“İsrail Azərbaycanla həmrəydir, İran isə həmişə həm Ermənistanla çiyin-çiyinə olub”.
KONKRET.az xəbər verir ki, bu fikirlər erməni müəllif Qalust Qriqoryanın məqaləsində yer alıb:
“İsrail həmişə yaşamaq üçün təhlükəli yer olub və belə də qalır. İlk növbədə yəhudilərin özləri üçün. Təəssüf ki, İsrail dövləti erməni xalqı ilə çiyin-çiyinə olmaqdan imtina edib, Azərbaycanla dost münasibətləri qurub. İsrail Ermənistanı yox, Azərbaycanı seçib O, Bakını silahla təmin edir və lobbiçilik xidməti göstərir. Azərbaycan dünyada yəhudi lobbisinə arxalanır”, – erməni analitik öz xislətinə uyğun şəkildə analiz edib.
HAŞİYƏ: Bəli, Azərbaycan və İsrail dost ölkədir. İsrail hər zaman rəsmi Bakının siyasətini dəstəkləyib. Doğrudur, biz 44 günlük müharibədə İsraildən aldığımız dronlarla müharibədən qalib tərəf kimi ayrıldıq və torpaqlarımızı erməni işğalından azad etdik. Bütün bunlar danılmaz faktlardır və Azərbaycan-İstrail dostluğu Ermənistanı, eləcə də onun havadarı olan İran rejimini bərk narahat edir. İslam pərdəsi altında gizlənən İran müsəlman Azərbaycan dövlətini dəstəkləməkdənsə, xristian və işğalçı Ermənistanın tərəfini tutur.
Görünür İranın planı əsasında Azərbaycan səfirliyində törədilən terror aktına görə dünya dövlətlərinin Tehran rejimini tənqid etməsi və rəsmi Bakını dəstəkləməsi ermənilərə “od qoyub”. Erməni analitikin fikirlərindən bu, açıq-aşkar hiss olunur: “ABŞ Dövlət Departamenti, dünyanın müxtəlif ölkələrinin səfirlikləri və təşkilatları bu hadisəyə siyasi qiymət verməyə başlayıblar. Hətta Rusiya da Azərbaycanın tərəfini tutur. Kreml əslində müttəfiqinə, Ukrayna ordusuna qarşı döyüşməyə kömək edən İrana qarşı çıxır. İranı qınayan ölkələrin xoruna yalnız Ermənistan qoşulmayıb. Ümid edirik ki, qardaş ölkənin rəhbərliyi bunu hiss edib və yüksək qiymətləndirib. İran həmişə Ermənistanla çiyin-çiyinə olub. Və biz bunu həmişə xatırlayacağıq”.
HAŞİYƏ: İran-Ermənistan qardaşlığının növbəti təzahürü Qalust Qriqoryanın fikirlərində özünü aydın şəkildə büruzə verir. Əli hər yerdən üzülən Ermənistanın son ümidi İrana qalıb. İrəvan sadəlövhcəsinə Tehran rejiminin Ermənistana dəstək göstərəcəyinə inansa da, rəsmi Bakı ilə baş etmək fars-molla rejiminin imkanları daxilində deyil. Əksinə müsəlman həmrəyliyindəm dəm vuran İranın iç üzü bütün çılpaqlığı ilə açılıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
