Bu dəfə Ermənistanın fəaliyyət göstərən müxalif “Adekvad” partiyasının rəhbəri Artur Danilyan həbs edilib.
KONKRET.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Xəbərdə deyilir ki, Artur Danilyan Qarabağda vuruşan könüllü dəstənin komandiri olub.
Göründüyü kimi Azərbaycan Ordusu tərəfindən məğlub edilmiş işğalçı Ermənistanda bu gün daxili vəziyyət çox gərgindir. Ölkədə hakimiyyətə qarşı etiraz aksiyaları davam edir. Nikol Paşinyan qurduğu diktatura rejiminin demokratikliyinə dair imitasiya imkanlarını itirib. Ölkəsini fəlakətə məhkum etmiş rəhbər kimi onu ittiham edən bütün müxalifət nümayəndələrini həbsə atdırır. Onlara təzyiqlər və təhdidlər olunur. Ermənistanda daxili gərginliyin yaranacağı labüd idi. Uzun illərdir ki, daxildə baş verənləri ölkə rəhbərliyi gizlətməyə çalışsa da, reallıq artıq özünü tamlığı ilə büruzə verdi. Dövlət başçısı ilə məmurların, hökumətin digər qurumlarının, vətəndaşların arasında olan qarşıdurmalar xalqın həyat tərzini, yaşam səviyyəsini aşağı salıb. Paşinyanın həyata keçirdiyi siyasət həm xalqı qane etmir, həm də ölkədə mövcud olan həyat tərzinin pisləşməsinə şərait yaradıb. Populist vədlər verərək hakimiyyətə gələn Paşinyan mövcud reallıqlardan uzaq hərəkətləri, vədləri və çıxışları ilə özünün sonunu yaxınlaşdırdı.
