Heydər Əliyev katibə zəng edib dedi ki… – “KQB”-yə anonim məktublar yazılırdıbackend

Heydər Əliyev katibə zəng edib dedi ki... - “KQB”-yə anonim məktublar yazılırdı

Jalə Mütəllimova

Atam danışır ki, sovetlər dönəmində Zərdab rayonunun katibi var idi, Qalası Cəfərov. Gənc olsa da, atam onun az sayda güvəndiyi kadrlardan imiş. Deməli, Kür daşıb, bəndi yarıb. Katib hamı kimi daşqına qarşı mübarizəyə girişib. Güclə də olsa, daşqının qarşısı alınıb. Kişi baxıb ki, rayonun nataraz adamları, varlı-hallı idarə rəhbərləri, “Kür daşdı” xəbərini eşidən kimi qızıl, zayon, izbrikassa kitabçası və arvad-uşağını yığıb qaçıb rayondan. Atam deyir üst-başı palçıqlı Cəfərov gəldi kabinetinə. İlk işi  qaçan “kişilərin” əmrini verib işdən çıxarmaq oldu. Ardıyca onların Kommunist Partiyasından uzaqlaşdırılması məsələsini qaldırdı. Atam deyir, Cəfərov əynini dəyişmədən, o vəziyyətdə saatlarla qırmızı telefonun yanında, qorxudan donmuş vəziyyətdə oturdu. Çünki bir rayonun vəzifəlilərinin demək olar hamısını bir əmrlə silib, bunun arxasında dayanmaq ağır iş idi. O üzdən atamgilə deyib, getməyin, ola bilər gəlib məni də apararlar, barı siz şahid olun hər şeyə. Beləcə xeyli  gözləyiblər. Və qırmızı telefon zəng çalıb, xətdə Heydər Əliyev özü olub. Və deyib ki, “əcəb eləmisən, güllələnəsi şərəfsizdirlər. Kişi evini qoyub qaçırsa, o, adam ola bilməz”.

Məsələ bu ki, dövlət dəstəkləsə də, Qalası Cəfərov müəmmalı şəkildə qəza keçirib, dünyasını dəyişənəcən, “tülkülər” ondan və yanındakı beş-üç gənc kadrdan “KQB”-yə, Mərkəzi Komitəyə anonim məktublar yazırdılar. Uzun illər həyətimizdə kimlərinsə axtarış aparmasına şahid olurduq. Atam da deyərdi, oğru axtarırlar, qızım, qorxmayın.

Yəni, vicdanlı, əqidəli, əxlaqlı adamlar bütün dönəmlərdə olub, var və olacaq. Bütün dönəmlərdə dövləti çiyinlərində o adamlar daşıyıb. Əziyyətləri çox, qazancları az.

Bu arada Qalası Cəfərov və atamgildən anonim yazanların balaları arasında indi də vəzifədə qalanlar var Zərdabda. Arada adları indiki dönəm üçün cinayət sayılan əməllərdə də hallanır.

Deməm o ki, dövran dəyişər, soy, qan, kök dəyişməz…

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*