ABŞ-ın İranın şərtlərini rədd etməsi fonunda Yaxın Şərqdə gərginlik yeni mərhələyə qədəm qoyub. Xüsusilə dünya enerji bazarının “boğazı” hesab edilən Hörmüz boğazı ilə bağlı suallar yenidən aktuallaşıb: bu strateji keçid kimə məxsusdur və gələcəkdə hansı ssenarilər mümkündür?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, ABŞ-ın İranın şərtlərini rədd etməsindən sonra Hörmüz boğazı ətrafında vəziyyət qeyri-müəyyən olaraq qalır.

Onun sözlərinə görə, hüquqi baxımdan beynəlxalq su yolu hesab edilən bu strateji keçid faktiki olaraq uzun müddətdir İranın nəzarəti altındadır. Tehran bəzi hallarda gəmilərin keçidinə məhdudiyyətlər tətbiq edir, xüsusilə ABŞ və İsrailə yaxın ölkələrə məxsus gəmilərə qarşı daha sərt mövqe nümayiş etdirir. Bəzi hallarda isə keçid yalnız İranın icazəsi ilə mümkün olur.
Ekspert vurğulayıb ki, Hörmüz boğazının bağlanması və ya məhdudlaşdırılması qlobal iqtisadiyyata ciddi təsir göstərir. Belə ki, dünya neftinin təxminən 20–25 faizi məhz bu marşrut vasitəsilə daşınır. Bu səbəbdən boğazda yaranan istənilən gərginlik enerji qiymətlərində kəskin artıma səbəb olur. Son dövrlərdə neft qiymətlərində müşahidə olunan artım da məhz bu risklərlə əlaqələndirilir.
- Əmrəliyev qeyd edib ki, ABŞ-ın əsas məqsədi Hörmüz boğazında sərbəst hərəkəti təmin etməkdir. Vaşinqton bu istiqamətdə həm siyasi, həm də hərbi vasitələrdən istifadə etməyə çalışır və müttəfiq ölkələrə dəstək çağırışları edir. Bununla yanaşı, gələcəkdə boğaz üzərində beynəlxalq nəzarət mexanizminin yaradılması və ya region ölkələrinin iştirakı ilə koalisiya idarəçiliyi variantı da müzakirə olunur.
Ekspert əlavə edib ki, Fars körfəzi ölkələri məsələyə ehtiyatla yanaşır. Neftlə zəngin bu dövlətlər üçün hərbi qarşıdurma riski iqtisadi sabitliyə ciddi təhdid yaradır. Bu səbəbdən onların mümkün əməliyyatlarda iştirakı ilə bağlı tərəddüdlər qalmaqdadır.
Mövcud vəziyyət göstərir ki, Hörmüz boğazı ətrafında qarşıdurma riski hələ də yüksəkdir və bu strateji keçid üzərində nəzarət məsələsi yaxın dövrdə beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalacaq.
Aynurə İsmayıl
KONKRET.az
