İyunun sonunda ümumi dövlət borcunun 64,7 faizinin xarici valyutada ifadə olunduğunu nəzərə alsaq, məzənnə dəyişkənliyi ortamüddətli perspektivdə Ermənistanın borc dinamikası üçün əsas riskdir.
KONKRET.az xarici mediaya istinadən xəbər veir ki, bu barədə Fitch Beynəlxalq Reytinq Agentliyinin Ermənistan üzrə hesabatında deyilir. Fitch bu il dramın ABŞ dollarına nisbətdə əhəmiyyətli dərəcədə bahalaşacağını proqnozlaşdırdığını açıqlayıb.
Agentlik Ermənistanın Xarici Valyuta Emitentinin Uzunmüddətli Defolt Reytinqini (IDR) Stabil proqnozla “B+” səviyyəsində təsdiqləyib.
Fitch bildirir ki, Ukraynadakı münaqişə və Rusiyaya qarşı sanksiyalar mart ayından etibarən Rusiya, Ukrayna və Belarus vətəndaşlarının Ermənistana əhəmiyyətli miqrasiyasına səbəb olub ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə ziyarətçilərin sayının 515% artması deməkdir.
Bunu ilin birinci yarısında Rusiyadan Ermənistana pul köçürmələrində 2021-ci ilin eyni dövrü ilə müqayisədə 200% artım təsdiq edir.
Agentlik vurğulayır ki, 2022-ci ilin iyun ayına olan məlumata görə, Ermənistanın bütün ixracının 31%-i və idxalının 36%-i, eləcə də birbaşa xarici investisiyaların təxminən 40%-i Rusiyanın payına düşüb. Ukraynada münaqişə başlayana qədər pul köçürmələri də daxil olmaqla pul köçürmələrinin 32%-nin mənbəyi Rusiya olub. Ermənistan həm də enerji təchizatında Rusiyadan asılıdır və Ukraynada münaqişə başlayandan Rusiya qazının idxalını rublla ödəyir.
Miqrantların böyük axını və nəticədə tələbatın artması inflyasiya təzyiqlərini daha da gücləndirib, istehlak qiymətlərinin artımı iyun ayında Ermənistan Mərkəzi Bankının 4% proqnozunu xeyli üstələyən 10,3%-lə son 11 ilin ən yüksək səviyyəsinə çatıb” – deyə Agentliyin hesabatında vurğulanıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
