Ətin qiyməti dəyişəcək — Yeni qaydabackend

Ətin qiyməti dəyişəcək — Yeni qayda

Azərbaycanda kəsimxanalarda iribuynuzlu heyvan kəsiminə subsidiya və vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur. Məqsədin həm bu sahədə fəaliyyət göstərən sahibkarların dəstəklənməsi, həm də sanitariya və qida təhlükəsizliyi standartlarına uyğun kəsim prosesinin genişləndirilməsi olduğu bildirilir. Bu addım qeyri-rəsmi kəsimlərin azalmasına və bazarda daha şəffaf mexanizmlərin formalaşmasına təsir göstərə bilər.

KONKRET.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc Demokrat.az-a açıqlamasında deyib ki, subsidiya və vergi güzəştləri kəsimxanalara və ümumiyyətlə iri buynuzlu heyvan kəsiminə çox müsbət təsir göstərəcək:

“Bu istiqamətdə fəaliyyət göstərən sahibkarların yükünün azaldılması və onların fəaliyyətinin dəstəklənməsi baxımından bu, çox ciddi addımdır. Lakin burada bir nüans nəzərə alınmalıdır ki, hazırda bu sistemin tətbiqində ciddi problemlər mövcuddur. Monitorinqlər aparılmalı və nəzarət mexanizmləri tətbiq olunmalıdır. Çünki bir çox hallarda ət kəsimxanaları formal xarakter daşıyır. Sahibkarlar sadəcə orada formal qeydiyyatdan keçərək prosesi yönləndirirlər. Bu isə qida təhlükəsizliyinin təmin olunması və kəsimin mərkəzləşdirilməsi baxımından uğurlu nəticələrin əldə edilməsinə ciddi maneələr yaradır. Nəzarət mexanizmlərinin tətbiqi subsidiyalar və vergi güzəştləri ilə paralel şəkildə dəstəklənməlidir. Vergi güzəştləri sahibkarlığın inkişafı üçün olduqca vacib faktordur və ən azı müəyyən müddət ərzində bazarda qiymətlərin sabit saxlanmasına, qiymət artımının qarşısının alınmasına təsir göstərə bilər. Bu proses formal xarakter daşımamalıdır. Ciddi nəzarət olmalıdır ki, sahibkarlar həm subsidiyalardan, həm də vergi güzəştlərindən istifadə etməklə yanaşı, real olaraq ət kəsimxanalarında fəaliyyət göstərsinlər. Yəni bütün iri buynuzlu mal-qaranın kəsimi məhz kəsimxanalarda həyata keçirilməlidir. Dövlətin burada əsas məqsədi ilk növbədə qida təhlükəsizliyini təmin etmək, ikinci isə mərkəzləşdirilmiş kəsim siyasətini həyata keçirməkdir. Hər iki məsələ ölkədə istehlakçıların keyfiyyətli ətlə təmin olunması baxımından ciddi nizam yarada bilər”.

O qeyd edib ki, qeyri-rəsmi bazar bununla tənzimlənə bilər və ümumi nəzarət qida təhlükəsizliyinin təmin olunmasına xidmət edər:

“Eyni zamanda sahibkarlıq subyektləri vergi güzəştləri hesabına bu istiqamətdə fəaliyyətlərini daha da genişləndirə bilərlər. Hazırda ölkəmizdə ət qıtlığı mövcuddur. Bununla bağlı xaricdən idxal həyata keçirilir. Lakin logistik xərclər və qonşu ölkələrdə ətin bahalaşması nəticəsində ölkəyə gətirilən məhsulun maya dəyəri yüksəlir. Bu isə bazarda qiymət artımına səbəb olur. Tələbatın yüksək olması da burada mühüm rol oynayır. Azərbaycanlıların qida rasionunda ət əsas yerlərdən birini tutur. Bu baxımdan yüksək tələbat və idxaldan asılılığın artması qiymətlərin ciddi şəkildə yüksəlməsinə gətirib çıxarır.

Qida təhlükəsizliyi standartlarına əməl olunması şərtilə kəsimin mərkəzləşdirilməsi baxımından bu qərar olduqca mühüm əhəmiyyət daşıyır. Dövlət tərəfindən subsidiyaların ayrılması və vergi güzəştlərinin tətbiqi kəsimxana fəaliyyətinin inkişafına və ət bazarının tənzimlənməsinə səbəb ola bilər. Bu isə hər bir dövlət üçün vacib məsələdir. Çox hallarda xəstə heyvanların və ya mənşəyi bilinməyən ət məhsullarının daxili bazara daxil olmasının qarşısı da bununla alına bilər. Qida bazarına nəzarət ölkənin milli təhlükəsizlik məsələləri içərisində mühüm yer tutur. Bu addım sahibkarlığın inkişafı ilə yanaşı, ət bazarında sabitləşdirici və tənzimləyici funksiyanı da yerinə yetirə bilər. Eyni zamanda qiymətlərə nəzarət imkanlarının yaranmasına səbəb olar. Bu qərar vacib və önəmlidir. Əgər proses formal xarakter daşıyacaqsa, sahibkarlar yalnız kağız üzərində kəsimxanalarda qeydiyyatdan keçəcək, laboratoriyalardan rəsmi sənədlər alacaq, möhür vasitəsilə ətin sağlamlığını və mənşəyini təsdiqləyərək sadəcə vergi güzəştlərindən və subsidiyalardan yararlanmağa çalışacaqlarsa, bu, ciddi nəticələr verməyəcək”.

O diqqətəçatdırıb ki, ilk növbədə monitorinq və nəzarət sistemi tətbiq olunmalıdır:

“Kəsimxanalar real fəaliyyət göstərməli, gigiyenik və sanitar qaydalara əməl edilməlidir. Azərbaycan əhalisi təmiz, keyfiyyətli və sanitar normalara uyğun şəraitdə kəsilmiş ətlə təmin olunmalıdır. Eyni zamanda yerli ət bazarı və iri buynuzlu mal-qara sektoru inkişaf etməli, ölkə idxaldan asılı vəziyyətdə qalmamalıdır. Bu qərar həm insanların sağlamlığı, həm qida təhlükəsizliyi, həm də ət və iri buynuzlu mal-qara bazarının inkişafı baxımından çox mühüm əhəmiyyət daşıyır. Çünki bizdə də məlumatlar var ki, bir çox yerlərdə proses formal xarakter daşıyır və bu səbəbdən dövlətin qarşıya qoyduğu məqsədlərə çatmaqda müəyyən problemlər yaranır. Buna görə də nəzarət və monitorinq proseslərinin davamlı, hərtərəfli və ardıcıl şəkildə aparılması vacib elementlərdən biridir”.

Yeni qərar mənşəyi bilinməyən və xəstə heyvan ətlərinin satışa çıxarılmasının qarşısını alacaq. Dövlətin əsas hədəfi əhalini keyfiyyətli məhsulla təmin etməkdir. Layihənin kağız üzərində qalmaması üçün davamlı monitorinqlər aparılmalı, kəsimxanalar real olaraq gigiyenik qaydalara uyğun fəaliyyət göstərməlidir. Bu yanaşma yerli heyvandarlıq sektorunu inkişaf etdirərək ölkəni idxal asılılığından qurtara bilər.

Yəni, kəsimxanalar üçün nəzərdə tutulan vergi və subsidiya güzəştləri sayəsində ətin qiyməti sabitləşəcək, heyvanlar baytar nəzarəti altında kəsiləcək və vətəndaşlar mağazalardan tam təhlükəsiz, təmiz ət ala biləcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*