“Ermənistanda İran qoşunlarından istifadə Moskva-Tehran razılaşmasından asılı olacaq” – Kiviryanbackend

"Ermənistanda İran qoşunlarından istifadə Moskva-Tehran razılaşmasından asılı olacaq" - Kiviryan

“İranın öz qoşunlarından istifadə edib-etməyəcəyi Rusiya və İran arasındakı razılaşmalardan asılı olacaq”.

KONKRET.az xəbər verir ki, bunu erməni mediasına müsahibəsində analitik Argişti Kiviryan deyib. O, İran qoşunlarının Ermənistanla sərhəddə istifadəsi ilə bağlı açıqlamasında sərsəmləyib ki, 44 günlük müharibənin qlobal hədəfi Ermənistan deyil, İran idi.

“44 günlük müharibənin anti-İran müharibəsinə çevrilə biləcəyini nəzərə alaraq Azərbaycan bu müharibəni başlayıb. Çünki İranın qlobal blokada problemi var. Bunun üçün tamamilə Ermənistan-İran dəhlizini, Ermənistan-İran sərhədini bağlamaq lazımdır ki, bununla da Azərbaycan Naxçıvana, sonra isə Türkiyəyə birləşəcək.

Yəni, İranda əhalinin 30 faizindən çoxunun türkdilli xalqlar olduğunu və son onilliklərdə orada fəallığın olduğunu nəzərə alsaq, İranı içəridən partlada biləcək türk platforması yaradılacaq. Bundan əlavə, bu fəaliyyət həm də Qarabağ müharibəsində Azərbaycanın qələbəsi ilə əlavə güc alıb. Son vaxtlar Təbrizdə anti-İran qiyamının hazırlandığı da sirr deyil”, – o deyib.

Onun sözlərinə görə, İran bütün bunları yaxşı başa düşür və anlayır ki, Ermənistanla sərhəd bağlananda İran işğal olunacaq.

“İranın yüksək rütbəli məmurları və generalları Ermənistanın min illik sərhədinin dəyişdirilə bilməyəcəyini, regionda sərhədlərin dəyişdirilməsinə imkan verməyəcəklərini bəyan edirlər. Sözün əsl mənasında, İranın kəskin bəyanatlarının səbəbi budur. Qafqazda müharibə İrana qarşı yönəlib.

Başqa sözlə, hədəfdə olduqlarını açıq şəkildə bildirirlər. Ona görə də ilk dəfə deyil ki, Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərginləşir, İran sərhədə qoşun yığır. Bu dəfə buna paralel olaraq Türkiyə də sərhədə qoşun yeridib və İranı heç bir şəraitdə kəskin addımlar atmamağa məcbur etməyə çalışır”, – deyə Kiviryan bildirib.

Bu kontekstdə Ermənistanın maraqlarından danışan Argişti Kiviryan əlavə edib ki, Qərb Ermənistanın maraqlarını hərbi yolla müdafiə etməyəcək.

“Qərb bu regionda öz problemlərini, o cümlədən Ermənistanın maraqları hesabına həll etməklə məşğuldur, Rusiya isə Ukrayna ilə məşğuldur və indi kifayət qədər çətin vəziyyətdədir. Azərbaycanda müəyyən Rusiya “qorxusu” qalsa da, lakin Azərbaycan artıq 2020-ci ildə və ya 10 il əvvəlki kimi Rusiyadan ehtiyatlanmır”, – erməni analitik deyib.

İranın öz qoşunlarından istifadə edib-etməyəcəyi sualını cavablandıran ekspert qeyd edib ki, bu, müəyyən dərəcədə Rusiya-İran razılaşmalarından asılıdır. O, istisna etmir ki, Rusiya Ukraynada bu ağır vəziyyətdə olduğu üçün İrandan Ermənistanı müəyyən müddətə öz himayəsinə götürməsini istəyib.

“İstisna etmirəm ki, belə danışıqlar, razılaşmalar olub. İndi İranın daha qətiyyətli addım atması üçün təkcə Moskvadan icazə alması, icazə yox, dəstəyinin olması lazımdır. Bir çox cəhətdən bu, ona görə mümkündür ki, biz son vaxtlar fəal Rusiya-İran hərbi əməkdaşlığını müşahidə edirik.

Xüsusən də İran Rusiyanı hücumçu dronları ilə təmin edir. Son günlər Qərb mətbuatında bu dronlardan səmərəli istifadə olunması ilə bağlı fikirlər, video və fotolar yayımlanır. Bu pilotsuz təyyarələr Qərbin təqdim etdiyi təsirli zərbə aktivlərini, xüsusən HIMARS və digər sistemləri zərərsizləşdirməyə qadirdir.

İndiki halda hər şey Rusiya ilə İran arasında əldə edilən qaranlıq razılaşmalardan, eləcə də Türkiyəni nə qədər dayandırmağa çalışa biləcəklərindən asılı olacaq.

Çünki sonda başa düşməlidirlər ki, Azərbaycanın aqressiv addımlar atması ancaq Türkiyə ilə razılaşaraq və onun dəstəyi ilə olacaq. Ona görə Rusiya ilə İran Türkiyəni dayandırmalıdır”, – deyə Kiviryan çərənləyib.

O qeyd edib ki, daha fəal hərəkət etmək üçün İran Ermənistanı müttəfiqi, əməkdaşlıq edə biləcəyi qüvvələr kimi görməlidir:

“Bu, İran üçün, eləcə də başqa əraziyə nüfuz etməyə çalışan istənilən dövlət üçün çox vacibdir. Ermənistanda belə qüvvələr yoxdur. Hətta İrəvanda anti-İran Qərbin bu və ya digər fiquru bura gələndə çox ruhlanırlar. Burada elə bir sevinc var idi ki, yetər ki, onlar peyda olub bəyanat versinlər, “soyqırım” memorial kompleksinə gül qoysunlar, bir neçə cəsarətli ifadələr desinlər, bundan sonra erməni tərəfi oriyentasiyasını itirir”.

Kiviryan qeyd edib ki, Azərbaycanın Qərbdən qorxacağı heç nə yoxdur. O, yalnız real hərbi hücum edə biləcək və ya ona hərbi təhlükə yarada biləcək ölkədən qorxa bilər. Bu baxımdan, Rusiya indi zəifləmiş vəziyyətdə olmasına baxmayaraq, İran və Rusiya misal ola bilər.

“Qalanları, nə bəyanatlar versələr, nə qərarlar qəbul etsələr də, Azərbaycana zərər vermək istəmirlər. Sakitcə susurlar, çünki gəlib ondan neft, qaz alacaqlar, hətta pərdə arxasında soruşacaqlar: necə kömək edə bilərik?”, – deyə o, fikrini yekunlaşdırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*