətlər fərdi qaydada qiymətləndirilib, zərurət yarandıqda aidiyyəti dövlət qurumları ilə koordinasiyalı tədbirlər görülüb.

Baş Prokurorluq əvvəlki illərdən açılmamış qalmış ağır cinayətlərin, eləcə də itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması istiqamətində digər hüquq-mühafizə orqanları ilə birlikdə kompleks tədbirlər davam etdirir.\\musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*