Kənd təsərrüfatı üzrə mütəxəssis Nicat Nəsirli özünün facebook səhifəsində fermerlərə müraciət edib. Konkret.az Nicat Nəsirlinin sözlərini təqdim edir: “Heyvanlar uzun müddət qızmar Günəş altında saxlandıqda Günəşin düz şüaları baş beyin və onurğa beyində yerləşmiş mərkəzləri fəaliyyətdən salır. Heyvanların uzun müddət istirahətsiz ağır işdə işlədilməsi, içməli suyun çatmaması, piylənmə, ürək-damar sistemində qüsurlar, heyvanın başı aşağı çox bağlı saxlanması kimi hallar günvurma xəstəliyinin əmələ gəlməsinə şərait yaradır. Uzun müddət tövlədə saxlanıb az hərəkət edən, habelə şimal ölkələrindən gətirilmiş heyvanlar günvurmaya daha tez məruz qalır. Günvurma zamanı əvvəlcə heyvanda ümumi zəiflik, həyacanlanma, tənəffüsün tezləşməsi, tərləmə, əzələ tonusunun aşağı düşməsi, yeriyərkən büdrəmək kimi əlamətlər görünür, bəzən bədənin ümumi temperaturu yüksəlir. Proses ağır formada olduqda heyvan özündən gedib yıxılır, bəbəkləri genəlir, refleksləri kəskin surətdə zəifləyir.
