Fövqəladə Hallar Nazirliyi Gəncədə baş verən partlayışla bağlı məlumat yayıb.
Nazirliyinin mətbuat xidmətindən KONKRET.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Fikrət Əmirov küçəsi, 4 ünvanında yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub:
“Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 54kv.m olan ikiotaqlı mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib”.
Məlumatda qeyd edilib ki, hadisə nəticəsində xəsarət alaraq mənzildə köməksiz vəziyyətdə qalan 1940-cı il təvəllüdlü Orucova Tavlina Şamilovna yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Partlayış nəticəsində mənzilə və binanın qarşısında park edilmiş üç avtomobilə ziyan dəyib.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
Gəncədə evdə qaz sızması nəticəsində partlayış olub.
KONKRET.az xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.
Partlayış zamanı 84 yaşlı Orucova Paxlinanın yüngül xəsarət aldığı bildirilir.
Hadisə yerinə FHN-in əməkdaşları və təcili-tibbi yardım briqadası cəlb olunub. Partlayışın təsirindən mənzilin pəncərələri qırılıb, nəticədə binanın qarşısında dayanmış “VAZ 2107” markalı avtomobilə ziyan dəyib.
Araşdırma aparılır.(apa)