Gənclər niyə ürək xəstəliyinə tutulur? – Rəşad Mahmudovbackend

Gənclər niyə ürək xəstəliyinə tutulur? – Rəşad Mahmudov

Ötən gün gənc jurnalist Bəxtiyar Səfərovun ürək tutmasından vəfat etmə xəbəri hər kəsi sarsıtdı. Son zamanlar ürək tutmasından gənc yaşda vəfat etmə ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. Ölkəmizdə ürək xəstəliyinin gənclər arasında artmasına hansı amillər səbəb olur?

KONKRET.az-ın məlumatına görə, tanınmış ürək-damar cərrahı, millət vəkili Rəşad Mahmudov Axar.az-a açıqlamasında bildirib ki, gənclərin ürəktutmasından vəfat etməsi ölkədə ürək xəstəliklərinin gənclər arasında kəskin artması anlamına gəlmir.

“Bunun üçün əlimizdə müqayisəli statistik analiz yoxdur. İnsanları sağlam həyat tərzinə dəvət edirik. Ürək-damar xəstəlikləri bu gün ölümə və əlilliyə gətirib çıxarma xüsusiyyəti ilə digər xəstəliklərlə müqayisədə birinci yeri tutur. Dünya üçün bu xəstəlik hələ də ciddi səhiyyə problemi olaraq qalır. Təəssüf ki, ürək-damar xəstəliklərinin nisbətən gəncləşməsi ilə qarşı-qarşıyayıq. Buna səbəb olan əsas amillərdən biri xüsusən son illərdə sosial şəbəkələrdən istifadənin arzu olunmayacaq dərəcədə çoxalması, oturaq həyat tərzidir”, – həkim bildirib.

R.Mahmudov qeyd edib ki, insanların aktiv həyatdan daha çox passiv həyata yön dəyişdirməsi, son dövr ərzində dünyada baş vermiş pandemiya ilə əlaqədar qadağaların gətirmiş olduğu hərəkətsizlik problemləri də xəstəliyin artmasına səbəb olan amillərdir:

“Gündəlik qidalanmada təbii qidaların yerinə süniləşmiş və ya genetikası dəyişdirilmiş qida məhsullarının yer alması da bu xəstəliyin yaranmasına səbəb ola bilər. Tibbin inkişafı hazırda bu problemin daha tez aşkarlanmasına şərait yaradır. Bu xəstəliyə məruz qalmamaq üçün həftədə ən azından 4-5 dəfə 1 saatdan az olmayacaq şəkildə aktiv yürüş etmək, mümkün qədər idmanla məşğul olmaq, ağırlıq verən və narahatlıq yaradan qidalardan uzaq qalmaq, axşam saatlarında ağır yeməklərdən istifadə etməmək məsləhətdir. Zərərli vərdişlər, ən başlıcası isə siqaretdən uzaq qalmaq, alkoqollu içkilərin miqdarını azaltmaq və mümkünsə istifadə etməmək, həyata xoş duyğu və sevgi ilə baxmaq insanların gələcəkdə ürək-damar xəstəliklərinə məruz qalma ehtimalını azaldacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*