Fransa Şimali Avropaya tarixində ilk dəfə olaraq uzaqmənzilli silah ixrac edəcək.
KONKRET.az xəbər verir ki, Paris İsveçlə ümumi dəyəri 4,3 milyard avro olan miqyaslı razılaşma çərçivəsində özünün məşhur MdCN qanadlı raketlərini bu ölkəyə göndərəcək. Müqavilə “Naval Group” şirkəti tərəfindən Stokolm üçün dörd ədəd müasir Fransa fregatının tikilməsini və təhvil verilməsini nəzərdə tutur.
Amerikanın “Tomahawk” raketlərinin Avropa analoqu adlandırılan MdCN raketi təxminən 1400 kilometrə qədər bəyan edilmiş tətbiq radiusuna malikdir. Qeyd etmək lazımdır ki, təxminən on il ərzində bu silah müstəsna olaraq yalnız Fransa Hərbi Dəniz Qüvvələrinin silahlanmasında olub.
Bu miqyaslı razılaşma İsveç hərbi dəniz qüvvələrinin döyüş imkanlarını kökündən artıracaq. Böyük məsafələrdən yüksək dəqiqlikli zərbələr endirmək üçün nəzərdə tutulan MdCN raketləri ilə yanaşı, Stokolm həm də “Aster 30” hava hücumundan müdafiə sistemləri və digər müasir silah kompleksləri əldə edəcək.
Natiq Səlim,
KONKRET.az
